SON XƏBƏRLƏR

AZƏRBAYCANI MÜHARİBƏYƏ SÜRÜKLƏYİRLƏR

2021.10.20, 07:36
AZƏRBAYCANI MÜHARİBƏYƏ SÜRÜKLƏYİRLƏR

Gunaz.tv
Amerikalı generalların Bakıya səfəri intensivləşir Vaşinqton İrana qarşı mümkün hərbi əməliyyatlarda şiə ölkələrinin dəstəyinə ümid edir ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi haqda mövzu yenidən aktuallaşıb. Bir müddət öncə Buş administrasiyası İrana qarşı müharibə hədələrindən geri çəkilərək, bu ölkənin nüvə proqramları ilə barışmış kimi görünürdü. Lakin son bir-iki ayda vəziyyət, daha doğrusu, ABŞ-ın İrana münasibətdə istifadə etdiyi ton daha da sərtləşib. Eyni zamanda xarici informasiya mənbələri bir-birinin ardınca gah ABŞ-ın, gah da onun Yaxın Şərqdəki müttəfiqi İsrailin İrana qarşı hərbi zərbələr endirməyə hazırlaşdığı haqda məlumatlar yayır. Bu məsələ bir neçə gün əvvəl İsrail baş naziri Ehud Olmertin Vaşinqtona səfəri zamanı prezident Corc Buşla da müzakirə olunub. Məlumatlara görə, yəhudi lobbisi Buş administrasiyasına İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün güclü təzyiq edir. Nəhayət, Buş özü son Avropa turnesinə çıxmazdan əvvəl İtaliya telekanalına müsahibəsində dedi ki, İrana qarşı hərbi əməliyyatlar onun masası üzərindəki variantlardan biridir. Bu mesajı Buş dünən Almaniyada da təkrarlayıb. O, hələlik İrana qarşı Avropa ölkələri ilə birlikdə əlavə maliyyə sanksiyaları tətbiq etməklə Tehranı yola gətirmək istəyir. Müxtəlif mənbələrdən yayılan məlumatlar isə onu göstərir ki, Buşun prezidentliyinin son aylarında İrana qarşı hərbi zərbələrə start verilməsi mümkündür. Bu baxımdan bir daha ABŞ-ın mümkün İran əməliyyatlarının Azərbaycana yarada biləcəyi təhlükələr gündəmə gəlir. Xüsusən ona görə ki, Amerikanın mühafizəkar çevrələrində İranla bağlı qurulan planlarda Azərbaycanın da adı yer alır. Elə bu günlərdə ABŞ-ın Yaxın Şərq siyasətinin müəyyənləşdirilməsində rolu olan nüfuzlu respublikaçı konqresmen Mark Kirk Türkiyənin “Akşam” qəzetinə verdiyi müsahibədə bunu təsdiq etdi. Kirk deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ancaq bu ölkənin İsrailə və ya ABŞ-ın müttəfiqi olan körfəz ölkələrinə hücum etməsi halında gündəmə gələ bilər: “Bu zaman ABŞ Türkiyədən yox, Azərbaycan, Bəhreyn və Küveytdən yardım gözləyəcək. Türkiyədən gözlədiyimiz isə o olacaq ki, heç nəyə qarışmasın”. M.Kirk deyib ki, hərbi əməliyyatların ən son variant olduğu haqda ABŞ administrasiyasında hər kəs həmrəydir. Olduqca maraqlıdır ki, Kirkin söz açdığı ölkələrin hər üçündə şiələr çoxluq təşkil edir. Bu isə göstərir ki, ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlara digər müsəlman ölkələrindən, o cümlədən sünnülərin çoxluq təşkil etdiyi Türkiyədən daha çox Azərbaycan, Bəhreyn və Küveyt kimi şiə ölkələrinin dəstəyini təmin etmək planları qurur. Əgər bu dəstəyi təmin etmək mümkün olsa, o zaman ABŞ İrana hücumda məqsədinin heç də İslam dünyasına qarşı savaşmaq olmadığını sübuta yetirmək üçün önəmli arqument qazanardı. Yəni ABŞ deyə bilərdi ki, baxın, İrana qarşı kampaniyaya elə şiə ölkələri dəstək verir və məqsəd bu ölkənin nüvə təhdidini aradan qaldırmaqdır. Qeyd edək ki, ABŞ-ın Bəhreyn və Küveytdə hərbi bazaları var. Bəhreyndə Amerikanın Mərkəz Komandanlığının qərargahı və İran körfəzinə göndərilən təyyarədaşıyanların daxil olduğu 5-ci donanmanın bazası yerləşir. Küveytdə isə Amerika Hərbi-Hava Qüvvələrinin bazası var. Bu ölkələrə tez-tez yüksək rütbəli Amerika rəsmiləri səfər edir. Bu yaxınlarda vitse-prezident Dik Çeyni bölgədə olub. Bəhreyn və Küveyt rəhbərliyi İran təhlükəsindən narahat olduqlarını desələr də, hələlik öz ölkələrinin ərazisindən İrana qarşı mümkün hücumlarda istifadəyə yol verməyəcəklərini bildirirlər. Ancaq bu mövqe hələlik qüvvədədir; bu ölkələrin rəhbərlərinə Vaşinqtonun təsiri böyükdür və mümkündür ki, həlledici məqam yetişəndə ABŞ təyyarələri İranı vurmaq üçün Küveytdən havaya qalxacaq, əməliyyatlar isə Bəhreyndən idarə olunacaq. ABŞ Küveyt və Bəhreynlə İrana dair neçə vaxtdır müzakirələr aparır. Maraqlı faktdır ki, ABŞ-ın bu ölkələrlə İrana dair intensiv müzakirələr apardığı bir vaxtda Azərbaycan da Bəhreyn və Küveytlə təmasları genişləndirib. Başqa tərəfdən, ABŞ Azərbaycanın özü ilə də İrana dair danışıqlar aparıb və aparmaqdadır. Amerika generalları bir-birinin ardınca Bakıda səfərdə olur. Elə Amerika Hərbi-Dəniz Qüvvələrinin admiralı bir gün əvvəl Bakıda olub və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb. İlk baxışdan deyilə bilər ki, Azərbaycana Amerika generallarının tez-tez səfər etməsi təəccüblü deyil, iki ölkə arasında hərbi tərəfdaşlıq əlaqələri var və bir sıra ikitərəfli təhlükəsizlik proqramları həyata keçirilir. Bunlar həqiqətdir, amma o da həqiqətdir ki, Amerika Azərbaycanda hərbi platsdarm yaratmaq və bundan İrana qarşı mümkün əməliyyatlarda istifadə etmək istəyir. Məsələn, Pentaqon Azərbaycanda iki hərbi aerodromu modernləşdirib, İranla sərhəddə kiçik diapazonlu radar qurğusu yerləşdirib, Xəzərdə Azərbaycan donanması üçün xüsusi təyinatlılar hazırlayır və digər işlər görür. Bu işlərin bir çoxu ictimaiyyətə məlum olmur, yaxud mahiyyəti açıqlanmır. Doğrudur, Azərbaycanla İran arasında bir ölkənin ərazisindən digərinə qarşı istifadəyə yol verməmək haqda saziş var. Lakin ABŞ-ın Azərbaycanda hərbi iştirakını genişləndirməyə çalışması da faktdır və həlledici məqamda nəyin necə olacağını təxmin etmək xeyli çətindir. Yekunda onu da qeyd edək ki, İran tərəfi dəfələrlə açıq və gizli şəkildə Azərbaycan hakimiyyətini hədələyib, olası müharibə vəziyyətində ABŞ-ın Azərbaycandakı nöqtələrinə raket zərbəsi endirə biləcəyini bildirib. Bütün bunlar Azərbaycanın istəmədiyi halda müharibə avantürasına cəlb edilməsi və ölkəmizin kənar dövlətlərin savaş sahəsinə dönməsi ilə nəticələnə bilər. Hansı ki, gənc Azərbaycan dövlətinə bütün bunlar qətiyyən lazım deyil. Siyasət şöbəsi

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar