SON XƏBƏRLƏR

Davudoğlu: Gəlin, arxivləri açaq, üz-üzə oturub hər şeyi müzakirə edək

2021.10.20, 07:36
Davudoğlu: Gəlin, arxivləri açaq, üz-üzə oturub hər şeyi müzakirə edək

Gunaz.tv
GünAzTv: “Amerika Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qərarı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin dayanması riskini yaradıb”. APA-nın “Habertürk” və “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O bildirib ki, üçüncü tərəflərin müdaxiləsi normallaşma prosesinə mənfi təsir edir: “Amerikanın qəbul etdiyi qərar türklərlə ermənilərin böyük tarixi barışını əngəlləməkdədir”. Ə. Davudoğlu Türkiyənin protokolların ratifikasiyası prosesini yavaşlatdığına dair tənqidləri də rədd edib: “Protokollar oktyabrın 10-da imzalandı və biz ayın 19-da sənədləri parlamentə göndərdik. Ermənistan bizim atdığımız addımı 4 aydan sonra atdı. Biz hökumət olaraq üzərimizə düşəni etmişik. Bunda sonra təşəbbüs parlamentin əlindədir. Biz parlamentin işinə müdaxilə edə bilmərik”. “Hürriyet “ yazdığına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünya ermənilərinə də çağırış edib: “Gəlin, üz-üzə oturub hər şeyi müzakirə edək. Tarix yazmağı üçüncü ölkələrə həvalə etməyək. Amerikada qəbul edilən qərar bu yolun nə qədər yanlış olduğunu göstərdi. Bir səs “hə” deyil, “yox” ola bilərdi. Tarixə bu qədər qeyri-ciddi münasibət ola bilərmi?” Ə. Davudoğlu ermənilərə çağırışında tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə Türkiyənin daha əvvəl irəli sürdüyü təklifi təkrarlayıb: “Parlamentlər vasitəsilə tarixi hökm vermək yerinə, gəlin üz-üzə danışaq, arxivlərimizi açaq. Bunun əvəzinə parlamentlər vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışmaq Türkiyəni tanımadığınızı göstərəcək. Türkiyə heç vaxt təzyiqlərə boyun əyməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar