SON XƏBƏRLƏR

Qafqazda hər şey tükdən asılıdır

2021.10.20, 07:36
Qafqazda hər şey tükdən asılıdır

Gunaz.tv
GünAzTv: Gürcüstanın xarici işlər naziri Qrirol Vaşadze dünən bəyan edib ki, Rusiyanın Gürcüstan ərazisindən Ermənistana silah, sursat və hərbi texnika daşıması mümkün deyil. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun narahatlığını anladığını deyən Vaşadze bu fikrini xüsusi vurğulayıb: "Tam məsuliyyətlə söyləmək istəyirəm ki, Yuxarı Lars sərhəd məntəqəsindən bir güllə də keçməyəcək". Gürcüstan-Rusya sərhədindəki Yuxarı Lars məntəqəsi martın 1-də açılıb. Məntəqənin açılışından bir neçə gün sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov narahatlığını ifadə edib. Nazir bu sərhəd məntəqəsindən Ermənistana silah, sursat və hərbi texnika ötürülsə, rəsmi Bakının buna ciddi reaksiya verəcəyini vurğulayıb. Məmmədyarov Gürcüstan ərazisindən Ermənistandakı Rusiya hərbi bazasına hərbi texnika daşınmasına dair Azərbaycanın keçmiş narahatlıqlarını da yada salıb. Gürcüstan parlamentinin müxalifətçi "Xristian-demokrat" fraksiyasının sədr müavini Nika Laliaşvili isə Kazbeqi-Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin açılışına münasibət bildirərkən bunu Gürcüstan hökumətinin fikirləşməmiş addımı adlandırıb. Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə konfliktdə yaşayır və digər ölkələrdə də belə konfliktlərin yaşanmasını istəmir: "Bununla belə Lars barədə fikrim odur ki, heç kim bu məntəqənin açılmasını istəmir. O cümlədən, Kazbeqi rayonunun 5 mindən çox əhalisi də bunu yaxın qoymur. Biz müxalifət partiyası kimi onları dəstəkləyirik. Bu əhalini hökumət də dəstəkləməlidir". Laliaşvili bildirir ki, Yuxarı Larsın açılmasının Gürcüstana, ən başlıcası Kazbeqi rayon əhalisinə heç bir xeyri yoxdur":Burada maksimum yalnız bir əlavə restoran açıla bilər və yaxud yol kənarında bir budka qoyub snikers sata bilərlər. Sərhədin açılması çox təhlükəli bir prosesdir. Burada gözlənilməyən neqativ hadisələr baş verə bilər". APA-nın "Buraxılış məntəqəsində nəzarət zəif olarsa, Ermənistana silah daşına bilərmi?" sualını Laliaşvili belə cavablandırıb: "Lars nəzarət buraxılış məntəqəsi Rusiyanın Gümrüdəki hərbi bazasına görə bağlanmışdı. Bu bazaya bu məntəqədən ərzaq və əsgər formaları və digər hərbi yüklər daşınırdı. Mən silah daşınması barədə söz açmıram. Əgər məntəqə açılarsa, indi də hərbi yüklər buradan keçəcək. Bu məsələ barədə aidiyyatı orqanlar ciddi düşünməli, heç vəchlə buna yol verilməməlidir. Onlar bütün imkanlardan istifadə edib nəzarəti gücləndirməlidirlər ki, hərbi yüklər Gürcüstan ərazisindən keçib Ermənistan ərazisinə, o cümlədən Rusiyanın Gümrü hərbi bazasına daxil olmasın". Nika Laliaşvilinin sözlərinə görə, Rusiyanın Vladiqafqazda QHT-ləri var ki, onları Rusiyanın Federal Təhlükəsizlik şurasının mənbələri maliyyələşdirir: "Rusiya hələ keçən əsrin 90-cı illərindən Gürcüstandan köçmüş etnik azlıqlar olan osetinlərə yalan tarixi məlumatlar verirlər ki, Kazbeqi rayonu Osetiyaya məxsusdur. Onlar qeyd edirlər ki, Mərkəzi Alaniyanı Şərqi Alaniya ilə birləşdirəcəklər. Onların istəyi budur ki, Kazbeqidə olan torpaqları planlı şəkildə alıb kiçik münaqişələr yaratsınlar. Mən demirəm ki, bu, siyasi münaqişədir. Xeyr. Bu sosial-məişət zəmində baş verəcək münaqişələr olacaq və gələcəkdə Rusiyanın hərbi aqressiyasına çevriləcək. Nəticədə Rusiya Kazbeqi torpaqlarını da işğal edəcək. Rusiya cəhd edir ki, mövcud balansı pozsun". Deputat bütün bunların Vladiqafqazda və İrəvanda deyil, Moskvada- Kremldə yazılmış planlar olduğunu bildirib":Biz dəqiq bilirik ki, belə plan mövcuddur. Ümumiyyətlə, Cənubi Qafqazda hər şey tükdən asılıdır ki, münaqişələr başlasın. Çünki hələlik burada stabillik görünmür". *** Yuxarı Lars keçidinin açılışını rəsmi Bakının xoş qarşılamaması təbiidir. Çünki bu nəzarət-buraxılış məntəqəsinin yalnız Rusiya ilə Ermənistan arasında iqtisadi, ticari, o cümlədən hərbi əlaqəni, yükdaşımanı bərpa etmək üçün açıldığı, Moskva və İrəvanın maraqlarına xidmət etdiyi kimsəyə sirr deyil. Gürcü eksperti Giorgi Tavdqiridze sərhəd məntəqəsinin açılışının Rusiyanın Ermənistandakı bazasını hərbi texnika ilə təchizatına imkan yaradacağını bildirib. O bununla Rusiyanın Ermənistanı daha çox nəzarətdə saxlamağa, bötüvlükdə Cənubi Qaqfadakı təsir dairəsini artırmağa imkan verəcəyini deyib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu diqqəti buna cəlb edir ki, Rusiya ilə Gürcüstan arasındakı danışıqlara Ermənistanla yanaşı İsveçrə də vasitəçilik edib":Son zamanlar Ermənistana aid mövzuların altından elə hey İsveçrə çıxır. Türkiyə-Ermənistan protokolları - İsveçrə, Yuxarı Lars sərhəd məntəqəsi - İsveçrə, "erməni soyqırımı"nın inkarına görə hüququ məsuliyyət - yenə İsveçrə". Elxan Şahinoğlu bildirir ki, Yuxarı Larsdan istifadə edərək, Gürcüstan ilə Azərbaycanın arasını vurmaq istəyirlər. Ermənistanın dezinformasiya şəbəkəsi belə bir xəbər yayıb ki, guya Yuxarı Larsın açılışına cavab olaraq rəsmi Bakı Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiqini düşünür. Xəbərdə hətta Azərbaycan hakimiyyətinin Gürcüstandakı azərbaycanlıların hüquqularının qorunmasında sərt siyasət yürüdəcəyi və Abxaziya ilə Cənubi Osetiya məsələsində Tiflisə dəstəkdən əl çəkəcəyi kimi iddialar yer alır. Azərbaycanın bundan sonra Gürcüstana investisiya yatırmayacağı fikri də ortaya atılır. "İstisna etmirəm ki, bunun ardından Moskva və ya İrəvandan idarə olunan dezinformasiya şəbəkəsi Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün bir gün də saytarında "Yuxarı Lars üzərindən hərbi texnikanın növbəti partiyası Ermənistana çatdırıdlı" xəbərini yayacaq",-deyə ekspert bildirir. Ekspertlər keçid məntəqəsinin açılışının təkcə Rusiya ilə Ermənistanın yox, həm də İranın maraqlarına uyğun olduğunu bildirir. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, keçid məntəqəsinin açılmasından ilk növbədə Ermənistan qazanacaq": Bizdən Gürcüstan əleyhinə, onun təhlükəsizliyi əleyhinə istifadə olunmağa heç zaman yol verməmişik. Eyni addımları Gürcüstandan da istəməyə haqqımız var". Zahid Oruc bildirir ki, Yuxarı-Lars-Kazbeqi keçid məntəqəsinin açılması Rusiyadan İrana müxtəlif mallar, o cümlədən silah göndərilməsini asanlaşdırır": Nüvə qalmaqalı ətrafında Rusiya bir tərəfdən İranın imkanlarının genişlənməsinə çalışır, İrana silahlarını və materiallar göndərir. İranla əlaqələr üçün bu, çox önəmlidir, digər tərəfdən iqtisadi cəhətdən də İran üçün önəmlidir. Bu keçid məntəqəsi buraxma imkanlarına görə kiçik görünsə də, çox strateji önəm daşıyır"(ANS). Keçid məntəqəsinin açılmasının Ermənistan prezidenti Serj Sərkisyanın ötən həftənin sonunda Gürcüstana səfər etməsi ilə bağlı olduğunu deyən politoloq Rasim Musabəyov bu iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edir: "Bunu Saakaşvilinin Sərkisyanı necə qarşılamasından da anlamaq olar. Erməniləri gürcülərin arxasından vurmağa çox vaxt Rusiya sövq edir. İndi onlar risk edib buna getmir. Bunun müqabilində Saakaşvili təbii ki, Sərkisyanın istəklərini nəzərə almalıdır. Ötən il ona Gürcüstanın ən yüksək ordeni də verilib". Hərbi ekspert İldırım Məmmədov isə bildirir ki, Gürcüstan "Yuxarı Lars"ı açmaqla "diplomatik hiyləgərlik" edib: "Rəsmi Tiflis bu gedişlə həm rusların, həm də ermələrin xoşuna gəlib". Ancaq ekspert deyir ki, bu yolla Ermənistana Rusiyadan silah daşınması məsələsində narahat olmağa dəyməz: "Kifayət qədər güclü dedektorlar var ki, uzaqdan da hansı yükün daşınmasını müəyyən edə bilir". Ekspert onu da vurğulayır ki, Avropa ilə yüksək səviyyədə əməkdaşlıq quran Grücüstan heç vaxt buna getməz: "Əgər xəritəyə baxsaq görərik ki, Cənubi Qafqazı Rusiyadan ayıracaq ölkə Gürcüstandır. Ona görə də, NATO ölkələri, Avropa daha çox Gürcüstanın üzərində işləyir. Bu kontekstdə Gürcüstanın NATO ilə güclü əlaqələrinə diqqət yetirmək lazımdır".ekspress.Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar