SON XƏBƏRLƏR

Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində qondarma soyqırıma dair qətnamə bir səs üstünlüyü ilə qəbul edilib

2021.10.20, 07:36
Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində qondarma soyqırıma dair qətnamə bir səs üstünlüyü ilə qəbul edilib

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma «erməni soyqırımı» ilə bağlı qanun layihəsi cəmi bir səs üstünlüyü ilə qəbul edilib. GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Respublikaçıların əksəriyyəti “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin əleyhinə səs veriblər. Demorkatlar arasında isə “soyqırımı”nı tanıyanlar çoxluq təşkil edir. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qanun layihəsində ABŞ prezidentinə çağırış öz əksini tapıb. Çağırışda Barak Obamadan aprelin 24-də Amerika xalqını qondarma soyqırım qurbanlarının xatirəsini anmağa dəvət etməsi istənilir. Vəziyyətlə əlaqədar Türkiyə Vaşinqtondakı səfirini geri çağırıb. İrəvan isə, qərarı məmnuniyyətlə qarşılayıb. Müzakirələr zamanı respublikaçılar Mike Pence və Michael T. McCaul, demokratlardan Maykl McMahon və Eni Faleomavaga Türkiyənin ABŞ üçün önəmini vurğulayaraq, iki ölkənin müttəfiq olduqlarını bildirib və qərar layihəsinə qarşı çıxıblar. Respublikaşı Maykl T.Makkaul Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasının önəmindən danışıb və qeyd edib ki, qanun layihəsinin qəbulu protokolların ratifikasiyasının qarşısını alacaq. Sənəd Ermənistana isə faydadan çox zərər verəcək. Konqresin Xarici Əlaqələr Komitəsinin sədri Howard Berman və Komitədəki respublikaçı qrupun lideri isə qərar layihəsinin qəbul edilməsinin vacibliyini vurğulayıblar. 3 saat davam edən müzakirələrdən sonra 22 səs əleyhinə, 23 səs lehinə olmaqla qondarma «erməni soyqırımı» ilə bağlı qanun layihəsi qəbul edilib. Qanun layihəsində ABŞ prezidentinə çağırış öz əksini tapıb. Çağırışda Barak Obamadan aprelin 24-də Amerika xalqını qondarma soyqırımı qurbanlarının xatirəsini anmağa dəvət etməsi istənilir. Sənədin qəbulundan dərhal sonra Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan məsləhətləşmələr üçün Ankaraya geri çağırılıb. Türkiyə hökuməti də açıqlama yayaraq, layihənin qəbulundan təəssüfləndiyini bildirib. Türkiyə Nazilər Kabinetinin açıqlamasında türk xalqının heç vaxt törətmədiyi bir cinayətdə ittiham edilməsi pislənilib, sənədi dəstəkləyənlərin tarixi həqiqətlər və tarixçi-alimlər arasında mövzu ilə bağlı fikir ayrılıqlarını nəzərə almayaraq, yanlış və haqsız bir mövqe tutduqları vurğulanıb. Türkiyə prezidenti Abdullah Gül ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərək, sənədi məqbul hesab etmədiyini və təəssüflə qarşıladığını deyib. Abdullah Gül hesab edir ki, qərar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, xalqlar arasında daimi dostluq münasibətlərinin qurulması istiqamətində göstərilən səylərə zərər verəcək. İtaliyada rəsmi səfərdə olan Türkiyə Böyük Millət məclisinin sədri Mehmet Əli Şahin isə qondarma erməni soyqırımı iddialarının yalan olduğunu bir daha bəyan edərək deyib ki, qanun layihəsinin qəbul edilməsi bir səhvdir və Türkiyə Amerika parlamentinin də bu tarixi səhvini düzəltməsini gözləyir. Bu arada Türkiyə prezidenti Abdulla Güllə baş nazir Rəcəb Tayib Ərdoğan arasında Çankaya Köşkündə təxminən 1 saat yarım davam edən görüş olub. Ehtimallara görə, tərəflər uydurma “erməni soyqırımı” ilə bağlı məsələni müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar