SON XƏBƏRLƏR

Kim İrana, İran kimlərə işləyir?

2021.10.20, 07:36
Kim İrana, İran kimlərə işləyir?

Gunaz.tv
GünAzTv: İkinci dünya savaşından sonra iki qütbə bölünmüş dünyanın liderləri biri-birinə qarşı mübarizəni üçüncü dövlətin ərazisində aparmağa başladı. Vyetnam, Əfqanıstan, Afrika, Latın Amerikası ölkələrində və s. gedən siyasi proseslər, hərbi əməliyyatlar buna sübutlardan sayıla bilər. Bu savaşın acısını bu və başqa dövlətlərin əhalisi indi də çəkməkdədir. Sovetlər dağıldıqdan sonra bu savaşa bir az ara verilsə də, özünə gəlməyə başlayan Rusiya keçmiş SSRİ-dən qalma iddialarını yenidən ortaya qoymağa başladı. Özünü sovetlərin varisi elan edən Rusiya Federasiyası bunun üçün çeşidli qurumlar yaradaraq, beynəlxalq arenada aparıcı güclərdən olduğunu nümayiş etdirməyə başladı. SSRİ süquta uğradıqdan sonra Yaxın Şərqdən də çıxarılmışdı. Ancaq Rusiya bu bölgədə çeşidli yaraqlı və siyasi qrupları dəstəkləməklə, bölgəyə yenidən qayıtmağa cəhd göstərməkdədir. Rusiya bu hikkəsini gerçəkləşdirmək üçün bölgə dövlətlərinin xidmətindən yararlanır. Bu işdə onun üçün ən əlverişli yardımçı İran İslam Respublikasıdır. Çünki həm Kremli, həm də Tehranı birləşdirən ortaq maraqlar mövcuddur. Rusiya Yaxın Şərqə qayıdıb, 1-ci Pyotrun “rus əsgərləri çəkmələrini isti sularda yumalıdır” vəsiyyətini həyata keçirmək, dünyanın maraqlarının kəsişdiyi bu bölgədə söz sahibi olmaq arzusunu gizlətmir. İran İslam Respublikası da bölgədə hegemon güc olmaq niyyətindədir. Bu iddiasını ABŞ başda olmaqla Qərblə müttəfiqlik edib gerçəkləşdirə bilmədiyindən, Rusiya ilə əməkdaşlığa üstünlük verir. Əslində, onlar da biri-birinə gizli rəqiblərdir. Tehran yaxşı başa düşür ki, Moskva mənafeyi təmin olunacağı təqdirdə istənilən zaman Qərblə əməkdaşlığa gedə bilər. Elə RF-nin “Böyük Səkkizliyə” daxil edilməsi, habelə bu günlərdə “Rusiya da NATO-ya üzv olmalıdır” kimi bəyanatların verilməsi və s. heç də təsadüfi deyil. Amma dünyada yaranmış indiki vəziyyətdə Tehrana “düşmənimin düşməni dostumdur” prinsipinə önəm verir, tərəflər biri-birindən qarşılıqlı şəkildə faydalanır. Məsələn, Moskva İran dəyənəyini əlində tutaraq, maraqlarının təmin olunması üçün yararlanır. İslam Respublikasının atom-nüvə proqramında RF-nin Qərbdən fərqli mövqe nümayiş etdirməsi və ya səbatsız davranışı bunu deməyə əsas verir. Başqa sözlə, Moskva qərblilər tərəfindən razı salındıqda, Tehrana münasibətdə sərtləşir. Rusiya prezidenti Dmitrii Medvedevin ötən həftə “atom-nüvə proqramı ilə bağlı məsələnin açarı İranın öz əlindədir”, “İran məsuliyyətli davranmalıdır” kimi fikriləri bu qənaətə gəlməyə əsas verir. Yeri gəlmişkən, Rusiya lideri bu çıxışını Ukraynadakı prezident seçkisindən sonra edib. Belə çıxır ki, Qərb Kremlin Ukraynada nüfuzunun bərpasına göz yumub. Amma Timoşenkonun müxalifətdə hazırkı şəraitdə sakit qalması da təsadüfi sayılmamalıdır. Bu isə “Moskva verdiyi vədlərə əməl etməzsə, Ukraynada güclü müxalifətlə üzləşəcək” ehtimalını irəli sürməyə səbəb olan amillərdəndir. Rusiya İran İslam Respublikasından dünya ilə alverdə amil kimi istifadə edirsə, o halda Tehran hansı addımları atır? Axı, İran hakimiyyəti də öz maraqlarının təmin olunmasını, iddialarını gerçəkləşdirmək istəyir. Hətta bu işdə Yaxın Şərqdə, habelə Azərbaycandakı tərəfdarlarının yardımından yaralanır. Ötən həftə İran prezidenti Mahmud Əhmədinijatın Suriyaya səfəri və orada “Həmas”, “İslami-cihad”, “Hizbullah” liderləri görüşlər keçirməsi, Təbrizdə respublikamızın Baş Konsulluğu qarşısında bəsic (yarımhərbi könüllü qurum, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) üzvü olan Güney Azərbaycan türklərinin məlum aksiyası, Bakıda İranyönlü sayılan qrupların çıxışları bu təsdiqləyir. Ötən gün İranın ali rəhbəri ayətulla Xamneyi “Fələstinin sabahı naminə milli və İslam Həmrəyliyi” konfransının açılışında Fələstindəki tehranyönlü qrupların başçıları ilə görüşdə deyib: “Fələstin və Qüdsi-şərif müqavimət, cihad sayəsində islam ümmətinə qaytarılacaq, qəsbkar İsrailə məğlubiyyət və məhvdən başqa bir müqəddərat nəsib olmayacaq”. İranda şah rejiminin yıxılmasına münasibət bildirərkən isə o, bunları söyləyib: “ABŞ və Qərbi hərtərəfli himayəsi altında olan istibdad rejiminin hökm sürdüyü bir ölkədə islam Respublikasının qurulması mümkünsüz hesab olunurdu. Ancaq Allah təvəkkülə, birliyə, imana, mətinliyə söykənən mübarizə və İmam Xomeyninin qətiyyəti mümkün olmayan bir işi həyata keçirdi. Şübhəsiz, Fələstinin azadlığı İran xalqının şah diktaturası üzərində qələbəsindən daha çətin olmayacaq”. Əslində bu, İran İslam Respublikası yönlü qruplar üçün bir çağırışdır. Bir müddət öncə “Həmas”ın lideri Xalid Məşəl Tehranda bildirmişdi ki, İsrail İrana qarşı hərbi əməliyyatlara başlayarsa, o zaman Tehranı silahla müdafiə edəcəklər. Bu ilin yanvarında isə qurumun yüksək vəzifəli təmsilçisi Xəlil əl-Həya açıq şəkildə bəyan etmişdi ki, İslam Respublikası onları hərtərəfli dəstəkləyir. Bunu heç Tehran da gizlətmir. İslam Respublikasının Yaxın Şərqdə islamçı adı altında fəaliyyət göstərən qruplara yardım etməklə İsraili və Qərbi hədələyir. Respublikamızdakı bu yönlü qüvvələr vasitəsi ilə Qərbi ölkəmizdə qarşılamaqla yanaşı, başqa bir hədəfinə çatmağa çalışır. Ötən ay Təbriz və Bakıda baş verənlər Tehran hakimiyyətinin Azərbaycan türklərinə qarşı daha təhlükəli planları gerçəkləşdirmək istəyindən xəbər verir. Hər kəsə bəllidir ki, həm Güney, həm də Quzey Azərbaycanda güney azərbaycanlıların milli haqlarının təmin olunması uğrunda mübarizə aparanlar var. Baş konsulluğumuzun binası qarşısında baş vermiş olayla Tehran o taylı - bu taylı Azərbaycan cəmiyyətini parçalayıb, bölünmüş millətin övladlarının biri-birinə inamını məhv etməyə çalır. Bununla da İran İslam Respublikası Fələstin və Livan cəmiyyətlərinin parçalanmasına nail olduğu kimi, Azərbaycan cəmiyyətini də biri-birinə qarşı qoymaqla özünə qarşı “tuşlanmış zərbədən” yayınmağa cəhd göstərir. Beləliklə, Rusiya İrandan, İslam Respublikası isə Tehranyönlü qüvvələrdən özünü müdafiə və ya zərbələrdən qorunmaq üçün yararlanır… Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar