Martın 4-u Amerika-Türkiyə münasibətlərini müəyyən edəcək
2021.10.20, 07:36
GünAzTv: ABŞ-ın Türkiyədəki keçmiş səfiri Morton Abramovitz Atlanta şəhərində "İstanbul Center" təşkilatının, Georgia Tech Universiteti Sam Nunn beynəlxalq əlaqələr fakültəsinin birgə təşkil etdiyi Türkiyə xarici siyasətinin Qərb dünyasında alğılanması və ABŞ-ın bu məsələyə baxışıyla bağlı konfrans keçirib. Keçmiş səfir AKP-nin hakimiyyəti dövründə Türkiyənin xarici siyasətinin daha fərqli, canlı və aktiv olduğunu söyləyib. Türkiyə-İran münasibətlərinə, İsrail ilə Türkiyə arasında yaşanan gərginliyə, baş nazir Rəcəb Tayyib Ərdoğanın Sudan prezidenti Ömər Əl Bəşirə münasibətinə, Darfurla bağlı sözlərinə, Qəzzada yaşananları "soyqırım" saymasına diqqəti çəkən Morton Abramovitz Türkiyənin bu cür davranışlarının "Ankaranın Qərbdəki mövqeyinə zərər verdiyi" söyləyib. Abramovitz "Türkiyənin enerji məsələsində Rusiyadan asılı" olduğunu deyərək, bu vəziyyətin Moskvanı Ankaranın vacib ticarət ortağına çevirdiyini deyib. Abramovitz Türkiyə-ABŞ münasibətlərində 1915-ci il hadisələrilə bağlı "erməni soyqırımı" qanununun hazırda ən kəskin problem olduğunu vurğulayıb. Qanunun hər il mart ayında Konqresin gündəminə gəldiyini xatırladan Abramovitz bütün Türkiyə hökumətlərinin sənədin qəbulunun əlaqələrə verəcəyi zərərə dair xəbərdarlıqlar etdiyini, qanunun Konqresdən keçməsinə maneə törətdiyini, ABŞ-ın prezident administrasiyalarının da milli təhlükəsizlik marağından "soyqırım" qanununun qəbuluna qarşı çıxdığını bildirib. "ABŞ rəhbərliyi "erməni soyqırımı" qanunlarından canını qurtarmaq istəyir" Abramovitz deyib ki, bu il prezident Barak Obama müdaxilə etməsə qanunun Konqresdən keçməsi ehtimalı çoxdur. Obamanın prezident seçkisi kampaniyası zamanı 1915-ci il hadisələrini "soyqırım" adlandırdığını xatırladan Abramovitz ABŞ rəhbərliyinin "erməni soyqırımı" qanunlarından canını qurtarmaq, xilas olmaq üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasını və normal əlaqələri nəzərdə tutan protokolların ratifikasiyasına çalışdığını deyib. Abramovitz ""Erməni soyqırımı" qanunu Konqresə gəlmədən Türkiyə Böyük Millət Məclisinində Sürix protokollarının təsdiqlənməsinə ümidlərin azaldığını" söyləyib: "Türkiyə ilə ABŞ arasında yaxın əlaqə gələcəkdə də davam edəcək, ancaq önümüzdəki bir neçə ildə çətinliklər də yaşanacaq". Bu ərəfədə baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsində 4 martda müzakirəyə çıxarılacaq "erməni soyqırımı" qanunuyla əlaqədar olaraq ABŞ-a sərt bir mesaj göndərib: "Martın 4-də səhv bir addım atılsa, aprelin 24-də səhv addım atılsa, bu Sürix prosesini baltalayar. Səhv addım olar. Elə zənn edirəm ki, bu həssaslığı Konqres üzvləri nəzərdən qaçırmaz". CBS televiziyasının "nasist həyasızlığı" Srağagün gecə Amerikan CBS televiziyasının "60 dəqiqə" proqramında "Tarix müharibəsi" adlı verilişdə "Erməni cəfası" və "Erməni soyqırımı və Amerikanın münasibəti" adlı kitabların müəllifi Peter Balakyan da qatılıb. Proqramda Suriyanın Deur Ezzur vilayətində 1915-ci il hadisələrinə bağlı "dünyadakı ən böyük erməni qəbiristanlığı olduğu və burada hələ də sümüklər çıxdığı" bildirilib. Daha sonra əksəriyyəti qadın və uşaqlardan ibarət ermənilərin yüzlərlə mil "ölüm səfərinə" məcbur edildiyi və "toplama düşərgəsinə" aparıldığı, "Osmanlı türklərinin daha sonra nasistlərin mənimsədiyi model inkişaf etdirdiyi" söylənilib. Jurnalist Bob Simonun proqramı "erməni soyqırımı" qanun layihəsinin Nümayəndələr Məclisi xarici işlər komitəsində səsə qoyulması ərəfəsində nümayiş olunub. Deur Ezzur yalanı... Proqramın "Türkiyə və Ermənistanın tarix müharibəsi" başlıqlı 12 dəqiqəlik hissəsində Bob Simon Birinci Dünya Müharibəsi zamanı 1 milyondan çox xristian erməninin Osmanlı Türkiyəsindən kütləvi sürgün edildiyini və "qətlə yetirildiyini" bildirib. Proqramda Suriya torpaqlarındakı Deur Ezzurdakı "erməni qəbristanlığının" görüntülərinə yer verilib. Bob Simonla birlikdə gəzən amerikalı erməni yazar Peter Balakyanın "Burada 450 min qədər Erməni öldü. Yəhudilər üçün Auschvitz nədirsə, Deur Ezzur da ermənilər üçün eyni məna daşıyır" sözlərə yer verilir. Ballakyan "1915-ci ilin baharından payızın sonuna qədər yaxşı təşkil edilən, planlı həbs və sürgün proyektinin icra olunduğunu" deyib. Onun sözlərinə görə, ermənilərin bir çoxu "aclıqdan, xəstəlikdən, ya da qətlllərdən qırılıb, sağ qalanlar da İstanbulun yüzlərlə mil uzaqlıqdakı əsir düşərgələrinə düşüblər". "Türkiyədə hər yerdə sümük tapa bilərsiniz" Proqramda Türkiyənin əvvəlki Vaşinqton səfiri Nəbi Şensoy ilə müsahibəyə yer verilib. Reportajda Simon "Suriyadaydıq, qumu qazdıq və sümüklər çıxdı, buna nə deyirsiniz?" sualına cavabında Şensoy "Türkiyədə hər yerdə sümük tapa bilərsiniz. Bu torpaqlarda çox sayda faciə oldu" söyləyib. Səfirin sözünü kəsən Bob Simonun "Qüsura baxmayın, amma bu sümükləri biz ermənilərin Auschvitzə bənzətdikləri Ezzur deyilən bir yerdə çıxardıq" sözlərindən sonra Şensoy "Bunun Auschwitz ilə müqayisə edilə biləcəyini düşünmürəm. Baş verənlər yalnız bir sürgün və sürgün zamanı olanlar idi" deyir. Simonun "Ermənilərə yönələlən qırğınlar, kütləvi məhvlər, ölüm səfərləri olmadı?" sualını cavablandıran Şensoy deyib: "Ermənilərin ölüm gedişləri olmadı. Sürgün vardı və faciəli hadisələr oldu. Bir çox adam Birinci Dünya Müharibəsinin məhrumiyyət şərtlərində öldü". Bob Simon türk xalqına təhqirə görə jurnalist Hrant Dink haqqında üç dəfə cinayət işi açıldığını və minlərlə ölüm təhdidi almasına baxmayaraq yazmağa davam etdiyini deyib, Dinkin Ermənistanda "soyqırımın son qurbanı və şəhid" sayıldığını ifadə edib. İki il əvvəl "erməni soyqırımı" qanun layihəsinin Nümayəndələr Məclisinin müzakirəsinə çıxarılması ərəfəsində Türkiyənin, etiraz məqsədiylə səfir Nəbi Şensoyu geri çağırdığını, Buş hökuməti, 8 keçmiş xarici işlər nazirinin layihənin qəbulunun əleyhinə olduğunu xatırladan Bob Simon Şensoya bu nazirlərin niyə Türkiyəni dəstəklədiyini soruşub. Şensoyun fikrincə, bu, Türkiyənin ABŞ üçün əhəmiyyəti göstərir: "Aramızda uzun bir siyahıdan ibarət müsbət gündəmlərimiz var və bu siyahıdakı məsələlər erməni mövzusundan çox daha əhəmiyyətlidir" "Türkiyə bölgəsində super gücdür" Proqramda Bob Simon Türkiyənin "bölgəsində super güc, ABŞ ilə müsəlman dünyası arasında vacib bir vasitəçi, NATO-da ikinci böyük ordu olduya malik olduğunu, ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrdə Türkiyədəki hərbi bazasına güvəndiyini, bu müharibələrə gedən Amerikan silah və sursatının 70 faizinin Türkiyədən keçdiyini və Türkiyənin əhəmiyyətli enerji kanalı olduğunu" söyləyib: "Bu səbəblə, heç bir ABŞ prezidenti "soyqırım" sözünü dilinə gətirməyib. Obama da seçki kampaniyasında söz verməsinə baxmayaraq, bu sözü istifadə etmədi". Bob Simon Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasını məqsəd qoyan protokollara "soyqırımın olub-olmadığı haqqında qərar verəcək ortaq tarix komissiyasının qurulması" şərtiylə ABŞ-ın vasitəçilik etdiyini deyərək, "soyqırım sözünün istifadəsiylə əlaqədar mübarizənin nəticələnməkdən uzaq olduğunu" söyləyib. Hovard Berman: "Qəbulu üçün kafi səs olsa, qanun Nümayəndələr Məclisinin gündəminə gələcək" "Los Angeles Times" qəzeti bu həftə Nümayəndələr Məclisinin xarici işlər komitəsində müzakirə olunacaq "erməni soyqırımı" qanun layihəsinin Konqresin aşağı palatasının gündəminə gətirilməsi zamanı bu il "daha təmkinli" davranılacağını yazıb. Xəbərdə xarici işlər komitəsinin cümə axşamı "erməni soyqırımı" qanun layihəsini "yenidən canlandıra biləcəyinə" işarə edilib: "ABŞ-ın müttəfiqi olan Türkiyəni hirsləndirmə riski olan qanun bu dəfə daha təmkinli şəkildə müzakirəyə çıxarılır". Xəbərdə qanuna dəstək verən Nümayəndələr Məclisi xarici işlər komitəsinin rəhbəri Hovard Bermanın "Qanun yalnız qəbulu üçün kafi səs olduğu təqdirdə Nümayəndələr Məclisinin gündəminə gələcək. Qanunu komitədən keçirdikdən sonra bu səsləri təmin etməyə çalışacağıq" sözlərinə yer verilib. Qəzet Barak Obamanın keçən ilki "24 aprel" çıxışında 1915-ci il hadisələriylə bağlı "soyqırım" ifadəsindən yararlanmayaraq amerikalı ermənilər arasında "xəyal qırıqlığı" yaratdığına toxunub. Obama hökumətinin qanunla əlaqədar konkret mövqe ortaya qoymadığını bildirilən xəbərdə Ağ evin Milli Təhlükəsizlik Şurasının spikeri Mike Hammerin sözlərinə yer verilib: "Prezident 1915-ci il hadisələriylə əlaqədar mövqeyini davamlı olaraq açıqlayır. Gerçəklərin tam, səmimi və ədalətli şəkildə qəbuluna marağımız davam edir. Bu işi irəli aparmanın ən yaxşı yolu erməni və türk xalqlarının əlaqələrinin normallaşdırma səylərinnin bir parçası olaraq, keçmişi gerçəkləri müzakirə etmələridir". "Türkləri qisas almağa təşviq edəcək" Qəzet bildirir ki, Türkiyə-ABŞ əlaqələri üzrə mütəxəssis Stephen Larrabee araşdırma mərkəzi "Ranp Corporation" üçün qələmə aldığı yazıda qanunun qəbulunun "Obama hökumətinin Türk-Amerikan əlaqələrini daha da möhkəmlətmə səylərinə ciddi zərbə vuracağı və türkləri qisas almağa təşviq edəcəyini" yazıb. Xəbərdə bənzər qanunların 1975 və 1984-cü illərdə Nümayəndələr Məclisində təsdiqləndiyi, ancaq Senata göndərilmədiyi ifadə edilərək, 2000-ci ildə də yeni bir qanunun Nümayəndələr Məclisində görüşüldüyünü, amma prezident Bill Klintonun çağırışıyla ləğv edildiyi xatırladılıb. Xəbərdə 2007-ci ildə də Nümayəndələr Məclisi üzvlərinin əksəriyyətinin imzasıyla qanunun təsdiqlənməyə yaxın olduğu, ancaq Corc Buş administrasiyasının və Türkiyə hökumətinin xəbərdarlıqlarından sonra 20 konqresmenin qanuna dəstəkdən imtina etdiyi vurğulanıb. Qəzet Nümayəndələr Məclisinin rəhbəri Nancy Pelosinin bu dəfə qanunu məclis gündəminə gətirilməsi məsələsində daha təmkinli olacağını bildirib. Onu da deyək ki, qanunun komitədə müzakirə ediləcəyi gün yaxınlaşdıqca, hər iki tərəf lobbiçilik fəaliyyətini intensivləşdirib. Xəbərdə Konqresdəki Türk Dostluq Qrupunun həmsədri Et Vhitfieldin "Amerikan xalqının, Konqresin iqtisadiyyatımızı gücləndirmənin və məşğulluq yaratmanın yolları üzərində fokuslanmasının və bu mübahisəni tarixçilərin öhdəsinə buraxmasının lazım olduğunu düşünürəm" sözlərinə yer verilib. Hovard Berman isə "Konqres insan haqlarının müdafiəçisi olaraq, bu tarixi faciəni tanımaya və nədirsə, o şəkildə adlandırmağa prioritet verməlidir"- deyib. "RAND Corporiton" prezident Barak Obamanın "erməni soyqırımı" qanun layihəsini önləməsini vacib sayıb. Əks halda, bu yalnız ABŞ-Türkiyə əlaqələrinə deyil, Türkiyə-Ermənistan əlaqələrinin də mənfi təsir göstərəcək "RAND (Research and Development) Corporiton"in internet saytında "Problemli əlaqə: Qlobal geopolitik dəyişmə çağında ABŞ-Türkiyə əlaqələri" başlıqlı hesabatda Ermənistan məsələsi ayrıca başlıq altında verilib. Hesabatda Türkiyənin Ermənistan ilə əlaqələrini normallaşdırmaq üçün yürütdüyü aktiv siyasətin "soyqırım" və "Qarabağ" problemlərinə kilidləndiyi xatırladılıb. "RAND Corporiton"un hesabatında vurğulanır ki, Barak Obama qanunun qəbulunu dayandırmasa, ABŞ və Türkiyə və Türkiyə-Ermənistan münasibətləri dalana dirənəcək, bundan isə Rusiya faydalanacaq.Bayram Alı. Xalqcəbhəsi