SON XƏBƏRLƏR

Dövlət katibi Hillari Klinton: Konqresin "erməni soyqırımına" dair qətnamə çıxarması arzuolunmazdır

2021.10.20, 07:36
Dövlət katibi Hillari Klinton: Konqresin "erməni soyqırımına" dair qətnamə çıxarması arzuolunmazdır

Gunaz.tv
GünAzTv: ABŞ (Amerika Birəşçiş Ştatları) Konqresinin Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qətnamənin martın 4-ə planlaşdırılan müzakirəsi ərəfəsində dövlət katibi Hillari Klinton konqresmenlər qarşısında çıxış edib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrə qatılan xanım Klinton hazırkı şəraitdə belə bir sənədin qəbulunun Ermənistan-Türkiyə münasibətlərinə mənfi təsir edəcəyini vurğulayıb. “Konqresin erməni soyqırımına dair hər hansı qətnamə qəbul etməsi arzuolunmazdır. Hamımızın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına çalışdığımız hazırkı məqamda bu cür qətnamə prosesə fayda ver bilməz”, – deyə Klinton bildirib. Klinton bildirib ki, ABŞ administrasiyasının bütün addımları və fəaliyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına əngəl olmağa yox, kömək etməyə yönəlməlidir: “Mən də, prezident Obama da bu prosesi arxa plana atacaq və ya ona zərər verəcək qərarların əleyhinəyik. ABŞ bu prosesin sürətləndirilməsinə tərəfdardır və hər iki tərəflə daimi əlaqədədir”. Bununla belə, dövlət katibi çıxışında onu da vurğulayıb ki, prezident Barak Obama “erməni soyqırımı” ilə bağlı mövqeyini dəyişməyib. Xatırladaq ki, Barak Obama və Hillari Klinton öncəki illərdə ABŞ Senatında təmsil olunarkən “erməni soyqrımı” layihələrini dəstəkləyiblər və 2008-ci ilin prezident seçkiləri kampaniyasında da Amerika ermənilərinin səsini qazanmaq xatirinə bu dəstəyi davam etdirəcəklərinə söz veriblər. Hakimiyyətə gəldikdən sonra isə Obama və Klinton əsas diqqəti Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmağa yönəldiblər. Prezident Obama 2009-cu ilin martında Türkiyə səfəri zamanı Böyük Millət Məclisindəki çıxışında bidirmişdi ki, o, 1915-ci il olayları ilə bağlı mövqeyini dəyişməyib, lakin mövcud şəraitdə daha çox iki xalqın – erməni və türklərin barışmasına çalışır. 2009-cu il oktyabrın 10-da Sürixdə ABŞ dövlət katibinin də şahidliyi ilə imzalanan Türkiyə-Ermənistan protokolları da bunu ön görür. Türkiyə tərəfi protokolların imzalanmasından sonra bəyan edib ki, sənədlərin təsdiqlənməsi və qüvvəyə minməsi üçün Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması lazımdır. Türkiyənin qarşı tərəfə bir iradı da Ermənistan Konstitusiya Məhkəməsinin protokollar haqqında qərarı ilə bağlıdır. Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarında qeyd olunub ki, həmin sənədlər Ermənistanın Konstitusiyasına və Müstəqillik Bəyannaməsinin müddəalarına uyğundur. Ermənistanın 1991-ci il sentyabrın 23-də qəbul olunan “Müstəqillik Bəyannaməsi”ndə isə Türkiyəyə qarşı ərazi iddiası əks olunub, sənəddə Türkiyənin şimal-şərq vilayətləri “Qərbi Ermənistan” adlandırılıb. Bu arada ABŞ-ın Ankara böyükelçisi Ceyms Cefri “Sabah” qəzetinə açıqlamasında nəzərə çatdırıb ki, Türkiyə Ermənistanla protokolların təsdiqi yönündə addımlar atmasa, ABŞ Konqresindəki “soyqırımı” qətnaməsini önləmək çətin olacaq. Səfir həmçinin bildirib ki, Türkiyə-Ermənistan protokolları 1921-ci Qars müqaviləsinin müddəalarını (həmin müqavilədə Ermənistanla Türkiyənin mövcud sərhədləri təsbit olunub) tanıyır və bu üzdən Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarında Türkiyə tərəfin əndişələnməsinə gərək yoxdur. Türkiyə tərəfi isə Amerika konqresmenlərini erməni qətnaməsini qəbul etməkdən çəkindirmək üçün səylərini davam etdirir. Türkiyə Böyük Millət Məclisi qondarma erməni soyqırımının tanınmasına dair qanun layihəsinin müzakirəsinin dayandırılması çağırışı ilə ABŞ Konqresinə müraciət edib. Türkiyə parlamentinin xarici münasibətlər komissiyası üzvlərinin imzaladığı müraciətdə deyilir ki, qanun layihəsinin müzakirəsi nə ABŞ, nə Ermənistan, nə də ki, Türkiyənin marağındadır, əskinə bu addım Türkiyə-Ermənistan dialoqunu dayandıra bilər. Sənəddə bildirilir ki, belə tarixi məsələlər siyasətçilər tərəfindən müzakirə edilməməlidir. Martın 1-də isə Türkiyə parlamentinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcan başda olmaqla bir qrup millət vəkili Vaşinqtona gedəcək. “Biz Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində görüş keçirib “erməni soyqırımı” layihəsinin müzakirəsini əngəlləməyə çalışacağıq”, – deyə heyətin üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili Şükrü Ələkdağ deyib. 1980-ci illərdə Türkiyənin ABŞ-da səfiri işləmiş Şükrü Ələkdağ yaranmış vəziyyətin çox mürəkkəb olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra Türkiyənin protokolları təsdiqləməsi xüsusilə yolverilməzdir: “Çünki bunu etmək Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul etmək deməkdir. O bəyannamədə Ermənistan həm Türkiyənin sərhədlərini tanımır, həm də bizim şərq bölgələrimizə iddia edir”. Erməni tərəf isə Türkiyəni protokolları təsdiqləməyə məcbur etmək üçün şantaj addımlarını davam etdirir. Fevralın 25-də Ermənistan parlamentinin qəbul etdiyi qanun ölkə adından imza atılmış beynəlxalq müqavilə və ikitərəfli sazişlərin ratifikasiyasını, eləcə də imzalanma prosedurunu dayandırmağa imkan verir. Sözügedən qanunun, ilk növbədə, Ermənistan-Türkiyə protokollarını hədəfləndiyi aydındır. Bir qədər əvvəl Ermənistan prezidenti Serj Sarkisyan bəyan etmişdi ki, əgər Türkiyə protokolların təsdiqini ləngitsə, erməni tərəf həmin sənədlərdəki imzasını geri götürəcək. Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərindəki vəziyyət srağagün (25 fevral) Kiyevdə Türkiyə XİN başçısı Əhməd Davudoğlu ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşdə də diqqətə alınıb. Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində görüşən tərəflərin sonradan mətbuata verdiyi açıqlamalar isə xeyli fərqli olub. Türkiyə XİN başçısı jurnalistlərə açıqlamasında prezident Sarkisyanla ətraflı söhbət etdiklərini, Qafqazdakı vəziyyəti, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılmasını “səmimi, dostyana müzakirə etdiklərini” deyib. “Biz Türkiyə-Ermənistan normallaşdırma prosesinin bütün tərəflərini və narahatlıq duyduğumuz mövzuları, qarşılıqlı çətinliklərimizi çox açıq şəkildə nəzərdən keçirdik. Ermənistan-Azərbaycan münasibətlərini və Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ məsələsinin həlli prosesini də müzakirə etdik. Bu cür təmasların böyük faydası var. Təmaslar davam etdikcə qarşılıqlı anlaşılmazlıqlar aradan qaldırılır, çətinliklər daha asan dərk edilir. Bir-birimizi düzgün anlamağımız və birbaşa əlaqə çox önəmlidir”, – deyə Davudoğlu bildirib. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında isə bildirilir ki, prezident Sarkisyan Türkiyə XİN başçısı ilə görüşmək istəməyib, lakin Davudoğlu ona yaxınlaşaraq söhbətə başlayıb. Məlumata görə, Ermənistan prezidenti Türkiyəni protokolların təsdiqini ləngitməkdə, Qarabağ məsələsində isə Azərbaycanın tərəfini saxlamaqda günahlandırıb. Sarkisyan bəyan edib ki, belə davam edəcəyi təqdirdə Ermənistan protokollardakı imzasını geri götürəcək. Türkiyənin Qarabağ nizamlanmasında iştirakı isə heç vaxt mümkün olmayacaq.525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar