SON XƏBƏRLƏR

Leyla Əliyeva: “Xocalıya Ədalət” kampaniyasının yeni mərhələsi başlanıb

2021.10.20, 07:36
Leyla Əliyeva: “Xocalıya Ədalət” kampaniyasının yeni mərhələsi başlanıb

Gunaz.tv
GünAzTv: Moskvanın “President-Hotel” mehmanxana kompleksinin “Bolshoy Petrovski” zalında “Xocalıya ədalət” kampaniyasının 1 illik nəticələri ilə bağlı tədbir həyata keçirilib. İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) verilən məlumata görə, Rusiya Azərbaycan Gənclər Təşkilatı və İKGF-nin birgə təşkil etdiyi bu tədbir “Xocalıya ədalət” musiqi layihəsinin təqdimatı ilə açılıb. Rep janrında yazılmış eyniadlı mahnı məşhur amerikalı rep ustası və ABŞ-ın xoşməramlı səfiri Toni Bləkmən və “Dəyirman” qrupu tərəfindən ifa edilib. Kampaniyanın təşəbbüskarı Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri xanım Leyla Əliyeva tədbirin rəsmi hissəsini açaraq kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, öz çıxışında 2010-cu ilin yanvar ayında İslam Konfransı Təşkilatlna üzv dövlətlərin Parlament Assambleyasının Uqandada keçirilmiş 6-cı sessiyasının qəbul etdiyi qətnamə ilə faciəyə “insanlığa qarşı cinayət” kimi qiymət verilməsinin xüsusi əhəmiyyətini qeyd edərək bildirib: «Bu gün bizim kampaniya öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur – biz dövlət başçılarına, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət aksiyasını başlayırıq. Keçən il ərzində əldə etdiyimiz uğurlar bizdə kampaniyanın fəaliyyətlərinin bu il ərzində daha da genişləndirəcəyimizə əminlik yaradır”. Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu öz çıxışında ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün fəaliyyətindən bəhs edib və rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünün qorunmasında qərarlı olduğunu qeyd edib. İKGF-nin Baş Katibi Elşad İsgəndərov kampaniyanın 1 illik fəaliyyəti haqda təqdimatla çıxış etmiş və kampaniyanın yeni layihəsi “Dünya liderlərinə müraciət” haqqında iştirakçılara məlumat verib. Tədbir iştirakçıları kampaniyanın saytında (www.justiceforkhojaly.org) yerləşdirilmiş sözügedən petisiyanın çox funksiyalı portalı ilə tanış olublar. Tədbirdə həmçinin “Qarabağ gündəliyi” kitabının müəllifi tanınmış rus yazıçısı professor Yuri Pompeyev, Latin Amerika Gənclər Forumunun vitse-prezidenti və kampaniyanın region üzrə koordinatoru Xulian Luqo Mendez, Kampaniyanın Rusiya üzrə milli koordinatoru Moskva Hüquq Akademiyasının tələbəsi Yekaterina Kozlova çıxış edərək kampaniyanın beynəlxalq əhəmiyyətini vurğularaq, milli və beynəlxalq səviyyədə görülmüş konkret işlərdən danışıblar. Tədbirdə Rusiya ziyalıları, müxtəlif elmi cəmiyyət, KİV və o cümlədən Azərbaycan diaspora nümayəndələri və Moskvanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr daxil olmaqla 500-dən artıq adam iştirak edib. Tədbirin sonunda iştirakçılar ABŞ prezidenti, BMT-nin baş katibi, Avropa Şurası Parlament Assambleyası və Avropa parlamentinin deputatlarına ünvanlanmış və Xocalı faciəsini “insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə” çağıran kampaniyanın yeni elan edilmiş petisiyasını imzalayıblar. Hotelin foyesində iştirakçılar kampaniyanın dünyanın müxtəlif ölkələrində bir illik fəaliyyətini əks etdirən forosərgi ilə tanış olublar. “Xocalıya Ədalət” kampaniyası 2008-ci ilin 8 mayında, Şuşanın işğalının ildönümündə İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüşdür və hal hazırda 30 dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar