SON XƏBƏRLƏR

Qardaş ölkə parlamentində Xocalı ilə bağlı aksiya keçirilib

2021.10.20, 07:36
Qardaş ölkə parlamentində Xocalı ilə bağlı aksiya keçirilib

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin ans-ə istinadən yaydığı məlumata görə, Türkiyə parlamentində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində aksiya keçirilib. Kampaniya çərçivəsində İKGF-nin təşəbbüsü ilə türk dilində nəşr olunan “Qarabağ: suallar və faktlar” kitabının təqdimat mərasimi keçirilib. İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) İstanbul Baş ofisindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi, geosiyasi, hüquqi və mədəni aspektlərini özündə əks etdirən kitab Azərbaycanın tanınmış alimləri və ekspertləri tərəfindən yazılıb. İKGF-nin Türkiyə deputatları ilə birgə təşkil etdiyi bu tədbirdə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin öz çıxışında Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini xüsusilə vurğulayıb. O, İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevaın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətini yüksək qiymətləndirərək, Xocalı qırğınının dünya ictimaiyyətinə çatdırılması üçün xarici ölkələrdə Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. “Qarabağ: suallar və faktlar” kitabının təqdimat mərasimində Türkiyə parlamentinin deputatları Cünyed Yüksəl, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Mustafa Kabakçı, qondarma erməni soyqırımı üzrə tarixçi professor Yusif Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov çıxış edib. Türkiyəli deputatlar öz çıxışlarında kitabın ölkə ictimaiyyətinin Qarabağ münaqişəsi haqqında ətraflı və obyektiv məlumat ala biləcəklərinə ümid etdiklərini bildirib. Tədbirin sonunda mart ayının 2-dək davam edəcək kampaniyanın 1 illik fəaliyyətini əks etdirən “Xocalıya ədalət” fotosərgisinin açılışı olub. Tədbir Türkiyənin aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar