SON XƏBƏRLƏR

Sumqayıt hadisələrində erməni izi...

2021.10.20, 07:36
Sumqayıt hadisələrində erməni izi...

Gunaz.tv
GünAzTv: Dağılmış SSRİ "KQB"-sinin sonuncu rəhbəri Vladimir Kryuçkov ömrünün sonunda Azərbaycandakı olayların Moskvada planlaşdırıldığını etiraf edib Erməni millətçilərinin Sumqayıtda törətdikləri cinayət əməllərindən və məkirli siyasətlərindən 22 il keçir. Bu illər ərzində Sumqayıtda baş verən hadisələrə çox bəsit formada qiymət verilib və əsil mahiyyət isə açılmayıb. Sözsüz ki, hadisələrə lazımi qiymətin verilməsi tarixçilərin və ən əvvəl hüquq-mühafizə orqanlarının işidir. Mənsə bu gün Sumqayıt sakini olaraq şahidi olduğum və eşitdiyim bəzi məqamlara aydınlıq gətirəcək, eyni zamanda yenidən faktlara istinad edəcəyəm. Hadisələrə keçməzdən öncə SSRİ "KQB"-sinin sonuncu rəhbəri Vladimir Kryuçkovun ömrünün sonunda bəzi gizli məqamları açıqlamasına diqqət yetirək. Qeyd edək ki, çoxsaylı etirafların biri Bakıdakı qanlı yanvar gecəsinə aid olub. O, 20 yanvar faciəsinin düşünülmüş şəkildə o vaxtkı sovet rəhbərliyi tərfindən törədildiyini etiraf edib. Ömrünün sonuna yaxın Kryuçkov minlərlə günahsız insanın ölümünə səbəb olan iyrənc siyasətin əsl mahiyyətini açıqlayıb. "KQB" şefi bildirib ki, 80-ci illərin axırında 70 illik sovet ideologiyası iflasa uğrayırdı: "Vəziyyətdən təcili çıxış yolu tapmaq və bacarıqsız adamları iş başından uzaqlaşdırmaq lazım idi. Bunun üçün etnik zəmində münaqişə ocaqları təşkil etmək gərəkirdi. Yerlərdəki milli azadlıq işartıları bizi qorxudurdu. Odur ki, hərəkatçılar arasında da özümüzünküləri yerləşdirib vəziyyəti nəzarətə götürmək lazım idi. Mən və tərəfdarlarım Sovet İttifaqının müxtəlif respublikalarında, eləcə də Azərbaycanın Sumqayıt və Bakı şəhərlərində, Gürcüstanda Tiflisdə, Litvada Vilnüsda və Latviyanın Riqa şəhərində yerli narazılıqlardan istifadə edərək bəzi təxribatçı aktlar təşkil etdik. Sonradan hadisələr idarə olunmaz məcraya yönəldi. Qorbaçov ora qoşun göndərmək məcburiyyətində qaldı. Və hər şey də bundan sonra başladı". Kryuçkovun etiraflarında Sumqayıt hadisələrini törətmək üçün yerli ermənilərdən istifadə olunduğu və təxribatçı qruplara bir başa kimlərin rəhbərlik etməsindən də söhbət açılır. Onun sözlərinə görə, digər regionlardan Sumqayıta ezam olunmuş ermənilər isə təxribatların önündə gediblər. xxx Azərbaycanlılarla bir yerdə yaşamağın mümkünsüzlüyünü sübut etmək üçün ermənilər 1988-ci ildə Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar törətdilər. Xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə törədilən iğtişaşlar 20 yanvar gecəsinə aparan yolda növbəti bir addım idi. Bu hadisələrin hazırlanmasında və həyata keçirilməsində erməni millətçiləri, Moskvada və xaricdəki havadarları Sumqayıtda qan tökməklə bütün dünyaya car çəkmək istəyirdilər ki, azərbaycanlılar erməniləri dinc yaşamağa qoymur, onları fiziki və mənəvi cəhətdən məhv etmək fikrindədirlər. Həmin günlər ərəfəsində isə Ermənistan ərazisindən 50 min nəfərə yaxın azərbaycanlı öz ata-baba yurdundan qovulub çıxarılmışdı. Qarlı-çovğunlu günlərdə bu tədbirin həyata keçirilməsi zamanı xeyli uşaq, qadın və qoca sərt iqlim şəraitinə dözməyərək həlak oldu. 1987-ci il dekabr və 1988-ci ilin fevralında baş verən hadisələrə kimi (azərbaycanlıların Ermənistandan qovulması-red.) Sumqayıtda 17 min erməni yaşayırdı. Onlar əsasən gəlirli yerlərdə işləyirdilər. Xəlvəti iqtisadiyyata demək olar ki, onlar rəhbərlik edirdilər. Sumqayıtda onların gizli ayaqqabı, tekstil, mebel sexləri, daş karxanaları vardı. Həmin sexlərdə uçotu aparılmayan məhsullar istehsal olunub, Sumqayıtda satılırdı. Gizli iqtisadiyyata rəhbərlik edənlərin çoxu Qarabağda yaradılan "Krunk" komitəsinn üzvləri idi. Hər ay hər bir erməni öz məvacibindən müəyyən məbləği Xankəndinə ötürürdü. Sumqayıt hadisələrindən bir neçə ay qabaq ermənilər əmanət kassalarından pulları kütləvi surətdə çxarmağa başladılar. Çünki onların Sumqayıtda tezliklə qan tökülcəyi haqda xəbərləri vardı. Bu, bir daha onu sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi. Sumqayıt hadisələrində icraçılara Qriqoryan Eduard Robertoviç başçılıq edib. O, 1954-cü ildə Sumqayıtda anadan olub və 3 dəfə müttəhimlər kürsüsündə əyləşib, qatı cinayətkar kimi üst-üstə 9 il 2 ay azadlıqdan məhrum edilib. Sumqayıt hadisələrində Qriqoryan yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alətə çevrilib. Qriqoryan həmin hadisələrdə 5 nəfər ermənini qətlə yetirib. xxx Bu aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar törətmək üçün süni şərait yaradıblar. Gənclərə, xüsusən texniki peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcədən xaricdə narkotik maddələrlə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar və s. paylayıblar. Əhalinin arasında Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən (əsasən ermənilərdən-red.) ibarət olan təxribatçı qruplar yerləşdiriblər. Onlar insanları inandırmağa çalışıblar ki, Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızları zorlayır və s. Guya Bakının dəmiryol vağzalına vaqon-vaqon meyidlər daşınır. Sumqayıtın özündə isə guya içərisi meyit və yaralılarla dolu avtobusu şəhərin küçələrində nümayiş etdiriblər. Şəhərin o vaxtkı Lenin meydanındakı mitinqdə hətta bir nəfər qadın döşünü camaata göstərərək onu ermənilərin kəsdiyinə, anasının döşü olduğuna inandırmağa çalışıb. Həmin vaxt hüquq-mühafizə orqanlarının səlahiyyətləri sanki dondurulub. Ekstremist əhval-ruhiyyəli iş aparanlara güldən ağır söz deyilməyib. Şəhərə vaxtında ordu göndərilməsi tələblərini artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nın müavini Bobkov qulaqardına vurub. General Krayevin rəhbərliyilə fevralın 28-dən 29-na keçən gecə şəhərə daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər partiya komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanıblar. Elə həmin anlardaca şəhərdə məlum təxribatçı qüvvələr 26 erməni öldürüb. Fevralın 29-da günorta üstü ordunun proseslərə birdən-birə müdaxiləsi nəticəsində 6 nəfər azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olublar, 400 nəfərə qədər adam xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil zədələnib və bir hissəsi isə yandırılıb... xxx Martın 1-dən keçmiş SSRİ prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başlayıb. Bu qrupa prokurorluğun baş istintaq idarəsi rəisinin müavini Nenaşev və prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edib. Üç minə yaxın şəhər sakini günahlı-günahsız həbs olunub zindanlara doldurulub. Onlardan bir qismi inzibati məsuliyyətə cəlb olunub, bir qismi rüşvət verərək canlarını qurtarıb, 94 nəfər haqqında isə cinayət işi başlanılıb. Adıçəkilən istintaq orqanları baş vermiş hadisələrin səbəblərini, cinayətlərin törədilməsi üçün yaradılmış şəraiti, təşkilatçıları, əsl caniləri müəyyən etməyə səy göstərməyib, hadisələrin mahiyyətini ört-basdır etməkdən ötrü ayrı-ayrı zorakılıq metodlardan istifadə edərək qondarma şahidlərin ifadələrinə əsaslanaraq uydurma ittihamlar hazırlayıb keçmiş ittifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim ediblər. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən istintaq qrupuna daxil olan respublika prokurorluğunun, respublika DTK-nın, DİN-in müstəntiqlərinin müstəsna "xidmətləri" olub. Onlar Moskvadan gəlmiş ağalarının xoşuna gəlmək üçün hər cür çirkin üsullardan istifadə ediblər... Yeri gəlmişkən, Sumqayıt hadisələrilə bağlı həbsə alınmış və başına min oyunlar gətirilmiş bir azərbaycanlı qadının söylədikləri bəzi faktları qeyd etmək yerinə düşər. Həmin qadın o vaxt faktları sadalasa da, ancaq adının hallanmasını istəməmişdi. Həmin xahişi yenə də nəzərə alıb qadının adını hallandırmayacağam. Yəqin ki, o qadının istintaqa cəlb olunması maraqlıdır. Mənzil İstismar İdarəsində çalışan azərbaycanlı qadın-5 uşaq anası cinayətkarlara ermənilərin yaşadıqları mənzillərin ünvanını verməkdə təqsirli bilinərək həbsə alınıb. Onun dediyinə görə, Sumqayıtda ilk dindirilmə zamanı özünü rus həmkarına göstərən azərbaycanlı zabit qadını təhqir edib və təpiyinin altına salıb. Elə bu vaxt şəhərdə yüksək postlardan birini tutan (indi həmin şəxs daha da yüksək posta layiq görülüb-red.) şəxs içəri daxil olaraq azərbaycanlı zabitin elədiklərinə haqq qazandırır və fəxrlə bildirir: "Bu şəhərdə ermənilərə güldən ağır söz deyilə bilməz. Şəxsən mən erməni qadınla evləndiyimə görə fəxr edirəm". xxx Məhkəmələr də öz növbəsində yuxarıların göstərişi ilə hərəkət etib, baxılan işlərdə qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər veriblər. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, İ.İsmayılovun cinayət işlərinə baxıb, prosesdə müttəhimlərə qarşı ittihamların əsasızlığı sübut olunub. Amma həmin iş bütövlükdə yenidən istintaqa qaytarılmaq əvəzinə, İ.Cəfərovun və İ.İsmayılovun cinayət materialları yenidən istintaqa göndərilib, Əhməd Əhmədova isə heç bir tutarlı dəlil-sübut olmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum olunub və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra edilib. Bundan başqa, istintaq dövrü heç bir günahı olmayan, sonradan məhkəmə tərəfindən sübuta yetirilən II qrup insulinlə yaşayan əlil Elçin Gəncəliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Halbuki onların ailəsi hadisə günləri 3 nəfərdən ibarət erməni ailəsini öz evlərində saxlayıblar. İdmançı Taleh İsmayılov isə 15 il müddətinə cəzalandırılaraq "siyasi məhbus" kimi Tiflis şəhərinə göndərilib, bir ildən sonra oradan meyidi gətirilərək valideynlərinə təhvil verilib. Digər həbs olunanlar 2 ildən 15 ilədək cəzalandırılaraq müxtəlif həbsxanalarda saxlanılıblar. Onların böyük bir qismi hazırda ya dünyasını dəyişib, ya da əlildirlər. Qırmızı ordunun dəyənək zərbəsinə tuş gələn azyaşlı Azər Babayev isə 21 ildir ki, yataqdan qalxa bilmir... Arzu Şirinova. Xalqcəbheəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar