SON XƏBƏRLƏR

Azərbaycan paytaxtında iğtişaş yaratmaq istəyənlərin arxasında hansı qüvvə dayanır?

2021.10.20, 07:36
Azərbaycan paytaxtında iğtişaş yaratmaq istəyənlərin arxasında hansı qüvvə dayanır?

Gunaz.tv
GünAzTv: Bu aksiyanın arxasında İranın bəzi dairələrinin dayandığı təsdiqini tapmaqdadır Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır. Azərbaycan hüquqi, sivil, dünyəvi dövlət kimi insan hüquqlarının müdafiəsinə böyük əhəmiyyət verir, ölkəmizdə etiqad azadlığı, dini fəaliyyətə hörmətlə yanaşılır, tolerantlıq mühitinin pozulmasına yönəlmiş əməllərin qarşısı dərhal alınır. Təəssüf ki, bəzi region ölkələri Azərbaycanın dost və səmimi münasibətindən sui-istifadə edir, müxtəlif vasitələrdən, o cümlədən din amilindən yararlanaraq daxili vəziyyəti süni şəkildə gərginləşdirməyə istiqamətlənmiş hadisələrə dəstək verməyə çalışır. İranın hakim dairələri Azərbaycana qarşı dost mövqe tutmayıb Fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət özlərini “dindarlar” kimi qələmə verən şəxs qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib və ictimai qaydaları kobud surətdə pozaraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq ediblər. Dinlə əlaqəsi olmayan, müəyyən dairələrin təsirinə düşən şəxslərin məqsədli şəkildə planlaşdırılan və cəmiyyətdə qarışıqlıq yaratmağa xidmət edən cəhdlərinin qarşısı alınmış, günahkar şəxslər müəyyənləşdirilərək saxlanıblar.Həmin aksiyanın arxasında İran İslam Respublikasının bəzi dairələrinin dayandığı haqqında bu günə kimi cəmiyyətdə müzakirə edilən rəy artıq təsdiqini tapmaqdadır. Çünki bu ölkənin “Ənsar-e Hezbollah” adlı qrupunun 40 nəfərə yaxın üzvü fevralın 16-da Azərbaycanın Təbriz şəhərində Baş Konsulluğu qarşısında aksiya keçirib, Azərbaycanda aksiyanın qarşısının alınmasını pisləyib, Azərbaycanı, onun rəhbərliyini, xalqını təhqir edib, radikal dini şüarlar səsləndirib, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alıb və hədələyib. Siyasi müşahidəçilər İranın hakim dairələrinin bu kimi addımlarla Azərbaycana qarşı dost mövqeyi tutmadığı qənaətindədirlər. Q.Həsənquliyev: «İran Azərbaycan ərazilərinin işğalına siyasi, hərbi, iqtisadi yardım edib» Millət vəkili Qüdrət Həsənquliyev deyir ki, İran Cənubi azərbaycanlıların dini hisslərindən oynamaq niyyətinə düşüb: «Məhz ona görə, Təbriz şəhərini seçiblər bu hadisələr üçün. Fars rejimi Azərbaycana qarşı düşmən mövqeyi nümayiş etdirir. Mən xatırlatmaq istəiyrəm, Ermənistanda son prezident seçkilərində namizədlər bir-birini ittiham edirdilər ki, Dağlıq Qarabağ müharibəsi zamanı guya onların hansısa Ermənistandan İrana nəfəslik olan Mehrini Azərbaycana vermək istəyiblər. Bax, görürsünüz, bu kimmi faktlar da təsdiqi tapır ki, İran Azərbaycan ərazilərinin işğalına siyasi, hərbi, iqtisadi yardım edib».Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu qarşısında keçirilən aksiyanın sonunda qəbul edilən bəyanatda dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilib. Bu da İranın hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olduğunu göstərir.Aksiya zamanı Azərbaycanı ABŞ və İsraillə yaxın münasibətlər qurmaqda ittiham edən şəxslər nədənsə Dağlıq Qarabağ müharibəsinin ağır vaxtlarında ölkələrinin Ermənistana hər cür yardım göstərdiyini, müsəlman qardaşlarına qarşı törədilən haqsızlığa göz yumduğunu unudurlar. Azərbaycana qarşı tələb irəli sürən, özlərini İslam dininin müdafiəçiləri kimi qələmə verənlər nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi, həmin ərazilərdə dağıdılmış İslam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı tələb etmirlər? Dini ekspert: «Bu ölkə İslamın nüfuzuna zərbə vurur» Dini məsələlər üzrə ekspert Elşad Miri İranın Azərbaycana qarşı təhdidlərinin dinlə bir araya sığmadığını deyir. Onun fikrincə, dini dövlət olan İranın regionun xristian dövlətləri ilə müttəfiqlik etməsi müqabilində, əhalisinin tam əksəriyyəti müsəlman olan Azərbaycanı hədələməsi islam qanunlarına qarşı çıxmaqdır: «Azərbaycanda ənənəvi tolerantlıq mövcuddur və bu tolerantlıq İslam dinindən qaynaqlanır. Azərbaycanı ittiham edən dövlətlər ilk növbədə özlərinin əməllərinə, mövqelərin diqqət etməlidirlər. İran başqa xristian ölkələri, o cümlədən Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanla əməkdaşlığını davama etdirir. Bu gün dünyada belə bir problem var. İranın bəyanatları dünyada İslamın nüfuzuna zərbə vurur və İslam haqqında mənfi rəy yaradır».Azərbaycan yaxın qonşu kimi, İranla münasibətləri səmimilik və xalqların maraqlarına uyğun inkişaf etdirməkdə maraqlıdır. Bunun nəticəsidir ki, Azərbaycan ixrac etdiyi qazın bir hissəsini İrana verir. Azərbaycanla İran arasında uzun illərdir iqtisadi, xüsusilə elektrik enerjisi sahəsində sıx əməkdaşlıq var. İki ölkə arasında fevralın 1-dən vizasız gediş-gəlişin tətbiqi də nəzərə alınarsa, Azərbaycanın İranla xeyirxah niyyətlərə əsaslanan qonşuluq münasibətləri qurmağa tərəfdar olduğunu söyləmək olar. Bütün bunlara baxmayaraq, İranın İsrail diplomatlarının Azərbaycana səfərindən narahatlıq keçirməsi başadüşülən deyil. İran hakimiyyəti “Səhər” kanalının hərəkətlərinə göz yumur Əgər bu gün Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla İran arasında hərbi-iqtisadi əlaqələrin genişləndirilməsinə müdaxilə etmirsə və işğal olunmuş ərazilərinin azad edilməsi, milli maraqlarından irəli gələrək digər dövlətlərlə əməkdaşlıq qurmağa nail olursa, bu, İran tərəfindən normal qəbul olunmalıdır. Azərbaycan heç vaxt öz ərazisindən 3-cü bir dövlətə, o cümlədən qonşu İrana qarşı istifadə edilməsinə razılıq verməz. İndiki şəraitdə, əgər İran rəhbərliyi nüvə problemilə beynəlxalq münasibətlərin burulğanına düşübsə və bu ölkəyə qarşı beynəlxalq dairələrin təpkisi güclənibsə, Tehran tərəfindən gündəmin dəyişilməsi üçün hədəf kimi məhz Azərbaycanın seçilməsi və ölkəmiz əleyhinə aksiyalar təşkil olunması yalnız təəssüf doğurur. Təbrizdəki aksiyada iştirak edənlərin İranın hakim dairələrinin qulluqçuları olması heç kimdə şübhə doğurmur. Lakin bu kimi hallar, nüvə problemi ilə yanaşı, siyasi rejim olaraq bölgədə gərginlik yaradan İranın bu gərginlikdən sığortalanmasını təmin etməyəcək. Artıq kifayət qədər regionun güclü dövlətinə çevrilmiş Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq fəaliyyəti, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınacaq.Bu gün İran müsəlman həmrəyliyindən bəhs edirsə və öz Konstitusiyasını müqəddəs Qurani-Kərimdən götürülmüş fikirlərlə zənginləşdirirsə, o zaman İslam dininin mahiyyətinə və islam həmrəyliyinə hörmətlə yanaşaraq, ermənilərin işğalı nəticəsində 1 milyona qədər azərbaycanlının öz doğma yurdlarına qayıtması üçün Ermənistanla əlaqələrinə yenidən baxmalıdır.Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, İran hakimiyyəti “Səhər” televiziya kanalının Azərbaycanı, Azərbaycan hakimiyyətini davamlı şəkildə tənqid və təhqir etdiyinə göz yumur. Bütün bunlar İranın rəsmi dairələri tərəfindən cavablandırılması vacib olan məsələlərdir. Sirr deyil ki, Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır. «1-ci kanal»ın Analitik Qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar