SON XƏBƏRLƏR

MOSKVA GÖRÜŞÜ NİYƏ NƏTİCƏSİZ OLDU? (İsa Qəmbərin versiyası)

2021.10.20, 07:36
MOSKVA GÖRÜŞÜ NİYƏ NƏTİCƏSİZ OLDU? (İsa Qəmbərin versiyası)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü yay fasiləsinin götürülməsinə, payızda növbəti görüşün keçirilməsinə dair razılaşma ilə yekunlaşdı. Heç bir sənəd imzalanmadı. Rusiya mətbuatının yazdığına görə, tərəflər masada olan “Madrid prinsipləri” üzrə heç bir razılaşmaya nail olmayıblar. O zaman son aylarda yaradılan ajiotaj, intensivləşən rəsmi müzakirələr, beynəlxalq dairələrin ümid ifadə edən bəyanatları və Azərbaycanla Ermənistan arasında “xalq diplomatiyası”nın yeni mərhələsi nə üçündür? Yaxın zamanlarda münaqişənin həlli istiqamətində irəliləyiş olmayacağını hər zaman bəyan edən Müsavat Partiyasının başqanı İsa Qəmbər yaradılan ajiotajın səbəblərini “Media forum” saytına belə izah edib: “Rusiyanın Gürcüstana təcavüzündən sonra regionda çox təhlükəli vəziyyət yaranmışdı. Bütün dünya bir daha gördü ki, Cənubi Qafqazdakı münaqişələri “donmuş münaqişə” adlandırmaq düzgün deyil, bu münaqişələr həmişə ciddi fəsadlar, Rusiyanın bölgəyə təcavüzü üçün ciddi bəhanələr verə bilər. Bununla yanaşı, beynəlxalq birlik prinsip etibarilə məsələnin həllində maraqlıdır. Qərb dairələri istəyir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Qarabağ münaqişəsi həll olunsun - çünki onların burda iqtisadi və təhlükəsizliklə bağlı xeyli marağı var. Eyni zamanda onlar maraqlıdırlar ki, bu məsələ maksimum dərəcədə tez həll olunsun, həm də təhlükə törətməsin - ən azı ciddi bir dəyişiklik olmasın. Ona görə də Qərb tərəfi bu məsələdə müəyyən addımlar atılmasının tərəfdarıdır. İkinci bir tərəfdən, Rusiyanın Gürcüstana təcavüzündən sonra Ermənistan ciddi çətinliklərlə üzləşdi. Rusiya Azərbaycandan və Gürcüstandan Ermənistana, xüsusilə öz hərbi bazasına bir şey göndərə bilmir. Ona görə də Rusiya öz maraqları, Qərb də öz maraqları baxımından cəhdlər göstərməyə başladılar. Münaqişənin həllində irəliləyiş olsaydı, Rusiyanın Ermənistana yolu açılacaqdı və Ermənistanın da problemlərinin həllinə imkan yaranacaqdı. Rusiya dünyaya özünün konfliktləri həll etmək imkanında olduğunu, bununla bərabər münaqişələrin həllinin onun nəzarətində, onun resurslarından asılı olduğunu da nümayiş etdirmək istəyirdi. Ona görə də Rusiya görüşlərin təşkil edilməsində, danışıqların aparılmasında önə çıxmağa cəhd göstərdi”. Müsavat başqanının fikrincə, məsələnin ayrı tərəfi də var: “Qarabağ mövzusunun gündəmdə olduğu müddətdə istər Qərb ölkələri, istərsə də Rusiya Azərbaycan və Ermənistandan, bölgədəki situasiyadan almaq istədikləri müxtəlif güzəştləri almağa çalışırlar. Onu da əlavə etsək ki, beynəlxalq şərtlər Qarabağ münaqişəsinin həllinə imkan vermir, geriyə bir nəticə çıxarmaq qalır - bu danışıqlar prosesi imitasiya olmaqda davam edir. Çünki Ermənistan təcavüzkar mövqeyindən əl çəkmək niyyətində deyil, Azərbaycanın güzəşt limiti çoxdan bitib, beynəlxalq birlik də təcavüzkarı müəyyənləşdirməkdən, təcavüzkarla təcavüzə məruz qalana fərq qoymaqdan imtina edir - bu halda məsələnin ədalətli və uzunmüddətli həlli üçün real şərait yoxdur. Bütün bu səbəblərdən danışıqların imitasiya olduğu fikrini dəfələrlə söyləmişəm. Moskva görüşünün nəticəsiz bitməsi bunları bir daha təsdiq edir”. Bununla belə, Müsavat başqanı yaxın aylarda Qarabağ münaqişəsi ətrafında ajiotajın bitəcəyini güman etmir: “Ajiotaj hələ davam edəcək. Deyilən səbəblər öz təsirini göstərməkdədir. Eyni zamanda regionda müharibə təhlükəsi də qalır. Rusiyanın Ermənistana yol tapmaq üçün Gürcüstana təcavüz etmək, daha bir müharibə aparmaq niyyəti aradan qalxmayıb. Hesab edirəm ki, Obama ilə Medvedyevin iyul görüşündə də həlledici mövzulardan biri buydu. Deyəsən, hələlik bu məsələni dayandırmaq mümkün olub. Ermənistan-Azərbaycan münaqişəsində də gərginlik qalır. Ona görə də məsələnin həllinə nail olmasalar belə, atəşkəsi saxlamaq maraqları baxımından imitasiya davam edəcək. Yəqin ki, gələn ilin əvvəllərinə qədər bu proses davam edəcək”. “Hazırkı situasiyada imitasiyanın davam etməsi Azərbaycan üşün faydalıdır, yoxsa, hansısa sazişin imzalanması” sualına İsa Qəmbərin cavabı belə olub: “Madrid prinsipləri” əsasında hər hansı bir sənədin imzalanması Azərbaycanın maraqlarına uyğun olmayacaq. Çünki həmin prinsiplər, dəfələrlə dediyimiz kimi, Dağlıq Qarabağın tədricən və hüquqi cəhətdən Ermənistana verilməsi demək olar. Ona görə də indiki mərhələdə çətin ki, hər hansı sənədin imzalanması Azərbaycana faydalı olsun. Çünki ortada ədalətli sənəd görünmür. Digər tərəfdən, zamanın bizim xeyrimizə işlədiyini iddia eləmək də o qədər əsaslı deyil. Zaman kim yaxşı çalışırsa, ona işləyir. Biz məsələnin ədalətli və mümkün qədər tez həllində maraqlıyıq. Bunun üçün də Azərbaycan səylərini artırmalıdır. Səylərin artırlması Müsavat Partiyasının dəfələrlə təklif etdiyi proqram çərçivəsində olsa, bu, uğura aparan yol ola bilər”.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar