SON XƏBƏRLƏR

Qərb və ərəblər İsrailin İranı vurmasına razıdır

2021.10.20, 07:36
Qərb və ərəblər İsrailin İranı vurmasına razıdır

Gunaz.tv
Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin (BND) məlumatına görə, iranlılar artıq uranın zənginləşməsi texnologiyasına tam sahibləniblər. Bundan başqa, onlarda hərbi uran istehsal etmək üçün yetərli sayda sentrifuqa var. Almaniyanın "Stern" həftəliyinin xəbərinə görə, İran artıq yarımildən sonra ilk atom bombasını partlada bilər. Düzdür, hələlik İranın atob bombalarını daşıyacaq raketləri yoxdur, lakin Tehran bu istiqamətdəki işlərini gücləndirib. Bu arada Böyük Britaniyanın "The Times" qəzeti xəbər verib ki, Qərb bu il ərzində İsrailin İrana hücumuna dəstək verə bilər. Qəzetin adının çəkilməsini istəməyən britaniyalı məmura istinadən verdiyi məlumata görə, Qərb diplomatları hazırda İsrailin İranı vurmasına razılıq verməyə meyllidirlər. Bunun qarşılığında isə Qərb Tel-Əvivdən Fələstin dövlətinin yaradılmasında əməkdaşlıq gözləyir. "The Times"dəki "İsrailin Süveyş kanalındakı hərbi donanması İrana potensial hücuma hazırdır" adlı məqalədə qeyd edilir ki, sözügedən kanala iyunda İsrailin "Delfin" sinifindən olan sualtı qayığı (o, nüvə başlıqlı raket daşıya bilir) daxil olub və iyulun 5-də dislokasiya yerinə qayıdıb. İyulun 14-də isə İsrail HDQ-nin ən iri iki gəmisi -raket daşıyan "Eylat" i "Xanit" Süveyş kanalından keçməklə Aralıq dənizindən Qırmızı dənizə daxil olub. Yəni İsrail "əzələləri"ni nümayiş etdirir. BBC-nin xəbərinə görə, İsrail KİV-ləri bu manevrləri İrana xəbərdarlıq siqnalı kimi dəyərləndiriblər. "The Times" də bu addımları "aşkar siqnal" sayır: yəniİsrail özünün zərbə gücünü İranı vurmağa imkan verən mövqelərə operativ çıxarmağa qadirdir. İsrailin Müdafiə Nazirliyindəki mənbə də bu manevrləri Tel-Əvivin Tehranın ünvanına olan təhdidlərinin ciddi olmasının nümayişi kimi dəyərləndirib. "Tezliklə İsrail Amerikanın Sakin Okean sahillərindəki poliqonunda özünün raket-tutucularını sınaqdan keçirəcək. İyulun sonlarında isə Nevadada İsrail və Amerika aviasiyasının birgə təlimləri olmalıdır",-deyə "The Times" xəbər verib. Qəzet qeyd edir ki, İranla müharibəyə girmək yəhudilər üçün avantürist qərar ola bilər, çünki sonrası qaranlıqdır. Lakin Tehranın nüvə proqramını dayandırmağın başqa yolu tapılmasa, İsrail siyasətçiləri İrana preventiv zərbə vurmağa razılıq verəcəklər. "The Times" bildirir ki, adının çəkilməsini istəməyən bir israilli diplomat deiyb ki, Misir və Səudiyyə Ərəbistanı artıq İsrailin İrana hücumuna "xeyir-dua" veriblər. Sonda xatırladaq ki, İsrailin özü də qeyri-rəsmi "nüvə dövlətidir". X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar