SON XƏBƏRLƏR

Müstəqillik ideyalarının carçısı

2021.10.20, 07:36
Müstəqillik ideyalarının carçısı

Gunaz.tv
Azərbaycan Xalq Cəbhəsinin təsisindən 20 il keçir Bu gün çağdaş Azərbaycan tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 20 ili tamam olur. Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın torpaq bütünlüyünə yönəlmiş separatçı çıxışların başladığı ərəfədə Bakıda da buna adekvat reaksiya verilməyə başladı. 1988-ci ildə "Qarabağ" şüarı ilə Lenin (indiki Azadlıq meydanı) meydanına toplaşan xalq kütlələri, orada vahid şəkildə hərəkət edən bir təşkilatın əsasını qoydu. Xalq Cəbhəsi məhz xalqın içərisindən təşkilatlanaraq meydana gəldi. Bu təşkilat Azərbaycan xalqının tək Qarabağ məsələsində təmsilçisi olmadı, həmçinin milli kimlik, müstəqillik ideyalarının carçısına çevrildi. 1989-cu il iyulun 16-da keçirilən ilk konfransda AXC təsis edildi və Əbülfəz Elçibəy təşkilatın sədri seçildi. Azadlıq hərəkatının dalğasında yaranan Xalq Cəbhəsi qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi və Azərbaycanın dövlət müstəqilliyinin qazanılması kimi tarixi naliyyətə imza atdı. Yarandığı vaxtdan üç il sonra hakimiyyətə gəlsə də, bir ilin tamamında hərbi qiyam nəticəsində devrildi. Yenidən revanş götürmək üçün 1995-ci ildə hərəkatdan partiyaya çevrilmək AXC-yə heç də uğur gətirmədi. Uğursuzluqları bir-birini əvəz edən Cəbhə 2000-ci ildə öz liderini - Ə.Elçibəyi itirdi. Bundan sonra əvvəlcə iki yerə parçalanan AXC-nin siyasi, hüquqi varisliyinə indi üç təşkilat iddialıdır. Mirmahmud Mirəlioğlu: "Xalq Cəbhəsi millətə xidmətdə öz imzasını qoyub" Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bizimlə söhbətində 20 ilin çox böyük və uzun bir yol olduğunu qeyd etdi: "Keçilən bu şərəfli yolda uğurlar da, nöqsanlar da göz qabağında canlanır. Bu yolun ən önəmli tərəfi odur ki, millətin bir siyasi təşkilatı ortada olub. Şərəf duyulası və qürurverici hal isə budur ki, bu təşkilatiın fəaliyyətində biz də sıra nəfəri olsaq da iştirak etmişik. Azərbaycan Xalq Cəbhəsi millətə xidmətdə öz imzasını qoyub". M.Mirəlioğlunun sözlərinə görə, AXC bu 20 ildə hələ bütün istəklərinə nail olmayıb: "Azərbaycanın bütövlüyü, millətin bütövlüyü, torpaqların işğaldan azad olunması hələ də problem olaraq qalır. Amma inanırıq ki, millətin bağrından qopan, millətin özünün yaratdığı bir təşkilat olaraq AXC başlanğıcdan qarşısına qoyduğu bir sıra ideyaları gerçəkləşdiyi kimi, inşallah, digərləri də həyata keçəcək. Bu münasibətlə mən öz adımdan, təşkilatımız adından, hər kəsi və bütövlükdə millətimizi təbrik edirəm". Əli Kərimli: "20 ilin 19 ilini müxalifətdə keçirmişik" Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə AXC-nin Azərbaycanın çağdaş tarixində özünəməxsus yeri və rolu olduğunu vurğuladı: "Xalq Cəbhəsi Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinin, müstəqillik uğrunda hərəkatının, demokratiya uğrunda cəhdlərinin təşkilatlanmış forması kimi meydana gəlib. Və qısa bir müddətdə Azərbaycanın müstəqilliyə qovuşmasına nail olub. Çox təəssüf ki, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın taleyi heç də arzuladığımız kimi olmayıb. Bu müddət ərzində Xalq Cəbhəsi daha çox müxalifətçilik missiyasını yerinə yetirib. Xalq Cəbhəsinin 20 illik tarixi əslində fədakarlıqlarla zəngin olan şərəfli bir mübarizə tarixidir. Ötən bu 20 ilin 19 ili gərgin mübarizə şəraitində keçib". Kərimlinin dediyinə görə, bu müddət ərzində yüzlərlə cəbhəçi həbs olunub, siyasi məhbus həyatı yaşayıb, işsiz qalıb, kütləvi etiraz aksiyalarında döyülüblər, hər cür təzyiqlərə, repressiyalara məruz qalıblar. "Mənim nəzərimdə Xalq Cəbhəsinin üzvü olan, bu 20 ildə dözüm nümayiş etdirmiş insanlar həddən artıq qiymətli insanlardır. O insanlar Vətənini, millətini çox sevən insanlardır. Buna görə də, Vətənin, millətin işıqlı gələcəyi naminə, gələcək nəsillərimizin daha azad və firəvan yaşaya bilməsi naminə bu məhrumiyyətlərə 20 il dözüblər". Ötən müddətdə Azərbaycanda demokratiyanın bərqərar olmasına yaxın olduqlarını deyən AXCP sədrinin bildirdiyinə görə, amma buna hələ ki müəəssər olmayıblar. "Lakin Xalq Cəbhəsi üzvlərində belə bir inam var ki, Azərbaycanın demokratiyaya və ədalətə qovuşdurulması missiyası da məhz onların üzərinə düşəcək. Bunun üçün mən bütün Cəbhəsevərləri təbrik edirəm". Yubiley tədbirləri olacaqmı? Bəs AXC-nin yubileyi ilə bağlı hansısa tədbirlər keçiriləcəkmi? KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu artıq yubileylə bağlı bir sıra tədbirlər keçirdiklərini bildirir: "Ən son keçirdiyimiz tədbir iyulun 12-də partiya üzvləri arasında şahmat turniri olub. İyulun 16-da isə Bakıda - "Əcəmi" şadlıq sarayında xeyli sayda qonağın iştirakı ilə yubiley mərasimi təşkil olunacaq". AXCP sədrinin köməkçisi Faiq Əmirov yubiley günü xüsusi bir tədbir planlaşdırmadıqlarını bildirdi. Yalnız partiya fəalları bu gün saat 11.00-da Ə.Elçibəyin məzarını ziyarət etmək üçün bu gün Fəxri Xiyabana üz tutacaqlar. AXCP-də başqa bir mənbədən aldığımız xəbərə görə isə yubileyin şadyanalıqla keçirilməməsinin səbəbi bir neçə gün öncə partiya sədrinin müavini Həsən Kərimovun oğlunun vaxtsız vəfatıdır. Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiya da yubiley tədbirinə hazırlaşmayıb. Partiyadan sualımıza cavab olaraq bildirdilər ki, "rəhbərlik tədbirlə bağlı ya bu gün, ya sabah qərar verəcək". Aqil CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar