SON XƏBƏRLƏR

Qabil Hüseynli: "Ermənilərin narazılıq görüntüsü Azərbaycan ictimai rəyini çaşdırmağa hesablanmış ola bilər"

2021.10.20, 07:36
 Qabil Hüseynli: "Ermənilərin narazılıq görüntüsü Azərbaycan ictimai rəyini çaşdırmağa hesablanmış ola bilər"

Gunaz.tv
Ermənilərin "etiraz" görüntüsü yaratmağa çalışırlar Ötən həftənin son günlərində ATƏT-in Minsk qrupunun həmsədrləri məlum "Madrid prinsipləri"nin yeni versiyasının açıqlanacağı haqda mövqe bildirdilər. ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında əks olunmuş bu anons Azərbaycan və Ermənistanın gündəmini bir anda dəyişdi. "Madrid prinsipləri"nin yeni versiyası mətbuata çıxarıldıqdan sonra hər iki ölkədən bununla bağlı davamlı reaksiyalar verildi. Azərbaycanın əksər politoloq və siyasətçiləri yeni prinsiplərə tənqidi yanaşaraq, onların qəbuledilməz olduğunu açıqladılar. Maraqlıdır ki, Ermənistanda da yeni prinsiplərə münasibət birmənalı olmayıb. Düşmən ölkənin ayrı-ayrı çevrələri yeni prinsiplərə fərqli yanaşma nümayiş etdirir. Ermənistan hakimiyyətinə yaxın dairələr məsələyə pozitiv prizmadan yanaşsalar da, müxalifyönlü və nisbətən müstəqil mənbələr əks mövqedə dayanır. Politoloq Qabil Hüseynli erməni ictimai rəyində "Madrid prinsipləri"nin yeni versiyasına münasibətdə özünü göstərən fikir ayrılıqlarının düşünülmüş mövqe nümayişi olduğunu istisna etmir: "Açığı, ermənilərin bu məsələdə özlərini narazı göstərmələrinin səbəbləri anlaşılmır. Daha doğrusu, onların nəyə görə narazı qaldığını başa düşmək çətindir. Çünki əslində, həmsədrlərin son bəyanatında ermənilərin maraqlarına uyğun məqamlar çoxdur. Amma müşahidə olunduğu kimi, onlar yenə də öz məlum təbiətlərinə xas davranmağı lazım bilirlər. Burada müxtəlif təbəqələrin yanaşmasına diqqət edək. Ermənistan müxalifəti təbii ki, bütün məsələlər kimi, Qarabağ münaqişəsinə siyasi prizmadan yanaşır və öz mövqeyini ifadə edir. Eyni zamanda, erməni cəmiyyətinin radikal kəsimi də təxminən adekvat mövqe tutur. Bundan başqa, Qarabağ ermənilərinin açıqlanan son prinsiplərə münasibəti də neqativdir. Ümumi baxdıqda, belə görünür ki, Ermənistanın özündə və Qarabağ separatçıları arasında yeni prinsiplərə etiraz edilir. Bu, nəyin ifadəsidir? Hesab edirəm ki, ermənilərin belə mövqe nümayişi düşünülmüş bir ssenarinin tərkib hissəsi ola bilər. Ona görə ki, bayaq da qeyd olundu, son prinsiplərə etiraz etmək üçün ermənilərin əsası olmalıdır. Onlar daha nə istəyirdilər ki? Dağlıq Qarabağ üçün keçid statusun nəzərdə tutulması, regionda sülhməramlı kontingent yerləşdirilməsinin planlaşdırılması, statusun qəti şəkildə müəyyənləşdirilməsi məqsədilə referendum keçirilməsinin məqbul sayılması və s. Aydındır ki, bütün bunlar ermənilərin maraqlarına xidmət edən müddəalardır. Məsələyə məhz bu aspektdən yanaşdıqda, ermənilərin etirazlarının səmimi olmaması təəssüratı yaranır. Dəfələrlə deyilib ki, Minsk qrupunun həmsədrləri hər imkanda erməniləri dəstəkləməyə çalışır. Onların son bəyanatı da bu fikirləri bir daha təsdiqləyir. Dediklərimizi ümumiləşdirdikdə gəlinən nəticə bundan ibarətdir ki, ermənilər məlum çərçivədə hazırlanmış ssenaridə onlara ayrılmış "rol"un oynanılması ilə məşğuldurlar. Eyni zamanda, ermənilərin narazılıq görüntüsü yaratmaları Azərbaycan ictimai rəyini çaşdırmağa da hesablanmış ola bilir. Yəni ermənilər bu prinsiplərə etiraz edirsə, deməli, onlar Azərbaycanın maraqlarına uyğundur. Lakin indiki şəraitdə ermənilərin özlərini necə aparmaları əhəmiyyətli deyil. Çünki həmin prinsiplərin reallaşması ilk növbədə Azərbaycan rəhbərliyinin buna razılıq verməsindən keçir. Hər halda, düşünmürəm ki, Azərbaycanın siyasi rəhbərliyi məlum prinsipləri qəbul edəcək".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar