SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birliyi tarixi köklərə bağlıdır

2021.10.20, 07:36
Azərbaycan və Türkiyə birliyi tarixi köklərə bağlıdır

Gunaz.tv
YAP sədrinin müavini, icra katibi Əli Əhmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti ilə görüşündə ölkələrarası əməkdaşlığın inkişafında siyasi partiyaların rolunu xüsusi vurğuladı Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın sədr müavini, icra katibi Əli Əhmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan YAP sədrinin müavini Əli Əhmədov iki dost, qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyəsindən geniş bəhs etdi. Bildirdi ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafında maraqlıdır. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində siyasi iradə nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Bu birliyin, dostluğun möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” fikrini, eyni zamanda ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” tezisini önə çəkən Əli Əhmədov bildirdi ki, bu, dostluğun sarsılmazlığını, tarixi köklərə malik olduğunu təsdiqləyir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müzakirəyə çıxarılan məsələlər, ümumi rəyin ortaya qoyulması münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. İki dost, qardaş ölkənin siyasi sahədə əməkdaşlığı da yüksək səviyyədədir. Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemlərin aradan qaldırılması yüksək dəyərləndirilir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, bir millətik, hədəfimiz birdir, xalqlarımızın maraqlarına xidmət edən siyasət həyata keçirilir. Ə.Əhmədov bu gün hər iki ölkənin demokratik dəyərlərə sadiqliyindən, dünyanın nüfuzlu təşkilatlarında bir-birinə dəstək olaraq erməni yalanlarının ifşası istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bu fikir dönə-dönə qeyd edildi ki, Azərbayan və Türkiyə dostluğu, qardaşlığı dərin köklərə malikdir, uğurlu inkişafı üçün hər iki tərəf ciddi səylər göstərir. YAP sədrinin müavini qeyd etdi ki, dünyada çox sürətli dəyişikliklər baş verir. “İndiki zamanda geridə qalmamaq, işləri irəli aparmaq üçün qarşılıqlı əməkdaşlığa böyük ehtiyac var. Türkiyə və Azərbaycan bir yerdə olanda daha güclü olur. Bir millətin iki dövləti olanda bu daha əhəmiyyətlidir. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir.” Ə.Əhmədov ölkələrarası əməkdaşlığın inkişafında siyasi partiyaların rolunu önə çəkərək bu gün gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığını da yüksək dəyərləndirdi. YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, siyasi çəkisində geniş bəhs edən Ə.Əhmədov partiya sıralarında birləşən üzvlərin əksəriyyətinin gənclər olduğunu qeyd etdi. Bildirdi ki, bu da gənclərimizin Heydər Əliyev ideyalarına sədaqətinin, həyata keçirilən siyasətin gələcəyinə inamının göstəricisidir. Türkiyə və Azərbaycan gənclərini bir amal birləşdirir- Hər iki dövlət daha güclü, qüdrətli olmalıdır. Bu gün dünyanın hər bir ölkəsində bu birliyin şahidi oluruq. Ə.Əhmədov qardaş ölkənin artan iqtisadi qüdrətindən də danışdı: “Türkiyə Avropanın 6-cı, dünyanın 16-cı iqtisadiyyatıdır. Bir neçə il bundan əvvəl Türkiyə dünyanın 27-ci iqtisadiyyatı idi. Bu, qısa zamanda böyük yoldur. Qardaş ölkənin hakim partiyasının rəhbərliyi altında Türkiyə böyük inkişaf yolu keçdi, 10 pillə iqtisadiyyatını gücləndirdi. Avropada da Türkiyə çox güclənib. Eyni fikirləri ölkəmiz haqqında da deyə bilərik. Baxmayaraq ki, Azərbaycan kiçik dövlətdir, daim böyük uğurları ilə dünyanın diqqət mərkəzindədir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycan qüdrətli, zəngin dövlətə çevrilir. Son illərdə ölkəmizin iqtisadi artımın sürətinə görə birinciliyi ələ alması böyük uğurdur. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi islahatların əsasında xalqın daha yaxşı yaşaması dayanır. Gənc dövlətin dünyada yaxşı imic qazanması təbii ki, böyük nailiyyətdir. Azərbaycanın uğurları daim Qərb və Avropa dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Bu da ölkəmizin öz siyasətini düzgün istiqamtəndirməsindən irəli gəlir.” İqtisadi tərəqqi yeni prioritetlərin müəyyənləşdirilməsinə əsas verir. Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini qarşıya ən ümdə məqsəd kimi qoyub. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamıdır. Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq aləmdə yeri və rolunun artmasına geniş imkanlar açır. Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Ə.Əhmədov Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyindən də danışdı. Qeyd etdi ki, bu uğurlar ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkanlar açır. Dövlətimizin uğurlu xarici siyasəti nəticəsində dünya həqiqəti dərk edir, Azərbaycanın haqq səsi eşidilir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Gənclər Birliyi sədrinin birinci müavini İsmayıl Karaosmanoğlu çıxışında hər iki ölkənin hakim partiyasının əlaqələrin inkişafında böyük rola malik olduğunu qeyd etdi. Qonaq çıxışında ölkəmizin bugünkü uğurlarına diqqəti yönəldərək bildirdi ki, bu, Azərbaycana sayca 6-cı səfəridir. Hər bir gəlişində ölkəmizdə böyük uğurların şahidi olduğunu qeyd edən qonaq bundan böyük qürur hissi keçirdiyini diqqətə çatdırdı: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Hər iki dövlətin birgə fəaliyyəti regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə səbəb olur.” Qonaq erməni yalanlarının ifşası istiqamətində hər iki dövlətin diaspor təşkilatlarının birgə fəaliyyətindən danışdı. Qeyd etdi ki, beynəlxalq təşkilatların tribunalarında erməni yalanları faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Fakt qarşısında aciz qalan ermənilər və erməni diasporu diqqəti yayındırmaq üçün müxtəlif bəhanələrə əl atır, yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırıyacaqlarını düşünürlər. Lakin dəyişən, inkişaf edən dünya reallığa olduğu kimi qiymət verməyə çalışır. Gerçəklik budur ki, Ermənistan işğalçılıq siyasəti həyata keçirərək, Azərbaycanın 20 faiz torpağını işğal edib. İ.Karaosmanoğlu ötən səfərlərində Dağlıq Qarabağ problemi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla görüşdüklərini, onların qayğıları ilə yaxından tanış olduqlarını bildirdi. “Azərbaycan dövləti daim bu insanlara böyük diqqət və qayğı göstərir. Lakin bu gün hər bir azəbaycanlının, türkün əsas arzusu, istəyi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz doğma yurd-yuvalarına qaytmalarıdır.” Qonaq bildirdi ki, həqiqətlərimizin dünyaya çatdırılmasında hər iki ölkənin hakim partiyasının Gənclər Birliyində təmsil olunan gənclər də yüksək fəallıq nümayiş etdirməlidirlər. Bunun üçün beynəlxalq əməkdaşlığın rolunu xüsusi vurğulayan İ. Karaosmanoğlu qeyd etdi ki, mütəmadi olaraq ölkəsində təşkil olunan tədbirlərdə YAP Gənclər Birliyinin üzvlərinin, eyni zamanda YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlərdə təmsil olunduğu partiyada birləşən gənclərin iştirakı olduqca əhəmiyyətlidir. Bu addımlar dünyaya birliyimizi, həmrəyliyimizi nümayiş etdirir. Sonda hər iki tərəfi təmsil edən nümayəndə heyətinin üzvləri xatirə şəkli çəkdirdilər. Yeganə Əliyeva, Vüsal Cahanov (foto), “İki sahil”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar