Pişəvərinin məzarı Ankarada olsaydı… - Güntay Gəncalp
2021.10.20, 07:36
Sual: Məzarların harda olub-olmamasının bir önəmi varmı? Cavab: Məzarların harda olub olmaması çox önəmlidir. Yəni bu, ölüb torpağa gömülən üçün önəmli deyil. Tarix üçün önəmlidir. Burada söz qonusu tarixi şəxsiyətlərdir. Tarixi bir şəxsiyət öldükdən sonra onun inancının, dünyagörüşünün məzmunu ölüb dəfn edildiyi yerdən də asılı olur. Əgər bir şəxsiyət mübarizəyə başlayır, bu mübarizə milli mahiyət daşıyırsa öləcəyi yerə özü qərar verməlidir. Bu şəxsiyətin məzarı ya öz vətəni olmalıdır, ya da onun milli dünyagörüşünün uzantısı olan başqa uyğun bir yer olmalıdır. Təsadüfi ölümlər istisna olmaqla. Diqqət etsəniz keçən əsrin ortalarında bir çox kommunistin məzarı rus torpaqları oldu. Nazim Hikmət və Pişəvəri kimi. Çünkü onlar bu şəkildə düşünürdülər. Onlar rus inqilabına inanmışdılar. Sual: Ənvər Paşanın da məzarı tacikistanda idi. O zaman Ənvər Paşa da rus inqilabınamı inanmışdı? Cavab: Ənvər Paşa rus inqilabina qarşı savaşdığı üçün Şəhid oldu. Bu durumlar fərqlidir. Ənvər Paşa türk yurdlarının qurtuluşu üçün silahlı savaşa girmişdi. Bilirsiniz əfsanələrdə Turan uğruna savaşlar olmuşdur. Ancaq gerçək tarixdə ilk dəfə olaraq Turan üçün silahlı savaşa girən Ənvər Paşa olmuşdur. Ənvər Paşa öldürüldükdən sonra Türkistan dirəniş hərəkəti yenilgəyə uğradı. Ənvər Paşa bir Osmanlı-türk kimliyi daşısa da onun şəxsiyəti və dünyagörüşü o zaman türk millətləri tərəfindən qəbul edilirdi. Bugünkü Azərbaycan dövləti Ənvər Paşanın hesabına var edildi. Ənvər Paşa Bakının erməni silahlılarından təmizlənib başkənd edilməsi üçün özəl tapşırıqlar vermişdi. Güney Azərbaycanda da Ənvər Paşanın xalası oğlu Xəlil Paşa olmasaydı o yurdlarda bir tək türk insanı diri qalmaya bilərdi. Bu kimi şəxsiyətlərin savaşdıqları yerdə gömülmələri daha sonrakı tarixi olayların axışını öz etkisi altına alar. Olayların baş verdiyi zamana diqqət etməliyik. Keçən əsrin ikinci onilliyinin sonlarında türkistanda və Qafqazda istiqlal savaşları gedirdi. Bu yurdlar hələ Sovet ölkəsinin bir parçası olmamışdı. Ancaq Azərbaycanda və Türküstanda dirəniş çökdükdən sonra Sovetləri öz ideal ölkəsi olaraq seçib və məslən gedib Bakıda və ya Türkistanda ölənlər Sovet zehniyətinin hakim olduğu məkanlarda ölmüşlər. Türk yurdlarında deyil. Sual: Məzarların daşınma olayları var. Ənvər Paşanın məzarını türkiyəyə gətirdilər. Bunu necə dəyərləndirmək olar? Cavab: Məzarların daşınması hər zaman doğru davranış deyildir. Ənvər Paşanın məzarının türkiyəyə daşınması çox böyük və doğru davranış idi. Çünkü Tacikistanda Ənvər Paşa kimi bir tarixi şəxsiyətimiz unudulmuş bir məzara dönüşməməli idi. Ənvər Paşanın məzarına sahib çıxmaq, dolayısıyla onun ideallarına daha modern şəkildə sahib çıxmaq anlamındadır. Çünkü Ənvər Paşa türkistanı türk kimliyinə məkan etmək üçün savaşırdı. Tacikistanın da tacik olduğu üçün Ənvər Paşanın o yerlərdə qalması, yalnız qalması doğru olmazdı. Türkiyə dövləti bu qonuda doğru olanı yapdı. Örnəyin Ənvər Paşa Bakıda olduğu zamanda ölsəydi, Onun Ankaraya daşınmasının anlamı olmazdı. Çünkü Bakı və Ankara bu əsrin ilk yarısının bitiminə qədər birləşəcək və federal dövlət olacaqlar. Bakıda olan türk şəhidlərinin məzarları bu baxımdan müqəddəslik təqdim edəcək. Oysa Tacikistanla birləşmək çətin işdir. Ehtiyac da yoxdur. Ancaq məncə Nazim Hikmətin məzarını Ankaraya daşımanın anlamı yoxdur. Çünkü Nazim şüurlu olaraq rus casusluğu etməkdən xoşlanırdı. Rusiyanı özünə dəfn olmaq üçün şüurlu şəkildə seçmişdi. Onu Türkiyəyə daşımanın nə anlamı ola bilər? Sual: Rəsulzadənin də məzarı Ankaradadır. Bəzən Rəsulzadənin məzarının Bakıya daşınmasını arzu edənlər olur. Bunu necə dəyərləndirmək olar? Cavab: Rəsulzadənin məzarının Ankarada olması keçən əsr tariximizin məzmunu və yönü haqda bizə çox bilgilər verir. Nazim Hikmət şüurlu şəkildə Rusiyanı özünə dəfn yeri seçdiyi kimi Rəsulzadə də Ankaranı özünə son mənzil seçmişdir. Rəsulzadənin qurduğu dövlət devrildikdən sonra Bakıda ya da Moskovada yaşasaydı. Onu öldürəcəkdilər. Rəsulzadə siyasi mühacirətdə olduğu zaman bizim mədəniyətimiz üçün çox böyük işlər gördü. Bir çox kitablar yazdı. Onun yazdığı kitablar bu gün milli şüurumuzun oyanışına, milli kimliyimizin yüksəlişinə təkan verir. Sovetlərdə qalsaydı, bu işlərin heç birisini edə bilməzdi. Rəsulzadə öz türklük şüurunu daha sonrakı illərdə kitablaşdırdı. Onun əsərlərini də qoruyub saxlayan Türkiyə aydınları oldu. Bu gün də Rəsulzadənin bir çox kitabı yalnız türkçənin anadolu ağzında mövcuddur. Məncə heç lazım da deyil onu türkçənin Azərbaycan ağzına çevirmək. O ləhcəmizdə yazmışsa, o ləhcədə də oxunmalıdır. Rəsulzadənin məzarının Ankarada olması təsadüfi deyildir. Bu, o dönəmdə türk dünyasında yayqın olan türk birliyi düşüncəsinin göstərgəsidir. Zəki Vəlidi Tuqanın məzarı Türkiyədədir. Doğu Türkistan dövlət adamı Yusif Ziya Alptəkinin də məzarı Türkiyədədir. Bunlar onu göstərir ki, bizim dədələrimiz, böyüklərimiz, yolumuza işıq tutan ulularımız Türkiyəni ortaq vətən seçmişlər, böylə bilmişlər. Rəsulzadənin məzarını Bakıya daşımanın heç bir anlamı olmaz. Çünkü Ankara ilə Bakının heç bir fərqi yoxdur. Rəsulzadə Birinci Dünya Savaşı sırasında Azərbaycanın digər aydınları ilə bir yerdə türk ordusuna yardım kompaniyası düzənləmişlər. Yəni Rəsulzadə gərəksəydi Türkiyənin də qurtuluşu yolunda savaşardı. Bu gün biz də böylə düşünmürükmü? Biz türkük. Türk hər yerdə türkdür. Böylə bir tarixi durum ortadaykən, Rəsulzadənin məzarını Bakıya daşımanın heç bir anlamı yoxdur. Rəsulzadə hələlik Azərbaycan dövləti tərəfindən gərəkən sayqını görmür. Ancaq bu gün iqtidarda olan təsadüfi adamları tarix silib aparacaq. O zaman Rəsulzadənin məzarının Ankarada olması bir cazibə mərkəzinə dönüşəcək. Birliyimizin rəmzi olacaq. 1918-20 illər arasında Azərbaycanın bir çox yerlərində bizim istiqlalımız yolunda savaşıb şəhid olan türk əsgərləri də birliyin əxlaqi və mənəvi yönünü oluşduracaqlar. Rəsulzadənin məzarını Bakıda görmək istəyənlər bizim milli kimliyimizin tarixi və coğrafi dərinliyi haqqında bilgisizdirlər məncə. Sual: Pişəvərinin məzarı haqqında nələr söyləmək olar? Cavab: Pişəvərinin zamanındakı tarixi gerçəklər tamam başqadır. O zaman indiki müstəqil Azərbaycan Sovet ərazisi sayılır. Pişəvəri də Sovet ərazisində öldü. Çünkü o gerçəkdən də Sovetizmə inanırdı. İnancının hakim olduğu ölkədə öldü. Pişəvərinin ağlında məzarının Ankarada olması olsaydı durum tamam başqa cür olar. 1. Pişəvəri daha uzun zaman yaşar və Rəsulzadə kimi ömrünün qalanını yaradıcılığa həsr edər, bir çox kitablar yazardı. Bilirsiniz bu kimi şəxsiyətlərin yazıları millət üçün çox önəmlidir. 2. Pişəvəri həyatındakı keçmiş xətalarından və sovet mərkəzli düşünmə fəlakətindən və biabırçılığından qurtulmuş olardı. 3. Azərbaycanın tam göbəyi sayılan Savcıbulaq kürdlərə bağışlanmazdı. Pişəvəri və Nərimanov olaya vətən zehniyətindən baxmır, saxta və əsası olmayan beynəlmiləlçilik bucağından baxırdılar. Ona görə də onlar vətənimizi ona-buna bağışlamağı öz əxlaq anlayışlarına yerləşdirmişdilər. 4. Pişəvərinin zehninin bir yerlərində məzarının Ankarada olması olsaydı, o əsla məğlub olmazdı. Çünkü o zaman Azərbaycan öz gerçək milli kimliyi olan türklüyə güvənərdi. O zaman sovetlərin xeyirinə milli mübarizədən geri çəkilib on minlərcə insanımızı başsız buraxıb meydanı tərk etməzdi. Çünkü bir türk savaş səhnəsindən qaçmaz, qaçmamalıdır. Bilirsiniz ki, o zaman on minlərcə insanımız heç savaşmadan Tehran ordusu tərəfindən qətl edildilər. Bu qətllər Təbrizdə və digər şəhərlərdə olduğunda Pişəvəri sovet torpağından kənardan tamaşaçı kimi baxırdı. əslində bu zaman o intihar etməli idi. Pişəvəri intihar etsə idi, bu gün tam bir qəhrəman kimi tariximizdə qalardı. Məğlubiyətinin, savaşmadan sovetlərə qaçmasının, ya da qaçırılmasının suçunu bu şəkildə yuya bilərdi. Anlaşıldığı kimi məzarın Ankarada ya da sovetlərdə olması sadə bir məsələ deyil, bir zehniyət məsələsidir. Tarix məğlublara haq tanımır. Tarix qaliblərindir. Məğlublar sadəcə iç enerjisini itirmiş həzin xatirəyə çevrilirlər tarixin bilinməz yerlərində. Pişəvəri, Lenini və Stalini deyil, Atatürkü örnək alsaydı, ölkədə qurtuluş savaşı başladardı və Tehranın cürəti olmazdı Azərbaycana yaxəınlaşsın. Bütün xalqı silahlı savaşa sövq edə biləcək fürsəti var idi. Onun zehniyəti və keçmişindən qaynaqlanan mənfi təsirlər tariximizi qaranlıqlara gömdü. On minlərcə adam o zaman sovetlərə getdi. O qədər adam Qərbə qaçsaydı indi böyük lobbimiz var idi. Orada çoxlarını sibirlərdə öldürdülər. Çoxlarının da başına min bəla gətirib yerlərində oturtdular. Bir neçəsini mən yaxından gördüm. Bakıda bəziləri şalvarlarına işəyə-işəyə, Xəyamdan şeir oxuya-oxuya gedirdi. Bax Pişəvərinin məzarı Ankarada olsaydı bu qədər faciələri yaşamazdıq, bu qədər təhqir olunmazdıq və enerjili insanlarımız sibirlərin soyuğunda donub ölməzdilər. Bu gün də Güneydə milli mübarizə gedərkən bakıda olan minlərcə insandan xəbər yoxdur. O insanlar ki, Pişəvəri ilə bir yerdə oraya getdilər. Onların törəmələrindən də heç bir xəbər yoxdur. Çünkü sovetizm onların bütün enerjisini məhv etdi. Öylə məhv etdi ki, bir daha qıpırdanışa imkan qoymadı qalsın. Onların Bakıda bu gün nə bir dərnəkləri var, nə də bir kültür mərkəzləri. Heç bir şey yoxdur. Firqəyə bir yer ayırmışdılar sovet zamanı, onun da dərdi İrandakı kommunistlərə yardım etmək idi. Bu üzdən də Pişəvərinin məzarı ya Təbrizdə, ya da Ankarada olsaydı fərqli tarixə sahib olacaqdıq. Bəlkə də bu gün fars dili başımız üstündə qılınc kimi durmazdı. Pişəvəri qurtuluş savaşçısı deyildi. Saxta qəhrəmanlar düzəltməyə gərək yoxdur. Son zamanlar Pişəvərinin “nadirə” adinda bir romanını oxudum. Bu romanın müəllifi qurtuluşçu ola bilməzdi. İnsanları sadəcə etdiklərinə görə deyil, etmədiklərinə görə yarqılamaq lazım. Yəni edilməmiş böyük işlərə görə. Edilənlərlə bir millət qurtulmamışsa, demək ki, ortada edilməmiş böyük işlər qalmışdır. Sual: Bakını türk yurdu görmürsünüzmü, Pişəvərinin məzarının orda olmasının nəyi pisdir? Cavab: Söz qonusu budur ki, o zaman Təbriz mərkəzli hərəkətdə bölgə və uluslar arasında rol oynayan Bakının iradəsi deyildi, Rusiyanın iradəsi idi. Rusiyanın orbitindən çıxıb fərqli mübarizə başlatmaq variantı üzərində heç düşünülməmişdir. İkinci Dünya Savaşından Rusiyanın qalib çıxması və kommunizm ideologiyasının saldırısı qarşısında dünya gerçəklərini dərk edəcək liderimiz olmadı o zaman. Onminlərcə insan sovetlərə deyil, Türkiyəyə ya da Qərbə getsəydilər, bugün Qərbdəki statusumuz fərqli ola bilərdi. Minlərcə professorlarımız, işadamlarımız milli mübarizənin içində olardılar. Oysa onminlərcə insan bütün törəmələri ilə sovetlərdə söndürüldülər. Enerjiləri, idealları əllərindən alındı. Mən Bakıda o insanlarla rastlandığımda onlara yazığım gəlirdi. Maddi güvəncələri olmadıqları üçün sanki bir utanc duyğusu içində yaşayırdılar. Sonra da onminlərcə adam Bakının sovet vurmuş universitetlərində saxta bilgilərlə beyinlərini doldurdular. Hətta bu gün onların bilgilərinin, əsasən də sosial və tarix bilgilərinin elə bir önəmi yoxdur. Sovetlərdə və daha sonra Bakıda İrandakı türk kimliyi ilə bağlı şkillənmiş olan bilgilər çox əksikdir. Bəzən də zərərlidir. Soyuq Savaş sonrasında da bizim bəzi milli gənclərimiz gedib Bakıda bu saxta bilgilərə alışdılar. O bilgilərlə biz fars dilinə və kimliyinə qarşı çıxa bilmərik. Tez çökərlər. Çünkü bilginin oluşduğu sosial ortam çox önəmlidir. Bilgi evrənsəl irtibatlar bütünü içində şəkillənməlidir. Bir şəxsiyət zamanının ötəsinə çıxa bilmirsə, böyük işlər görə bilməz. O zaman səviyəmiz aşağı idi, ancaq toplumda öz qurtuluşu üçün inam varmış. Bir liderin də güvəndiyi əsas dayanaq toplumun özünə olan güvənidir. Pişəvəri xatirələrində yazır ki, “biz hər yerə farsca teleqram göndərirdik, ancaq cavablar ana dilində gəlirdi. Bu səbəbdən biz də ana dilinə əhəmiyət verməyə başladıq.” Görürsünüz ki, millət milli məsələdə liderindən daha öndə imiş. Bunlar kiçik məsələ deyil. Pişəvəri qorxunc keçmişindən tam olaraq ayrılmamışdı. Güntay Gəncalp 12/07/2009