SON XƏBƏRLƏR

Tehranda növbəti qarşıdurma

2021.10.20, 07:36
 Tehranda növbəti qarşıdurma

Gunaz.tv
Tələbə üsyanının 10-cu ildönümü sükutu pozdu Mola rejimi isə yeni raketi sınaqdan keçirdi Dünən İranda tələbə üsyanlarının 10-cu ildönümündə minlərlə gənc küçələrə axışaraq aksiya keçirməyə başlayıb. “Mediaforum” saytının məlumatına görə, minlərlə aksiyaçı İnqilab küçəsi istiqamətində Tehran Universitetinə doğru hərəkət edib. Küçə və meydanlardakı nəzarəti gücləndirən minlərlə dəyənəkli polis və mülki geyimli hökumət qüvvələri “Diktatora ölüm” şüarı verən aksiyaçıların universitetə yaxınlaşmasına mane olmaq və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurmalarda bədən xəsarəti alanların sayı barədə hələlik konkret hər hansı məlumat yayılmasa da, yüzlərlə gəncin həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir. Qeyd edək ki, 10 il əvvəl islahatçı “Salam” qəzetinin bağlanmasına qarşı çıxan Tehran Universiteti tələbələrinin keçirdiyi dinc aksiyanı mülki geyimli hökumət qüvvələri iyulun 9-da gecə vaxtı amansızlıqla dağıdıb. Odlu və soyuq silahlarla hücuma keçən qüvvələr bir neçə tələbəni qətlə yetirib, onlarla tələbəni isə həbs ediblər. Bundan sonra İranda tələbələrin hakimiyyətə qarşı kütləvi üsyanı başlayıb. Etirazlar bir həftədən çox çəkib və ölkənin bütün iri şəhərlərini əhatə edib. Tehran qubernatoru: «Onlar ayaq altda qalacaqlar» Dünən günün əvvəlində Tehran vilayətinin qubernatoru Murtuza Təməddün tələbələrin hakimiyyətə qarşı üsyanlarının 10-cu ildönümü günü aksiyaya çıxacaq şəxslərin ayaq altda qalıb əziləcəyini bəyan edib. O, aksiya keçirmək üçün heç bir təşkilata icazə vermədiklərini bildirib: “9 iyul toplantısı üçün nə kimsə bizə müraciət edərək icazə istəyib, nə də biz kiməsə icazə vermişik”. M.Təməddün keçiriləcək hər hansı aksiyanın qanunsuz olduğunu vurğulayıb: “Hansısa qrup bəzi əksinqilabçıların xaricdən yaydığı şəbəkələrin təhriki və çağırışı ilə küçələrə çıxıb asayişi pozmağa və milli təhlükəsizliyə qarşı çıxmağa cəhd göstərsə, ayıq xalqımızın ayaqları altında əziləcək”. Keçmiş nazir müavini həbs edildi İranın islahatçı qurumlarından olan İslam İnqilabı Mücahidlər Təşkilatının Mərkəzi Şurasının üzvü Feyzulla Ərəb Sorxi iyulun 7-də həbs edilib. F.Ə.Sorxi Məhəmməd Xatəminin prezidentliyi dövründə ticarət nazirinin müavini işləyib. Sorxinin niyə həbs edildiyi hələ bilinməsə də, bunun iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı olduğu ehtimal edilir. “Böyük səkkizlik” İranla bağlı Bəyannamə qəbul etdi “Böyük səkkizlik” (G8) ölkələri liderlərinin İtaliyanın Akvila şəhərində sammiti keçirilir. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, sammitin ilk günü İranla bağlı Bəyannamə qəbul olunub. Sənəddə İranda baş verən hadisələrlə bağlı ciddi narahatlıq ifadə olunur. Sammit iştirakçıları daha çox Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra ölkədə baş qaldıran siyasi böhranın, həmçinin İranın nüvə proqramının əndişə doğurduğunu bəyan ediblər. Sənəd müəllifləri İran hakimiyyətinin kütləvi iğtişaşlara və müxalifətin polislə qanlı toqquşmalarına səbəb olan əməllərini qınayıb, rəsmi Tehranı ölkədəki zorakılığa, İranda yaşayan əcnəbi vətəndaşlara qarşı repressiyalara son qoymağa çağırıblar. Bununla yanaşı, G8 liderləri İran rəhbərliyini nüvə proqramı ilə bağlı dünya ictimaiyyəti ilə əməkdaşlıq etməyə çağırıb, rəsmi Tehrandan dərhal BMT qətnamələrinə tabe olmağı tələb ediblər. Lakin Bəyannamədə çağırışlara məhəl qoymayacağı təqdirdə, Tehrana qarşı hər hansı təxirəsalınmaz tədbirlərin görülməsi əksinin tapmayıb. “Human Rayts Votç” yalançı etirafları pislədi “Human Rayts Votç” beynəlxalq insan haqları təşkilatı bəyanat yayaraq İran rəsmilərini seçki məhbuslarını televiziyaya çıxararaq təzyiq altında yalançı etiraflar almaqda günahlandırıb. “Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Hökumət müstəntiqləri tutulanları kobud istintaq şəraitində fasiləsiz dindirir, onları döyür, təhqirə məruz qoyur, ac və yuxusuz saxlayaraq ekran qarşısında yalançı etiraflara məcbur edirlər”. Təşkilatın Orta Şərq və Şimali Afrika bölməsinin direktoru Sara Li Vitson isə jurnalistlərlə görüşündə hökumətin öz xalqına qarşı repressiyasından danışıb: “İran hökuməti təzyiq altında aldığı bu yalançı etiraflarla dinc aksiyaçılara qarşı təzyiq və zorakılıqlarına haqq qazandırmağa çalışır”. Xatırladaq ki, son günlər 12 iyun prezident seçkisindəki saxtakarlıqlara etiraz olaraq dinc aksiyalara qatıldıqları üçün tutulanların bəziləri İran Dövlət Televiziyasına çıxarılaraq xarici ölkələrin, BBC və “Amerikanın səsi” kimi telekanalların təhriki ilə şüurlu olaraq milli təhlükəsizliyə qarşı çıxdıqlarını, xuliqanlıqla məşğul olduqlarını etiraf edirlər. İran yeni raketi sınaqdan keçirdi İran prezidenti Mahmud Əhmədinejad 2 min kilometr məsafəli “Sejil-2” yeni ballistik raketlərinin uğurla sınaqdan keçirildiyini bəyan edib. ANS PRESS-in “Mignews”a istinadən verdiyi xəbərə görə, İran dövlət televiziyası ilə çıxış edən Əhmədinejad “Sejil-2”də raketin vurma dəqiqliyini əhəmiyyətli dərəcədə artıran “qabaqcıl naviqasiya avadanlığı”nın quraşdırıldığını bildirib. Sınaqların keçirildiyi Semnan vilayətindən yayımlanan reportajda İran prezidenti kütlə qarşısında lovğalanaraq bildirib: “Raket hədəfi dəqiq məhv etdi”. Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Robert Geyts “iranlıların 2-2,5 məsafəli raketləri uğurla sınaqdan keçirmələri faktını” təsdiq edib. Lakin Geyts qeyd edib ki, iranlılar “raketlərin bu növünün mühərriki ilə bağlı müəyyən çətinlik hiss edirlər». Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar