SON XƏBƏRLƏR

Ayxan Hacızadə: Paşinyan Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib

2025.05.16, 12:34
Ayxan Hacızadə: Paşinyan Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib

"15 may tarixində Ermənistan Baş naziri Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib".

Gunaz.tv

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş nazirinin İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır.

"Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.

Baş nazir Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır. Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının Konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur.

Bununla yanaşı, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər necə qondarma rejimə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb.

Həmçinin, 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur", - XİN sözçüsü vurğulayıb.

 

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar