SON XƏBƏRLƏR

YOL XƏRİTƏSİ - AKP-nin SOL XƏRİTƏSİ

2021.10.20, 07:36
YOL XƏRİTƏSİ - AKP-nin SOL XƏRİTƏSİ

Gunaz.tv
YOL XƏRİTƏSİ - AKP-nin SOL XƏRİTƏSİ Türkiyə-Ermənistan sərhədinin açılmasının qeyri-müəyyən müddətə təxirə salınması barədə xəbərlər qətiləşərkən ortalıq yenidən qarışdı. Bunu çoxları gözləmirdi. “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhəd açılmayacaq” iddiası ilə çıxış edən və milyonlarla narahat insanı arxayınlaşdıran AKP iqtidarı həm Türkiyə xalqını, həm də Azərbaycanı fakt qarşısında qoydu. Bu bəyanatın üstündən 24 saat keçməmiş məlum oldu ki, gecənin bir yarısı tərəflər (Ermənistan və Türkiyə) yeni situasiya ayaradıblar və problemi başqa cür həll etmək istəyirlər – guya ki, Azərbaycanı qıcıqlandırmadan, hay-küy yaratmadan. Bir sözlə, Türkiyə-Ermənistan sərhədi Qarsda, İqdırda açılmır, İsveçrədə açılır. Neytral İsveçrə dövləti öz üzərinə öhdəlik götürür, vasitəçi olur və tərəflər ikili münasibətləri inkişaf etdirmək, normallaşdırmaq, qarşılıqlı hörmət əsasında yaxşı qonşuluq münasibətləri yaratmaq, bölgədə sülhü təmin etmək üçün çalışmalara başlayırlar. Srağagün gecə ortaya atılan və Türkiyə-Ermənistan münasibətlərinin gələcəyini nəzərdə tutan “yol xəritəsi”nin mahiyyəti budur. Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, AKP iqtidarı Ermənistana güzəşt siyasətindən çəkinmək istəmədi. Həm Ermənistan, həm də Türkiyə iqtidarı sağdan-soldan həmlə etdilər, baş tutmayınca, məqsədə İsveçrənin “arabuluculuğu” ilə yaxınlaşdılar. İki gün öncə Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Dəniz Baykal xəbərdarlıq etmişdi, Ərdoğanın sözlərinə güvənməyin doğru olmadığını bildirmişdi. Cənab Baykal haqlı çıxdı. Əslində, bu yol xəritəsi yeni bir şey deyil. Ötən həftənin əvvəlində Rüsiya kəşfiyyatının Türkiyə-Ermənistan arasında aparılan gizli danışıqları Bakıya ötürməsindən bəhs edən yazımızda bu müddəalar da yer alırdı. Gizli danışıqlarda tərəflərin öz məqsədlərinə çatmaq üçün hansı yollardan keçmək istədikləri, nələr planlaşdırdıqları göstərilmişdi. Dünən Türkiyə mediası bu yeniliyi “sürpriz gəlişmə”, “gözlənilməz addım”, “tarixi qərar” adlandırarkən, Rusiya telekanalları onu az qala Türkiyənin uydurma “erməni genosidi”ni tanıması kimi qələmə verirdilər. Bu, hələlik sərhədin açılması, ermənilərin “soyqırımı etiraf etdirmək” arzusunun həyata keçməsi demək olmasa da, Türkiyənin güzəştə aparan yola düşməsi, daha dəqiqi, o yola sürüklənməsi deməkdir. Bu “yol xəritəsi” yavaş-yavaş qardaş ölkəni Ermənistanın ayağına aparacaq. Türkiyə zaman-zaman enişdən, yoxuşdan, tikanlıqdan, yarğanlardan, tanımadığı yerlərdən keçəcək, axırda elə bir yerə gəlib çıxacaq ki, geriyə yolu olmayacaq. Buna erməni siyasəti deyərlər. Onlar bu dərsi qoca Avropadan alıblar. 100 il öncə itli-pişikli birləşərək Osmanlı imperiyasını parçalamağa gələn, İstanbul da daxil, Türkiyənin bir sıra iri şəhərlərini işğal edən qüdrətli dövlətlər öz məkrli niyyətlərini incəliyinə qədər ssenariləşdirməyi, xəritələşdirməyi gözəl bacarırlar. Hazırda onların bütün çalışmaları müsəlman dünyasının ən qüdrətli dövlətini - Türkiyəni erməni maşası ilə zəiflətmək, parçalamaq istiqamətindədir. Qardaş ölkənin Avropa İttifaqına qəbul edilməməsinin sirri də buradadır. Təşəbbüs göstərən Avropa dövlətlərinin hamısını həmin birliyə qəbul edirlər, Türkiyənin qarşısında isə daimi qırmızı işıq yanır. Avropanın iri dövlətlərinin bir “yol xəritəsi” də Türkiyəni Aİ-yə aparmaq üçün tərtib olunub. Ancaq o xəritə Türkiyəni çıxışı olmayan tunelə aparıb çıxarıb. Belə görünür ki, Tayyib bəyin iqtidarı ermənilərə güzəştə getməkdən, onların bütün arzularını tədricən reallaşdırmaqdan başqa yol görmür. Bəs yeni situasiyada Azərbaycan iqtidarı, müxalifəti və xalqının reaksiyası necə olacaq? Bu təhlükəli durum iki qardaş dövlət arasında dərin girdab yaradacaqmı, onu böyüdəcəkmi? Bunun cavabını yaxın günlərdə biləcəyik. Xalid Kazımlı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar