SON XƏBƏRLƏR

Gürcüstanda vətəndaş qarşıdurması yaranır

2021.10.20, 07:36
Gürcüstanda vətəndaş qarşıdurması yaranır

Gunaz.tv
Gürcüstanda vətəndaş qarşıdurması yaranır Müxalifət rəsmi orqanları iflic etmək taktikasını seçdi Gürcüstanda durum getdikcə daha ağır olur. Müxalifət kütləvi aksiyalarında yeni üsullara əl atır. İndi onlar Tbilisidə həyatı dondurmaq məqsədini güdürlər. Müxalifət bölgələrdən cəlb etdikləri tərəfdarları hesabına bir neçə rəsmi orqanın yerləşdiyi binaları təcrid etməyi düşünürlər. Bura Prezident Aparatı da daxildir. Əlavə olaraq Rustaveli prospekti üzrə çadırlar qururlar. Onların məlumatına görə, on minlərlə müxalifətçi aksiyada iştirak edəcək. Rəsmi orqanların fəaliyyətinə maneçiliklərin törədilməsi gözlənilməz olaylara yol aça bilər. Belə ki, bu halda hakimiyyətin özünü müdafiə etmək haqqını tanımaq lazım gəlir. Buna qarşı hərbi güc işlənməsi istisna deyil. Güc tətbiqi isə çox təhlükəli tendensiyaların meydana çıxmasına səbəb olacaq. Bu baxımdan Tbilisidə həyatı dondurmaq planı arxasından təxribatlar gəlir. Açıq görünür ki, müxalifət vəziyyəti gərginləşdirmək taktikasını seçib. Onlar prezidentin istefasından başqa heç bir variantı qəbul etmirlər. Ona görə də bu yolun ölkəni hara aparacağı müəmma olaraq qalır. Hər bir halda yerli müşahidəçilər prezidentin istefa verməyəcəyi variantına üstünlük verirlər. Bu halda isə vətəndaş qarşıdurması ehtimalı çoxdur. Ukraynada oxşar situasiyada vətəndaş qarşıdurmasından qaça bildilər. Gürcüstanda isə durum tamam başqa məzmunda inkişaf edə bilər. Burada ehtirasların qızışması ilə insanların bir-birinə hücum etməsi arasında elə də məsafə olmur. Bunları nəzərə alsaq, çox yaxın vaxtlarda Gürcüstan üçün faciəvi proseslərin başlaya biləcəyini demək olar. Görünür, ölkə yeni bir inqilabın astanasındadır. M.Saakaşvilinin hakimiyyətə gəldiyi yolu onun özünə qarşı tətbiq edirlər. E.Şevardnadze vətəndaş qarşıdurmasına yol verməmək üçün istefa verdi və indi aydın olur ki, bundan Gürcüstan elə də qazanmadı. Doğrudur, ölkədə qanunçuluğun möhkəmləndiyini demək olar. Lakin böyük miqyasda Gürcüstan daha çox emosiyalarla idarə olunduğundan ziddiyyətlər azalmadı. İndi M.Saakaşvilinin istefa verməsi Gürcüstan üçün müsbət sonuclar verəcəkmi? Bu sualın da cavabı tam aydın deyil. Məlum olanı odur ki, bu ölkədə yaxın tarixdə sakit seçkilərlə hakimiyyətə gəlmək ehtimalı çox azdır. Gürcüstanda inqilabi yolla hakimiyyətə gəlmək az qala vərdişə çevrilir. Həm də müxalifətin özünün tərkibi siyasi mənsubluq baxımından qeyri-bircinsdir. Müxalifətin uğur qazanacağı təqdirdə həmin insanların bir-biri ilə necə yola gedəcəyi məsələsi aydın deyil. Mümkündür ki, müxalifətin öz arasında ixtilaflar baş qaldırsın və növbəti inqilabi situasiya yaransın. Gürcüstanda siyasi vəziyyətin bu cür radikallaşması olduqca təhlükəli tendensiyalara işarə verir. Müxalifət kütləvi aksiyaları vətəndaş itaətsizliyi və rəsmi orqanları iflic etmək istiqamətində davam etsə, qarışıqlıq qaçılmaz olacaq. Gürcüstanın qarışması bölgə üçün çox təhlükəli tendensiyaların əsasını qoyacaq. O cümlədən, beynəlxalq layihələrin taleyi sual altına düşmüş olur. Dünya dövlətlərinin bu işə qarışması ilə daha ağır vəziyyət yaranır. Unutmaq lazım deyil ki, hələ bir neçə gün öncə Rusiyanın müdafiə naziri cənub sərhədləri yaxınlığında təhlükəli müharibə situasiyasının yaranmaqda olduğunu demişdi. Belə olan halda bölgədə müharibə alovunun yaranması ehtimalını da göz önünə gətirmək gərəkdir. Bu, ən pis variantlardan biridir, lakin istisna hal deyil. Gürcüstanda vəziyyətin daha kəskin formaya düşməsi ilə regional təhlükəsizlik sisteminin nə dərəcədə laxlayacağı aydındır. Yeni təhlükəsizlik sisteminin formalaşması üçün isə zaman lazımdır. O biri tərəfdən də NATO-nun Qafqazla bağlı planları daha intensiv surətdə həyata keçirilir. Deməli, Gürcüstan müxalifəti faktiki olaraq böyük güclərin toqquşmasını sürətləndirir. Bu şəraitdə çətin ki, kimsə Gürcüstanda rahat hakimiyyətə gəlsin və ya hakimiyyəti qoruya bilsin. Siyasi böhran elə vəziyyətdədir ki, bundan sonra onun çözülməsi mütləqdir. Artıq bundan geri qayıtmaq imkanı yoxdur. Lakin pisi odur ki, çözümlə bağlı da birmənalı variant yoxdur. İstənilən variantda vəziyyət ziddiyyətlərə dayanır. Durumun çətinliyi bundan ibarətdir. Gürcüstan bu ziddiyyətlərin içində çırpınır və belə görünür ki, çıxış yolunu tapa biləcək qüvvə də yoxdur. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar