SON XƏBƏRLƏR

Ankarada Xocalı soyqırımı qurbanlarına abidə ucaldılacaq

2021.10.20, 07:36
Ankarada Xocalı soyqırımı qurbanlarına abidə ucaldılacaq

Gunaz.tv
Ankarada Xocalı soyqırımı qurbanlarına abidə ucaldılacaq Bəypazarın ən gözəl küçələrindən biri "Azərbaycan" adını daşıyacaq Ankaranın Bəypazarı bələdiyyəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq. Türkiyədə səfərdə olan Azərbaycanın qadın millət vəkilləri ilə görüşündə deputat Qənirə Paşayevanın bununla bağlı təklifi bələdiyyə sədri tərəfindən müsbət qarşılanıb. Ermənistanın işğal etdiyi Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat verən Qənirə Paşayeva Bəypazarı da daxil olmaqla, Türkiyə bələdiyyələrinin bu soyqırımını rəsmi tanımasının vacibliyini vurğulayıb. Bəypazar bələdiyyəsinin sədri bu fikirlə razılaşaraq deyib ki, yaxın günlərdə bələdiyyə tərəfindən Xocalı soyqırımının tanınması və soyqırımı abidəsinin qoyulması reallaşdırılacaq. O, deputatın digər təklifinə - Türkiyənin tarixi Bəypazarı bölgəsinin mərkəzi küçələrindən birinə "Azərbaycan" adının verilməsinə də müsbət münasibət bildirib. Dediyinə görə, yaxın günlərdə Bəypazarın ən gözəl küçələrindən biri "Azərbaycan" adını daşıyacaq. Bələdiyyə sədri Azərbaycanı çox sevdiklərini, dost, qardaş Azərbaycanla münasibətlərin ən yüksək səviyyədə inkişafında maraqlı olduqlarını vurğulayıb. O, Türkiyənin müxtəlif bölgələri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd edib. Q.Paşayeva Azərbaycanın bəzi bölgələrinin Türkiyənin bəzi bölgələri ilə qardaşlaşdığını deyib, Tovuz rayon bələdiyyəsi ilə Ankaranın Keçiörən bələdiyyəsinin qardaşlaşmasını nümunə göstərib. O, Bəypazarı bələdiyyəsi ilə Tovuz rayon bələdiyyəsinin və Azərbaycanın digər bələdiyyələrinin qardaşlaşmasını da təklif edib, bunun əlaqələrin və əməkdaşlığın daha da genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib (APA). Bəypazarı bələdiyyəsinin sədri bu fikri çox müsbət qarşılayıb, təklifin reallaşması üçün tərəflərin səyləri gücləndirməsinin zəruriliyini qeyd edib. Qeyd edək ki, Bəypazarı Türkiyənin, eləcə də Ankaranın tarixi, turistlərin və yüksək səviyyəli qonaqların ziyarət etdiyi yerlərindəndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar