SON XƏBƏRLƏR

Rusiyanın Güney Qafqazdan çəkilməsi İran üçün nə deməkdir? – Təhlil

2026.02.27, 15:41
Rusiyanın Güney Qafqazdan çəkilməsi İran üçün nə deməkdir? – Təhlil

​​​​​​​Rusiya uzun illər Türküstan və Güney Qafqaz coğrafiyasını özünün təbii güney sərhəddi və sərhəddin o tayındakı güclərlə (Böyük Britaniya nəzarətindəki Hindistan və Britaniya, daha sonra Amerika nəzarətindəki İranla) öz arasında bufer zona kimi görüb. Bu durum 19-cu və 20-ci yüzillər boyunca əksərən dəyişməz olaraq qalsa da Sovetlər Birliyinin çökməsi və Türküstan ilə Güney Qafqazda yeni bağımsız dövlətlərin qurulmasıyla bu status-qvodan əsər əlamət qalmadı. Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlarla bu bölgələr üzərində öz “arxa bağça” məntiqini davam etdirməyə çalışsa da bu gün bu siyasətin uğursuzluğa uğramaqda olduğunu aydın görürük.

Gunaz.tv

Rusiyanın Güney Qafqaza nəzarəti itirməsi

Rusiya özəlliklə Güney Qafqazda ərazi münaqişələrini təsir aləti kimi istifadə edirdi. Ona görə də 44 günlük İkinci Qarabağ savaşı (27 sentyabr 2020 – 9/10 noyabr 2020) və 1 günlük antiterror əməliyatı (20 sentaybr 2023) nəticəsində Qarabağ münaqişəsinin həll olması Rusiyanın əlindən önəmli bir təsir alətini çıxarmış oldu. Rusiya İkinci Qarabağ savaşından sonra bölgəyə sülhməramlı adı altında yerləşdirdiyi qüvvələri hesabına Azərbaycan üzərində təsir imkanlarını artıra biləcəyini güman etsə də Azərbaycan ordusunun Qarabağda keçirdiyi 1 günlük uğurlu əməliyyat bu gümanı puç etdi, Rusiya sülhməramlıları bölgəni vaxtından öncə tərk etməli oldular. Beləliklə Rusiyanın bölgəyə nəzarət üçün qurduğu bir neçə layihədən biri olan 200 illik Qarabağ məsələsi bağlanmış oldu.

 

Rusiyanın qurduğu beynəlxalq təşkilatların içi boş çıxması

Azərbaycanın Ermənistan üzərində total qələbəsi və Qarabağ münaqişəsini öz xeyrinə həll etməsi Ermənistan üçün Rusiyanın önəminə dair bəzi suallar doğurdu. Ermənistan KTMT üzvü olduğu halda Rusiya onu yenilgidən qurtara bilməmişdi. Elə isə Ermənistanın onu məğlubiyyətdən qurtara bilməyən təşkilatda qalmasının nə mənası var? Ona görə də Ermənistan bu təşkilatdakı fəaliyyətini faktiki olaraq dondurmuş vəziyyətdədir və qurmun təşkil etdiyi hərbi təlimlərdə iştirak etmir. Ermənistanın belə davranışları KTMT-nin ciddiyətini azaldır və təşkilata üzv olan digər dövlətlər üçün də uyğun president yaradır.

 

Rusiya-Ukrayna savaşının rolu

Sözsüz, Ermənistanın Rusiyaya qarşı belə ixtiyari davranmasının, Rusiyanın Qarabağ planlarının puça çıxmasının əsas səbəblərindən biri də buna uyğun siyasi şəraitin olmasıdır. Rusiya hazırda öz məhdud resurslarını Ukrayna bataqlığında xərcləməkdədir. Bu da xarici siyasətdə Rusiyanın keçmiş Sovet dövlətlərinə təsir gücü önəmli ölçüdə azaldır. Nəticədə Rusiya təkcə Güney Qafqaza nəzarəti itirməyib, artıq Türküstandan da çat səsləri gəlməyə başlayıb. Belə ki, Türküstan dövlətləri əvvəlcə 2025-ci ilin aprelində Avropa Birliyi ilə, iyun ayında Çin ilə, noyabr ayında isə Amerika Birləşmiş Ştatları ilə önəmli sammitlər keçirib, qarşılıqlı razılaşmalar imzaladılar. Bu azmış kimi Qazaxıstan 2026-cı ilin fevral ayında öz konsitutsiyasına dəyişiklik edərək Rus dilinin statusunu aşağı salıb. Beləliklə Rusiya Ukraynanı geri qazandığını düşündüyü bir vaxtda artıq Güney Qafqazı itirib və Türküstanda isə mövqeyinin zəiflədiyinə dair güclü işarələr görünür.

 

Rusiyadan boşalan yeri kim tutur?

Azərbaycan İkinci Qarabağ savaşında qələbə qazandıqdan sonra NATO üzvü olan Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı (15 iyun 2021). 2025-ci ilin 8 avqustunda isə Azərbaycan uzun illərdir üzərində çalışdığı Zəngəzur Dəhlizi istiqamətində önəmli addıma ata bildi. Bu tarixdə Azərbaycan və Ermənistan Amerika prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh müqaviləsini parafladılar. Müqavilənin mətninə görə, Azərbaycana öz eksklavı olan Naxçıvana Ermənistan ərazisindən sərbəst keçid imkanı verildi və bu dəhliz (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu – TRİPP) 99 illiyinə Amerikaya icarəyə verildi. Bu isə Türkiyədən sonra bölgəyə ikinci NATO ölkəsi Amerikanın gəlməsi deməkdir.

 

İranın narahatlığı

Rusiyanın bölgədən çəkilməsi İrana yaxşı heç nə vəd etmir. İsrail ilə yaşanan 12 günlük savaşda (13-24 iyun 2025) öz müttəfiqindən heç bir dəstək ala bilməyən İran artıq bu çəkilmənin acı təsirini bir dəfə hiss edib. 12 günlük savaşdan sonra əldə edilən TRİPP çərçivəsində isə İran artıq Amerika ilə sərhəd qonşusu olmaq üzrədir.

 

İran üçün Azərbaycan amili

Rusiyanın bölgədən çəkilməsi İran üçün başqa bir təhlükə də yaradır. Belə ki, Rusiyanın bölgə üzərində təsiri azaldıqca Azərbaycanın əl-qolu açılır. Bu isə öz sərhədləri daxilində on milyonlarla Azərbaycan türkünü təzyiq və təqib altında saxlayan İran rejiminə qətiyyən sərf etmir. Azərbaycan artıq İranın bu narahatlığını bir neçə dəfə doğruldub. Belə ki, İsrail ilə İran arasındakı 12 günlük savaş dönəmində Azərbaycan İsrailə iki dəfə müraciət edərək (17.06.202519.06.2025 tarixlərində) onu Azərbaycan türklərinin yaşadığı bölgələrdə mülki infrastruktura ziyan vurmaması barədə ehtiyatlı olmağa çağırıb. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan parlamentindəki çıxışında Azərbaycan türkcəsinin önəminə toxunmuş və bu dilin bəzi qonşu ölkələrdə məişət dili səviyyəsinə endirildiyini qeyd etmişdir. Daha sonra, İlham Əliyev 31 dekabr 2025-ci il tarixindəki xalqa müraciətində “Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir.” fikirlərini işlətmişdir. Nəhayət 5 yanvar 2026-cı il tarixində yerli medialara verdiyi müsahibədə İlham Əliyev yenidən Azərbaycan dilinin önəminə diqqət çəkmiş və Azərbaycan xalqının müstəqil Azərbaycanda yaşayan 10 milyondan artıq olduğunu qeyd etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Cümhuriyyəti dünyada yaşayan Azərbaycanlı türklərin himayədarı rolunundan imtina etmir, tam əksinə onu öz üzərinə götürür və əgər tarixi, siyasi şərait imkan verərsə bu istiqamətdə işlər görməkdən də çəkinməyəcək.

 

Nəticə

Beləliklə, Amerika ilə İran arasında gərgin danışıqların getdiyi, Amerika hərbi qüvvələrinin hər ötən gün bölgə istiqəmətində daha çox cəmləşdiyi bir vaxtda Rusiyanın Güney Qafqazdan çıxmış olması, onun yerinə bölgəyə NATO üzvlərinin nüfuz etməsi, İranın özünə dost saydığı Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən neytrallaşdırılması və Azərbaycanın bölgədə müstəqil bir güc kimi ortaya çıxması İranı heç cür narahat etməyə bilmir. Ona görə də özünü küncə sıxıştırılmış hiss edən İran vaxtaşırı Azərbaycana qarşı müxtəlif kanallar vasitəsilə təhdid mesajları yağdırmağa davam edir.

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar