SON XƏBƏRLƏR

İran monolit deyil: Qərb üçün yeni strategiya – daxildən dəyişiklik

2026.05.06, 19:41
İran monolit deyil: Qərb üçün yeni strategiya – daxildən dəyişiklik

İran ətrafında artan gərginlik fonunda analitiklər hesab edir ki, yalnız hərbi təzyiq uzunmüddətli həll yolu deyil. Yeni yanaşma kimi ölkədaxili etnik və siyasi müxtəliflikdən istifadə etməklə İranın gələcəkdə daha az mərkəzləşmiş və ya federativ modelə yönləndirilməsi təklif olunur.

Gunaz.tv

Mövzu ilə bağlı ABŞ Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) beyin mərkəzində ekspert rəyi dərc olunub.

Məqalədə qeyd olunur ki, 1979-cu ildən sonra tətbiq edilən “Vilayət-i fəqih” sistemi ölkəni beynəlxalq aləmdə təcrid edib və regionda “müqavimət oxu” siyasətini gücləndirib. Lakin bu modelin davamlılığı sual altına düşür:

“Təkcə hərbi təzyiq ‘Vilayət-i fəqih’ ideologiyasını neytrallaşdırmayacaq. Daha ağıllı strategiya ölkədaxili etnik və siyasi parçalanmalardan istifadə edərək İranı ayətullahlardan sonrakı federativ sistemə yönəltməkdir.”

 

Müəllif bildirir ki, İran əhalisi vahid etnik quruluşdan ibarət deyil və farslar ümumi əhalinin yarısından azını təşkil edə bilər. Azərbaycanlılar, kürdlər, bəluclar, əhvazi ərəblər və digər qruplar ölkədə mühüm sosial-siyasi rol oynayır. Bu kontekstdə daxili narazılıqların artması diqqət çəkir.

Xüsusilə Xuzistan bölgəsi strateji əhəmiyyət daşıyır. Məqalədə vurğulanır:

“İranın neft ehtiyatlarının 80 faizi və qaz ehtiyatlarının 60 faizi Xuzistanda yerləşir. Bu bölgə Əhvaz Ərəblərin vətənidir. 1921-ci ildə hakimiyyəti ələ keçirən Rza Şah Pəhləvi 1924-cü ildə onların muxtar əmirliyini ləğv etmişdi. Bu qərarın yaratdığı narazılıq heç vaxt tam aradan qalxmayıb."

 

 Son illərdə baş verən etiraz dalğaları da ölkədəki daxili gərginliyin göstəricisi kimi qiymətləndirilir. 2009-cu ildən başlayaraq müxtəlif bölgələrdə ümummilli etirazlar qeydə alınıb.

Analitik yanaşmaya görə, Qərb ölkələri üçün alternativ strategiya media, vətəndaş cəmiyyəti və diplomatik platformalar vasitəsilə etnik azlıqların səsini gücləndirməkdən ibarət ola bilər.

“Vaşinqton vahid müxalifət axtarır, lakin İran cəmiyyəti monolit olmadığından müxalifət də vahid deyil.”

 

Məqalədə həmçinin qeyd olunur ki, gələcəkdə İranın siyasi quruluşu ilə bağlı qərarı xarici güclər deyil, ölkə daxilində yaşayan xalqlar verməlidir:

“Bunun vahid federativ dövlətə və ya bir neçə müstəqil dövlətə gətirib çıxaracağını isə Vaşinqton və ya Tehran deyil, yerli xalqlar müəyyən etməlidir.”

 

Nəticə olaraq, yazıda vurğulanır ki, İranın gələcəyi mərkəzləşmiş dini idarəetmədən daha çox, mərkəzləşmiş olmayan və ya federativ modeldə görülür və bu dəyişiklik daxili dinamika üzərindən baş verə bilər.

Müəllif Ed Hüseyn "Council on Foreign Relations" beyin mərkəzinin Yaxın Şərq üzrə yüksək səviyyəli üzvüdür.

Məqaləni buradan oxuya bilərsiniz: https://www.cfr.org/articles/iran-is-not-a-monolith-the-case-for-exploiting-the-countrys-internal-fractures

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar