SON XƏBƏRLƏR

İranın bir valyuta mübadilə şirkəti və bir neçə gəmi sanksiyaya məruz qaldı

2026.05.19, 18:30
İranın bir valyuta mübadilə şirkəti və bir neçə gəmi sanksiyaya məruz qaldı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ hökuməti çərşənbə axşamı İrana qarşı iqtisadi təzyiqlərin davamı olaraq bir İran valyuta mübadilə şirkətini, onunla əlaqəli onlarla şirkəti və Tehranla bağlı maliyyə və neft şəbəkəsində yer aldığı bildirilən bir sıra gəmiləri sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyi İranda fəaliyyət göstərən və “Emin Exchange”, həmçinin “Ebrahimi and Partners” adı ilə tanınan valyuta mübadilə şirkətinin sanksiyaya məruz qaldığını açıqlayıb.

Nazirliyin açıqlamasına görə, bu şirkət İranla əlaqəli maliyyə əməliyyatlarını həyata keçirmək üçün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Honq-Konq daxil olmaqla müxtəlif ölkələrdə geniş örtük şirkətləri şəbəkəsindən istifadə edib.

ABŞ eyni zamanda, İranın neft və neft-kimya məhsullarının xarici müştərilərə daşınmasında rol oynadığı deyilən 19 gəmini də sanksiya siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, İranın valyuta mübadilə şirkətləri hər il milyardlarla dollar həcmində valyuta əməliyyatları apararaq Tehranın beynəlxalq məhdudiyyətləri aşmasına və qlobal maliyyə sisteminə çıxış əldə etməsinə kömək edir.

Açıqlamada həmçinin qeyd olunub ki, bu şəbəkəyə bağlı örtük şirkətləri İran bankları adından yüz milyonlarla dollar dəyərində maliyyə əməliyyatlarını idarə edib.

Yeni sanksiyalar Vaşinqtonun Tehran üzərində iqtisadi və maliyyə təzyiqlərini, hərbi gərginlik və siyasi danışıqlarla paralel şəkildə davam etdirdiyi bir vaxtda tətbiq olunub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar