BƏƏ mayın 1-də, ABŞ və İsrailin İranla müharibəsi zamanı, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlüyünə təxminən 60 ildən sonra son qoymuşdu. Rəsmi Abu Dabi bu qərarın məqsədinin OPEC kvotalarının məhdudiyyətlərindən azad olaraq ölkənin enerji resurslarından maksimum gəlir əldə etmək olduğunu bildirmişdi.
Bu arada İranın Hörmüz boğazına nəzarəti gücləndirməsi səbəbindən Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Körfəzdən keçərkən hücum riskini azaltmaq üçün transponderləri söndürülmüş tanker gəmilərindən istifadə edən xüsusi daşınma sistemi yaradıb. Ticarət mənbələri və ekspertlərin sözlərinə görə, bu üsul "qaranlıq gəmilər"in hücumlardan yayınmasına kömək edib.
Kpler-in baş neft analitiki Yohannes Rauball bildirib ki, iyun ayında BƏƏ-nin xam neft və kondensat ixracı orta hesabla gündə 3,7 milyon barel təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bu həcm Yaxın Şərqdə münaqişədən əvvəlki gündəlik 3,1–3,3 milyon barellik səviyyəni də üstələyib.
Təchizat artır, ehtiyatlar bazara çıxarılır
Rauball bildirib ki, ixracdakı artımın əsas səbəblərindən biri Hörmüz boğazından daşımaların bərpası və burada ilişib qalan tankerlərin hərəkətinin yenidən mümkün olmasıdır.
Onun sözlərinə görə, BƏƏ-də neft hasilatı da müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Bundan əlavə, ölkə öz ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla ixrac həcmini yüksək səviyyədə saxlayır.
ADNOC mövzu ilə bağlı sorğunu cavablandırmayıb.
Vortexa-nın baş neft analitiki Emma Li bildirib ki, iyunun 1-dən 29-dək Əbu-Dabidən gündəlik xam neft yükləmələri 4 milyon barelə çatıb. Bu, müharibədən əvvəlki 3,4 milyon barellik göstəricini üstələyir. Eyni zamanda ixrac gündəlik rekord 3,7 milyon barel olub. Müqayisə üçün qeyd olunur ki, ilin ilk iki ayında bu göstərici 3,3 milyon barel idi.
Mənbənin sözlərinə görə, ADNOC üçün Asiya əsas bazar olaraq qalır. Lakin son dövrdə Süveyş kanalının qərbində, o cümlədən Afrikada, ABŞ-ın qərb sahillərində, Şimal-Qərbi Avropada və Aralıq dənizi hövzəsində də tələbat artıb.
Ticarət mənbələri ADNOC-un Nigeriyanın Dangote neft emalı zavoduna və Türkiyənin Tüpraş şirkətinə də xam neft satdığını bildiriblər.
Vortexa-nın məlumatına görə, iyun ayında İran istisna olmaqla Körfəz ölkələrindən neft yükləmələri əvvəlki ayla müqayisədə 65 faiz artaraq gündəlik 7 milyon barelə yüksəlib. Bununla belə, bu göstərici fevral ayında qeydə alınmış gündəlik 16,6 milyon bareldən xeyli aşağıdır.
C