SON XƏBƏRLƏR

İranın bərpa olunan enerji istehsalı hədəfləri reallaşmır

2026.07.06, 10:08
İranın bərpa olunan enerji istehsalı hədəfləri reallaşmır

İran elektrik enerjisi sektorunu şaxələndirmək istiqamətində ciddi çətinliklərlə üzləşir.

Gunaz.tv

Bu, Enerji İnstitutunun yayımladığı Dünya Enerjisinin Statistik hesabatında özünü göstərir.

Hökumət ötən il ərzində 5 000–7 000 meqavat yeni günəş və külək enerjisi gücü istehsal etməyi və istismara verməyi planlaşdırmışdı. Lakin faktiki olaraq cəmi 1 000 meqavat enerji istifadəyə verilib.

Nəticədə, ölkənin bu sahədə böyük potensialına baxmayaraq, bərpa olunan enerji mənbələri İranın elektrik istehsalında hələ də çox kiçik paya malikdir.

İranın yeganə atom elektrik stansiyası olan Buşehr AES ötən il 5,4 teravat-saat (TWs) elektrik enerjisi istehsal edib ki, bu da ölkənin ümumi elektrik istehsalının cəmi 1,3 faizini təşkil edir.

Su elektrik stansiyaları sahəsində isə vəziyyət daha da pisləşib.

Ardıcıl ikinci ildir davam edən şiddətli quraqlıq nəticəsində su elektrik stansiyalarında istehsal 36 faiz azalaraq cəmi 12 TWs səviyyəsinə düşüb. Geriləmənin miqyası diqqətçəkəndir: İran 2019-cu ildə təxminən 34 TWs, 2023-cü ildə isə 23 TWs su elektrik enerjisi istehsal etmişdi.

Su anbarlarında səviyyənin azalmaqda davam etməsi və su qıtlığının daha da dərinləşəcəyinə dair gözləntilər fonunda su elektrik stansiyalarının təzyiq altında qalacağı, bunun isə ölkənin qalıq yanacaqla işləyən elektrik stansiyalarından asılılığını daha da artıracağı göstərir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar