SON XƏBƏRLƏR

BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb

2026.10.25, 09:01
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb

Gunaz.tv

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb. 
Qərar Ümm əl-Qeyveyn sahilləri yaxınlığında neft sızmasının təsdiqlənməsindən və bu əmirlikdə, eləcə də Şarcənin bir hissəsində çimərliklərin bağlanmasından sonra qəbul edilib.

Rəs əl-Xeymənin İctimai Xidmətlər Departamenti oktyabrın 24-də, şənbə günü sakinlərə və turistlərə növbəti xəbərdarlığadək çimərliklərə getməməyi tövsiyə edib. Lakin qərarın səbəbi açıqlanmayıb.

BƏƏ-nin İqlim Dəyişiklikləri və Ətraf Mühit Nazirliyi daha əvvəl Ümm əl-Qeyveyn sahillərində neft sızması nəticəsində suyun çirkləndiyini təsdiqləyib. Çirklənmənin qarşısının alınması və sahillərin təmizlənməsi istiqamətində işlərə başlanılıb.

“Reuters”in məlumatına görə, dəniz təhlükəsizliyi üzrə ekspert hadisənin ehtimal olunan mənbəyi kimi “Gem No. 2” tankerini göstərib. Həmin tanker oktyabrın 9-da naməlum mərmi ilə vurulub və nəticədə yanğın baş verib. Bununla belə, BƏƏ rəsmiləri neft sızmasının səbəbini və hadisəyə görə məsul olan tankerin adını hələlik rəsmi şəkildə açıqlamayıblar.

Peyk görüntülərinin təhlili neft ləkəsinin təxminən 160 kvadratkilometr ərazini əhatə edə biləcəyini göstərir.

Qeyd edək ki, Rəs əl-Xeymə Birləşmiş Ərəb Əmirliklərini təşkil edən yeddi əmirlikdən biridir. Ölkənin şimalında, Ərəb körfəzi sahilində yerləşir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar