SON XƏBƏRLƏR

Avstraliya vətəndaşlarına xəbərdarlıq edib: İranın vəziyyəti son dərəcə qeyri-sabitdir

2026.10.29, 19:37
Avstraliya vətəndaşlarına xəbərdarlıq edib: İranın vəziyyəti son dərəcə qeyri-sabitdir

Gunaz.tv

Avstraliya hökuməti oktyabrın 29-da İranla bağlı səyahət xəbərdarlığı yayımlayaraq vətəndaşlarına bu ölkəyə səfər etməməyi, hazırda İranda olanlara isə ölkəni tərk etmək imkanlarını nəzərdən keçirməyi tövsiyə edib.

Xəbərdarlıqda Avstraliya vətəndaşlarına ABŞ-ın İrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik bildirişlərini izləmək və müvafiq tövsiyələrə əməl etmək çağırışı edilib.

Avstraliya hökuməti İranın təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit və dəyişkən olduğunu bildirib. Yaxın Şərqin müxtəlif bölgələrində, o cümlədən İranda baş verən hərbi hücumlar və cavab zərbələrinə diqqət çəkilərək, yeni hücumlar və münaqişənin daha da genişlənməsi riskindən narahatlıq ifadə olunub.

Bəyanatda İranda fəaliyyət göstərən Avstraliya səfirliyinin fəaliyyətinin dayandırıldığı və ölkədəki vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi imkanlarının ciddi şəkildə məhdudlaşdığı qeyd edilib.

Təhlükəsiz şəkildə ölkədən çıxa bilən vətəndaşlara İranı tərk etmək variantlarını nəzərdən keçirmək tövsiyə olunub. Həmçinin hava, quru və ya dəniz yolu ilə yola düşməzdən əvvəl təhlükəsizlik vəziyyətinin, sərhəd-keçid məntəqələrinin və hava limanlarının fəaliyyətinin yoxlanılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, hava limanlarının və aviaşirkətlərin fəaliyyəti əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə və ya dayandırıla bilər.

İranda qalmağa davam edən vətəndaşlara hücum təhlükəsi zamanı sığınacaq qaydalarına əməl etmək, mülki, dövlət və hərbi obyektlərdən, eləcə də neft istehsalı müəssisələri də daxil olmaqla enerji infrastrukturlarından uzaq durmaq tövsiyə edilib.

Xəbərdarlıqda terror təhlükəsinin İranda qalmaqda davam etdiyi və Avstraliya vətəndaşlarının, o cümlədən ikili vətəndaşlığı olan şəxslərin həbs olunma riskinin yüksək olduğu da bildirilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar