SON XƏBƏRLƏR

“The Telegraph”: Müctəba Xameneiyə məxsus olduğu iddia edilən London mənzilinin satışına mane olmağa çalışırlar

2026.10.29, 20:31
“The Telegraph”: Müctəba Xameneiyə məxsus olduğu iddia edilən London mənzilinin satışına mane olmağa çalışırlar

Gunaz.tv

“The Telegraph” qəzetinin məlumatına görə, ləğv edilmiş “Ayandeh” bankının əsas səhmdarı Əli Ənsari Müctəba Xameneiyə məxsus olduğu iddia edilən Londondakı dəbdəbəli mənzilin satışının qarşısını almağa çalışır. Mənzil Kensington rayonunda, Uels şahzadəsinin rəsmi iqamətgahının yaxınlığında yerləşir.

Məlumata görə, Ənsari Britaniya hökumətinin kreditorlara bu əmlakın müsadirə edilərək satılmasına icazə vermək qərarına etiraz edir. Rəsmilər Ənsarinin sözügedən mənzili və digər əmlakları İran İslam Respublikasının rəhbəri Müctəba Xamenei və hakimiyyətin digər yüksək vəzifəli şəxsləri adından idarə etdiyini iddia edirlər.

“Bloomberg” daha əvvəl apardığı araşdırmada Müctəba Xameneiyə aid olduğu iddia edilən beynəlxalq investisiya şəbəkəsini araşdırmışdı. Nəşrin mənbələrinə görə, Ənsarinin köməyi ilə qurulan bu şəbəkəyə Körfəzdə fəaliyyət göstərən gəmiçilik şirkətləri, İsveçrədə bank hesabları, Britaniya və Birləşmiş Ərəb Əmirliklərində lüks daşınmaz əmlaklar, eləcə də Avropa ölkələrində otellər daxildir.

“Bloomberg”in araşdırmasına əsasən, yoxlanılan əmlakların heç biri birbaşa Müctəba Xameneinin adına qeydiyyata alınmayıb və bir çox əməliyyat Əli Ənsarinin adına həyata keçirilib.

Dubayda yaşayan Ənsari ötən il İran İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyələşdirilməsində iştirak etmək ittihamı ilə Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıb, onun aktivləri dondurulub.

Britaniya hökuməti Ənsarinin ipoteka kreditlərini ödəyə bilməməsindən sonra Londondakı iki mənzilin satışına icazə verib. Ənsari isə Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyalarının İcrası İdarəsinin bu icazəni verməklə səhvə yol verdiyini iddia edir.

Kreditorların nəzarətində olan əmlakların idarə edilməsinə məsul “Teneo” şirkəti Ənsarinin etirazına qarşı çıxaraq Britaniya Ali Məhkəməsinə müraciət edib.

“The Telegraph”ın məlumatına görə, Ənsari 2014-cü ildə Kensington rayonundakı Palace Green küçəsində yerləşən 3A nömrəli mənzili 16 milyon 750 min funt sterlinqə, iki il sonra isə eyni binadakı beş yataq otaqlı başqa bir mənzili 19 milyon funt sterlinqə alıb. Hazırda bu mənzillərdən biri “Knight Frank” və “Sotheby’s” şirkətləri tərəfindən 12 milyon funt sterlinqdən bir qədər aşağı qiymətə satışa çıxarılıb.

Mənzillərin hər birində xidmət personalı üçün ayrıca yaşayış sahəsi və şəxsi dam terrasları var. Həmin bina Britaniya kral ailəsinin rəsmi iqamətgahına yaxın yerləşir və İsrail səfirliyinin də olduğu küçədədir.

Ənsarinin Londonda ümumi dəyəri 140 milyon funt sterlinqdən çox olan daşınmaz əmlak portfelinə sahib olduğu ehtimal edilir.

ABŞ Xəzinədarlığı Ənsarini İran hakimiyyətinin əsas maliyyə təminatçılarından biri kimi xarakterizə edib və onun Müctəba Xamenei ilə İran hakimiyyətinin digər yüksək vəzifəli şəxsləri adından dünya üzrə geniş aktivlər şəbəkəsini idarə etdiyini bildirib.

Ənsarinin vəkili isə daha əvvəl onun Müctəba Xamenei və ya İnqilab Keşikçiləri Korpusu ilə hər hansı maliyyə əlaqəsinin olduğunu təkzib edib. Vəkil həmçinin Ənsarinin ona qarşı tətbiq edilən sanksiyalara etiraz etmək niyyətində olduğunu bildirib.

Ənsari sanksiyalar altında olduğu müddətdə mənzillərin satışından əldə ediləcək hər hansı gəlir Britaniya hökuməti tərəfindən dondurulacaq.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar