SON XƏBƏRLƏR

Rusiyanın müstəqil “Novaya Gazeta” qəzeti fəaliyyətini dayandırır: “Bizi öldürdülər”

2026.11.01, 18:28
Rusiyanın müstəqil “Novaya Gazeta” qəzeti fəaliyyətini dayandırır: “Bizi öldürdülər”

Gunaz.tv

Rusiyanın müstəqil və araşdırmaçı “Novaya Gazeta” qəzeti üç onillikdən artıq fəaliyyətdən sonra hökumət təzyiqləri səbəbindən fəaliyyətini tamamilə dayandıracağını və noyabrın 9-dan etibarən nəşrinə son qoyacağını açıqlayıb.

Qəzetin redaksiya heyəti cümə günü, oktyabrın 30-da “Bizi öldürdülər” başlıqlı bəyanat yayaraq, Rusiya hakimiyyətini və təhlükəsizlik qurumlarını nəşri fəaliyyətini dayandırmağa məcbur etməkdə ittiham edib. Bəyanatda bildirilir ki, redaksiyanın Moskvadakı ofisinin boşaldılması, maliyyə mənbələrinin kəsilməsi və ianə toplamaq imkanlarının məhdudlaşdırılması fəaliyyətin davam etdirilməsini mümkünsüz edib.

“Novaya Gazeta” həmçinin saytının bloklandığını, nəşr lisenziyasının ləğv edildiyini və mətbəə avadanlığının müsadirə olunduğunu bildirib. Qəzet jurnalistlərə və redaksiya əməkdaşlarına qarşı məhkəmə və təhlükəsizlik təzyiqlərini Rusiyada müstəqil medianı sıradan çıxarmağa yönəlmiş prosesin tərkib hissəsi kimi qiymətləndirib.

1993-cü ildə təsis edilən qəzet korrupsiya, insan hüquqlarının pozulması və Rusiya hakimiyyətinin fəaliyyəti ilə bağlı araşdırma yazıları ilə tanınıb. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı hərbi təcavüzündən və mediaya məhdudiyyətlərin sərtləşdirilməsindən sonra qəzetin çap versiyası dayandırılsa da, onlayn fəaliyyəti davam etmişdi.

Qəzetin keçmiş baş redaktoru və həmtəsisçilərindən Dmitri Muratov 2021-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Nəşrin altı jurnalisti və əməkdaşı da ötən illər ərzində peşə fəaliyyətləri ilə əlaqədar öldürülüb.

“Novaya Gazeta” tamamilə bağlanmazdan əvvəl sonuncu nömrəsini dərc edəcəyini bildirib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar