SON XƏBƏRLƏR

Bu gün Əbülfəz Elçibəyin doğum günü və Türklük günü bayramıdır

2021.10.20, 07:36
Bu gün Əbülfəz Elçibəyin doğum günü və Türklük günü bayramıdır

Gunaz.tv

GünAzTv: Elçibəy sevərlər, gənclər, Partiya silahdaşları və ailəsi mərhum prezidentin məzarını ziyarət ediblər.

 

GünAzTv: Bu gün 1992-93-cü illərdə Azərbaycan prezidenti olmuş, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü və türklük günüdür. Bu münasibətlə partiya silahdaşları, yaxınları, ailə üvzləri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.  ANS PRESS-in məlumatına görə, mərhum prezidenti yad etməyə gələnlər arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəyli, Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Xalq Partiyasının üzvü, millət vəkili Pənah Hüseyn, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Teymurxanlı, mərhum prezidentin qardaşı Almurad Əliyev və digərləri iştirak edirdi. Adəti üzrə bayraqdar Elman Türkoğlu ön sıralarda idi. Əbülfəz Elçibəyi anım mərasimi Azərbaycan himninin səslənməsilə başladı. Tədbir Milli Azadlıq Hərəkatının lideri haqqında xatirələrin yada salınması ilə davam etdi. Sonda bəyin ruhuna dualar oxundu. Tədbir başlandığı kimi Azərbaycanın himni ilə də sona yetdi.Əbülfəz Elçibəyin doğum günü münasibətilə bu gün Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində də tədbir keçiriləcək. Bu barədə KXCP-nin sədr müavini Təvəkkül Əliyev ANS PRESS-ə məlumat verib. Xatırladaq ki, 1938-ci ildə Naxçıvanda dünyaya göz açan Əbülfəz Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Məhz onun prezidentliyi dövründə, sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib. 1993-cü ildə hakimiyyətdən gedən Əbülfəz Elçibəy təxminən 4 il ərzində doğulduğu Kələki kəndində yaşayıb. 1997-ci ildə Bakıya qayıdaraq yenidən siyasi mübarizəyə qatılsa da, onun fəaliyyəti bu dəfə də uzun çəkməyib. Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında vəfat edib. Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar