SON XƏBƏRLƏR

İrana qarşı Sanksiyalar nəticə verməsə, müharibə olacaq

2021.10.20, 07:36
İrana qarşı Sanksiyalar nəticə verməsə, müharibə olacaq

Gunaz.tv

GünAzTv: BMT Təhlükəsizlik Şurasının iki gün əvvəl İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar dünyanın bir çox ölkəsinin diqqət mərkəzindədir. Xəbər verildiyi kimi, şuranın üzvü olan 15 ölkədən 12-si onun lehinə, Türkiyə və Braziliya əleyhinə səs verib. Livan isə səsvermədə iştirak etməyib. Səsvermədən bir qədər əvvəl Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, Rusiya və ABŞ İrana nüvə yanacağının kənardan verilməsi barədə Braziliya və Türkiyənin İranla razılaşmasını rədd ediblər.

GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, Rəsmi bəyanatlardan da göründüyü kimi, bu sanksiyaların bir məqsədi var: İran danışıqlar masası arxasına keçməyə məcbur olsun və zənginləşdirilmiş uran proqramını dayandırıb nüvə yanacağını xaricdən almağı qəbul etsin. Lakin əvvəlki sanksiyalar ciddi nəticələrə səbəb olmayıb. İran bəyan edir ki, bu dəfə də geri çəkilməyə hazırlaşmır. Təhlilçilərə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) sanksiyaların necə nəticə verəcəyini görmək üçün bir neçə ay gözləyəcək. Əgər bu müddətdə İran geri addım atmasa o zaman həm Obama administrasiyasında, həm İsraildə İrana qarşı hərbi əməliyyatların son çarə olacağı barədə mövqe güclənəcək. İsraili İrana qarşı təkbaşına hərbi əməliyyatlardan çəkindirə bilmək üçün ABŞ vəd etmişdi ki, sərt sanksiyalar hesabına Tehranı geri addım atmağa məcbur edəcək. Ona görə də sanksiyalar bu dəfə də nəticə verməsə İsrailin İranın nüvə obyektlərini bombalaması riski xeyli artacaq. Bütün nəzəri araşdırmalar göstərir ki, İsrailin müdaxiləsi istər-istəməz ABŞ-ı da müharibəyə girməyə məcbur edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar