SON XƏBƏRLƏR

İslahatçı ayətullahlar Xomeyninin nəvəsinə sahib çıxdılar

2021.10.20, 07:36
İslahatçı ayətullahlar Xomeyninin nəvəsinə sahib çıxdılar

Gunaz.tv

GünAzTv: İranın üç ayətullahı - Yusif Saneyi, Əbdülkərim Musəvi Ərdəbili və Əsədullah Bayat Zəncani İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin ölümünün 21-ci ildönümündə keçirilən mərasimdə Həsən Xomeyniyə çıxış etməyə imkan verilməməsini kəskin pisləyib.

Həsən Xomeyni ayətullah Xomeyninin nəvəsidir. İyunun 4-də Həsən Xomeyni ayətullah Xomeyninin “Behişti-Zəhra” qəbiristanlığındakı məzarı üstündə düzənlənən mərasimdə çıxış edərkən İran prezidenti Mahmud Əhmədinejadın tərəfdarları ona mane olublar. Həsən Xomeyni babası haqqında danışdığı vaxt hökumət tərəfdarları İrandakı “yaşıl hərəkat”ın rəhbərlərinə, o cümlədən keçmiş baş nazir Mirhüseyn Musəviyə qarşı şüarlar səsləndiriblər. “Musəviyə ölüm!”, “Fitnəkara ölüm!” və digər şüarlar səsləndirən hökumət tərəfdarları Həsən Xomeyninin öz çıxışını davam etdirməsinə imkan verməyiblər.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, ayətullh Yusif Saneyi Həsən Xomeyniyə zəng edərək baş vermiş hadisədən təəssüfünü ifadə edib. Yusif Saneyi Həsən Xomeyni ilə söhbətində bu hadisənin planlaşdırılmış bir təhqir olduğunu söyləyib və onu təşkil edənlərin ağıllarını tamam itirdiyini vurğulayıb. O deyib ki, belə olmasaydı, həmin adamlar yüzlərlə yerli və xarici jurnalistin gözü qabağında söz azadlığına maneə törətməzdilər: “Bu fitnəni yaradanlar ölkənin ictimai, siyasi, iqtisadi və beynəlxalq sahələrdəki problemlərinin həllində aciz qalanlardır. Onlar məhz bu uğursuzluqlarını ört-basdır etmək üçün ictimai fikri yayındırmağa çalışırlar”.

Ayətullah Musəvi Ərdəbili də Həsən Xomeyniyə zəng edib. O da telefon söhbəti zamanı iyunun 4-də Həsən Xomeyniyə qarşı hörmətsizliyə yol verildiyini söyləyib.

Ayətullah Əsədullah Bayat Zəncani isə Həsən Xomeyniyə hadisə ilə bağlı məktub yazıb. Məktubunda o, Həsən Xomeyninin sözünü kəsənlərin ayətullah Xomeynidən intiqam almaq niyyətində olduğunu bildirib: “Bu hadisə göstərir ki, bir sıra ekstremist qüvvələr imamın (ayətullah Xomeyninin) və islam respublikasının məsləhətlərindən dəm vura-vura əslində imamdan və onun yaxın adamlarından intiqam almaq niyyətindədirlər”.

Həsən Xomeyni 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etiraz aksiyaları baş qaldıran zaman, həmçinin sonrakı aylarda islahat tərəfdarlarına, o cümlədən seçki zamanı Mahmud Əhmədinejadın əsas rəqibi olmuş Mirhüsen Musəviyə dəstək verib. Həsən Xomeyni 2009-cu il seçkisinin rəsmi qalibi olan Mahmud Əhmədinejadın andiçmə mərasiminə qatılmaqdan da imtina edib.

Yusif Saneyi, Əbdülkərim Musəvi Ərdəbili və Əsədullah Bayat Zəncani Mahmud Əhmədinejad hökumətinin müxalifi kimi tanınırlar və Qum dini dairəsinin nüfuzlu ruhanilərindən sayılırlar.Əbdülkərim Musəvi Ərdəbili və Əsədullah Bayat Zəncani azərbaycanlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar