SON XƏBƏRLƏR

Robert Qeytsdən sonra Hillari Klintonun Azərbaycana səfəri gözlənilir

2021.10.20, 07:36
Robert Qeytsdən sonra Hillari Klintonun Azərbaycana səfəri gözlənilir

Gunaz.tv

GünAzTv :İyunun 7-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeytsin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təntənəli qarşılanma mərasimindən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Keçirilən geniştərkibli görüşdə əsası 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-ABŞ hərbi əməkdaşlığının qısa tarixçəsinə diqqət yetirən Səfər Əbiyev ölkəsinin Amerika ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. 

 

Nazir bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri dünən prezidenti İlham Əliyev tərəfindən qəbul edilən ABŞ müdafiə naziri R.Qeytslə də ətraflı müzakirə mövzusu olub.

 

Beynəlxalq terrorizmə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan nazir Səfər Əbiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını bildirib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atmağı hörmətli qonağın diqqətinə çatdırıb.

 

Görüş zamanı Səfər Əbiyev 907-ci düzəlişin ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusilə qeyd edib. 

 

Robert Qeyts müdafiə nazirliyində yüksək qonaqpərvərliklə qarşılandığına görə azərbaycanlı həmkarına öz təşəkkürünü bildirib və qeyd edib ki, prezident Barak Obamanın prezident İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbayjanın strateji tərəfdaş ölkə olduğuna bariz nümunədir. Qeyst vurğulayıb ki, ölkəsinə qayıdarkən ABŞ prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcək. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini də Səfər Əbiyevin diqqətinə çatdırıb.

 

Sonda A Səfər Əbiyev ümidvar olduğunu bildirərək qeyd edib ki, ABŞ-la Azərbaycan arasında həqiqi partnyorluğa xas olan münasibətlər qurulacaq və ABŞ müdafiə nazirinin Azərbayjana gəlişi tərəfdaşlığın inkişafına öz yeni töhfəsini verəcək.

Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib. 

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin açıqlamasında H. Klintonun Azərbaycana səfəri barədə hələlik rəsmi təsdiqin olmadığını deyərək, bu barədə məlumatsız olduğunu bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar