SON XƏBƏRLƏR

İstanbulda Zirvə toplantısı öz işinə başlayır

2021.10.20, 07:36
İstanbulda Zirvə toplantısı öz işinə başlayır

Gunaz.tv

GünAzTv: Bazar ertəsi İstanbulda “Asyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransının” 3-cü toplantısı öz işinə başlayır.

Zirvə toplantısında Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Suriya, Əfqanıstan və digər ölkələrin dövlət və hökümət başçılarının iştirak etməsi planlaşdırılır.

Bu arada, Azərbaycan prezidenti İlham Əliyevin İstanbula səfəri zamanı Türkiyəyə qaz satışına dair sazişlərin də imzalanması gözlənilir.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İstanbulda keçiriləcək Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Mahmud Əhmədinejad, Rusiyanın Baş naziri Vladimir Putin, həmçinin Qazaxıstan, Əfqanıstan, Suriya və digər ölkələrin dövlət və hökümət başçılarının iştirakı planlaşdırılır.

Fələstin lideri Mahmud Abbas da toplantıya qatılmaq üçün İstanbula gəlib.Forumda Asyada təhlükəsizlik məsələləri, nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsinin aparılması gözlənilir.

Asya qitəsinin ATƏT-i kimi qiymətləndirilən təşkilatda sədrliyin Qazaxıstandan Türkiyəyə keçməsi planlaşdırılır.

Yerli müşahidəçilərin fikrincə, Türkiyə beynəlxalq forumdan İsrailin ötən həftə Qəzzaya humanitar yardım aparan donammaya hücumunun pislənməsi üçün də istifadə edəcək.

Türkiyənin kütləvi informasiya vasitələrinin yazdığına görə, İsraili toplantıda bu ölkənin Ankaradakı səfiri Qabi Levi təmsil edəcək.

Zirvə toplantısı çərçivəsində Azərbaycanla Türkiyə arasında Şahdəniz 1 və Şahdəniz 2 qaz sazişlərinin imzalanması da gözlənilir.

Türkiyə mətbuatının yazdığına görə, imzalanması planlaşdırılan sənədlər həm Azərbaycan qazının Türkiyəyə satışı üçün yeni qiymətləri tənzimləyəcək, həm də Avropanın Rusiyadan qaz asılılığını azaldacaq Nabucco layihəsi üçün son dərəcə mühüm olan ilk qaz mənbəyini yaradacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar