SON XƏBƏRLƏR

Azərbaycanın nüfuzu beynəlxalq aləmdə artır

2021.10.20, 07:36
Azərbaycanın nüfuzu beynəlxalq aləmdə artır

Gunaz.tv

GünAzTv: Bu nüfuz beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanı gücləndirir.

Azərbaycanın dünyada artan nüfuzu beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanı gücləndirir. Bu fikirdə olan siyasi analitiklərin qənaətincə, artıq dünya bu həqiqəti etiraf etməlidir ki, Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin hücum siyasəti diplomatik cəbhədə öz bəhrəsini verməkdədir. Son bir il ərzində Avropanın aparıcı dövlətləri olan Almaniya, İtaliya parlamentlərində, eləcə də bu yaxınlarda nüfuzlu beynəlxalq təşkilat olan Avropa Parlamentində Ermənistanın işğalçı ölkə olmasını göstərən qətnamələr qəbul edilməsi bunun təsdiqi kimi dəyərləndirilir. Milli Məclisin analitik informasiya şöbəsimüdirinin müavini Hatəm Cabbarlı hesab edir ki, bütün bunlar Ermənistanın işğalçılıq siyasətinə qarşı beynəlxalq müstəvidə təpkilərin gücləndiyini göstərir.

Avropa ölkələri silahlanmaya pul xərcləyən və öz işğalçı qüvvələrini Azərbaycan ərazilərində saxlayan Ermənistanın iddialarına göz yummaq istəmir. Analitiklər Ermənistan diplomatiyasının iflasa uğradığı qənaətindədirlər.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi yenilənmiş Madrid prinsiplərinə Azərbaycan razılığını bildirib. Ekspertlər hesab edir ki, Rəsmi İrəvan bu prinsiplərə konstruktiv yanaşmadığı halda, Ermənistanda iqtisadi böhranın dərinləşməsi və dünyanın işğalçı kimi tanıdığı bu ölkəyə beynəlxalq təzyiqlərin güclənməsi labüddür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar