SON XƏBƏRLƏR

İran mübahisəli adalardan ibarət yeni əyalət yaradacaq

2021.10.20, 07:36
İran mübahisəli adalardan ibarət yeni əyalət yaradacaq

Gunaz.tv

GünAzTv: İran körfəzindəki üç adadan (Əbu Musa, Kiçik Tonb, Böyük Tonb) ibarət yeni əyalət (ostan) yaradılması üçün hazırlanmış qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılacaq. Bunu mayın 13-də jurnalistlərə İran parlamentinin daxili işlər komissiyasının üzvü Vəli İsmayıli deyib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Vəli İsmayıli belə bir əyalətin yaradılması təklifini bəyəndiklərini bildirib: “Yeni əyalətin mərkəzi Əbu Musa adası olacaq. Lakin əvvəlcə bu adanın infrastruktur problemləri həll edilməlidir. Birləşmiş Ərəb Əmirlikləri adalarla bağlı İrana qarşı geniş təbliğat kampaniyası aparır. Ona görə hesab edirəm ki, hökumət də yeni ostanın yaradılmasını müsbət qarşılayacaq”.

İran körfəzində Əbu Musa, Kiçik Tonb, Böyük Tonb adalarının qonşuluğunda Kiş və Qişm adaları da var. Vəli İsmayıli Kiş və Qişm adalarının yeni əyalətə daxil edilib-edilməməsinin nəzərdə tutulub-tutulmadığı barədə bir söz deməyib.

Birləşmiş Ərəb Əmirlikləri sözügedən adalardan üçünün - Əbu Musa, Kiçik Tonb, Böyük Tonb adalarının ona məxsus olduğunu iddia edir. Bu yaxınlarda Fars Körfəzi Əməkdaşlıq Şurasının baş direktoru Əbdülrəhman Bin Həmd əl-Ətiyyə də belə bir iddia ilə çıxış edib.

Mayın 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu iddiaya münasibət bildirib. O deyib: “Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları həmişə İrana məxsus olub, olacaq da. İrəli sürülən bu kimi əsassız iddialar İranın bu adalara hökmranlığına xələl gətirə bilməyəcək”.

Strateji əhəmiyyətə malik Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib.

Hazırda İran İslam Respublikasında 30 əyalət (ostan) var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar