SON XƏBƏRLƏR

İran parlamentinin Azərbaycan Respublikasına dair gizli hesabatı...

2021.10.20, 07:36
İran parlamentinin Azərbaycan Respublikasına dair gizli hesabatı...

Gunaz.tv

İran parlamentinin Azərbaycan Respublikasına dair gizli hesabatı...

 

GünAzTv mətbuat mərkəzinin “musavat”-a istinadən yaydığı məlumata görə, İran parlamentində İsrailin Azərbaycan üzərində təsirinin güclənməsindən bəhs edən məxfi hesabat təqdim olunub. Bu barədə Londonda nəşr edilən ərəb qəzeti “Əl-Həyat” İran mənbələrinə istinadən məlumat yayıb.

 Məlumatda deyilir ki, ölkənin kəşfiyyat qurumları tərəfindən hazırlanan hesabat Cənubi Qafqaz regionundakı situasiyadan bəhs edir. Orada İran xüsusi xidmət orqanları narahatlıqla qeyd edir ki, son vaxtlar bəzi keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda təhlükəsizlik üzrə İsrail ekspertlərinin fəaliyyəti artıb. Bu isə o deməkdir ki, İsrail həmin ölkələrdə İranı izləmək üçün “casus şəbəkəsi” yarada bilər.

Hesabatda deyilir ki, İsrail Cənubi Qafqaz ölkələri ilə dostluq münasibətlərini gücləndirir, öz iqtisadi inkişafına dair təcrübəsini onlarla bölüşür, bu isə qaçılmaz olaraq əlaqələrin güclənməsinə səbəb olur. Hesabatda İsrailin bölgədə təsirinin  güclənməsinin İrana necə təhlükə yaratdığına nümunə olaraq göstərilir ki, son vaxtlar Azərbaycanda yəhudi dövlətinin təsiri güclənib. “Bakı İsraillə güclü əlaqələr qurur və bu yaxınlaşmanın nəticələrindən biri kimi İranda separatçılıq güclənir” deyə, hesabatda bildirilir.

Aydındır ki, İran xüsusi xidmət orqanları separatçılıq dedikdə bu ölkədə yaşayan azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsindən bəhs edir. İran kəşfiyyatı hesab edir ki, bu ölkədə son vaxtlar artan gərginlikdə Azərbaycanda fəaliyyət göstərdiyi iddia edilən “Mossad” şəbəkəsinin əli var. Xatırladaq ki, İsraillə Azərbaycan arasında münasibətlər son vaxtlar həqiqətən güclənib. Ötən ilin yayında İsrail prezidenti Şimon Peres İranın Bakıya güclü etirazlarına baxmayaraq ilk dəfə Azərbaycana səfər edib. Bu ilin fevralında isə İsrail xarici işlər naziri Avidiqor Liberman Bakıda üçgünlük səfərdə olub, onun ardınca İsrailin keçmiş baş naziri Ehud Olmert Azərbaycan paytaxtına məxfi səfərə gəlib. Gözlənilir ki, il ərzində Bakıdan da bir çox rəsmilər İsrailə səfər edəcək. İki ölkə arasında iqtisadiyyat, enerji, kənd təsərrüfatı sahəsində əlaqələr inkişaf edir. Habelə Azərbaycan İsraillə hərbi-texniki sahədə güclü əlaqələr yaradıb. Bütün bunların İranı və onun xüsusi xidmət orqanlarını narahat etməsi təəccüblü deyil. İsrail Azərbaycanla yanaşı, Gürcüstanla da sıx münasibətlərə malikdir, son vaxtlar Ermənistan yəhudi dövləti ilə münasibətlərə diqqət yetirir. Həmçinin İsrail Qazaxıstan və Türkmənistanda güclü əlaqələrə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar