SON XƏBƏRLƏR

Azərbaycan Müxalifəti İrana qarşı sanksiyaları doğru hesab edir

2021.10.20, 07:36
Azərbaycan Müxalifəti İrana qarşı sanksiyaları doğru hesab edir

Gunaz.tv
GünAzTv: Beynəlxalq birlik İrana qarşı ən sərt sanksiyaların (embarqo-təhrim) tətbiq edilməsini müzakirə etdiyi bir vaxtda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tehrana qarşı sanksiyaların əleyhinə olduğunu bəyan edib. Bəs, Azərbaycan siyasi qüvvələri İrana qarşı ən sərt sanksiyaların tətbiqini istəyirmi? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, İrana qarşı sanksiyalar verilməsinin tərəfdarıdırlar: "İranda teokratik hakimiyyətin mövcudluğu Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir. Biz arzu edirik ki, İranda demokratik cəmiyyət qurulsun. Bu, orada yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının, o cümlədən milli hüquqlarının təminatı üçün önəmlidir. Ona görə də İrandakı teokratik, avtoritar cəmiyyətə qarşı atılan hər bir addımın tərəfdarıyıq. İrana qarşı sanksiyaların tətbiq edilməsi həm regionda gələcəkdə stabilliyin yaranmasına, eyni zamanda Azərbaycan cəmiyyətinin mənafelərinə cavab verər". KXCP sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, İrana qarşı sanksiyalar verilməlidir. Çünki İran hakimiyyəti ortaya qoyduğu mövqe ilə bu sanksiyaları özü qazanıb: "İran tanrı haqqının verdiyini belə mənimsəyən, vətəndaşlarının əlindən alan bir rejimdir. İranda insanların, xüsusilə də Azərbaycan tüklərinin hüquqları tapdanır. İran dünya ilə dünyanın öz dilində danışmağa başlayıb. İranın prezidenti özünü amerikasayağı aparır. İran ətrafa zərər vuracaq barıt çəlləyi üçün indiyə qədər ona qarşı sərt addımlar atılmayıb. Yəqin ki, hərbi müstəvidə sərt addımlar yenə də atılmayacaq. Lakin müəyyən sanksiyalar veriləcək. Sanksiyaları verənlərin özlərinin haqlı olub-olmadığı ayrı mövzudur, amma İran rejiminin yürütdüyü siyasət sanksiyaları qazanıb". Ümid Partiyasının sədri İqbal Ağazadə İrana sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır: "İranın bu gün yeritdiyi siyasət qonşu dövlətlər üçün ciddi problemlər yaradır. Əgər bu gün nüvə silahı ilə dünyanı təhdid etmə, dünyanın çağırışlarına məhəl qoymamaq prinsipləri varsa, sabah ətrafda yerləşən dövlətlərə İranın başqa təhdidləri ortaya çıxacaq. Zaman-zaman sərhədlərimizin pozulması, bayrağımızın yandırılması da İran tərəfindən baş verib. Dünya İranı durdura bilməsə, qonşu dövlətlər onu durdura bilməyəcək. Nəticə etibarilə beş ildən, səkkiz ildən sonra yenidən İran-İraq müharibəsindən daha dəhşətli müharibə ortaya çıxa bilər. İranın qonşusu olan Pakistan da nüvə silahına malikdir. İran da malik olarsa, artıq yaxın Şərq nüvə silahı ilə təhdid oluna bilər. O cümlədən İranın daxilində 30 milyondan artıq Azərbaycan türklərinin haqları pozulur. İran durdurulmasa, daha da güclənsə, daxildə bu insanların haqqını təmin etmək mümkün olmayacaq". ADP sədrinin birinci müavini Həsrət Rüstəmov İran tipli rejimlərin beynəlxalq sanksiyalara məruz qoyulmasını doğru hesab etdiklərini bildirdi: "Müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar İrana sanksiya mövzusunda çox danışmaqdansa konkret addımlar atmalıdırlar. Təkcə İrana yox, bütün avtoritar rejimlərə eyni sərt münasibət ortaya qoyulmalıdır". AMİP funksioneri Arzuman Əlizadə isə hesab edir ki, İran Azərbaycanla qonşu dövlət olduğu üçün bu ölkəyə sanksiyalar verilməsi məsələsinə münasibətdə Azərbaycan diqqətli olmalıdır: "İranda hərbi əməliyyatlar olacaqsa, bu, Azərbaycandan yan keçməyəcək. Bu müharibənin dalğası Azərbaycanı da vuracaq. Onu da nəzərə almaq lazımdır ki, İranda 30 milyon Azərbaycan türkü yaşayır. İranın anti-demokratik rejiminə müəyyən sanksiyalar olmalıdır. Ancaq bu sanksiyalar elə olmalıdır ki, tətbiq edilərkən İran xalqı zərbə altında qalmasın". musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar