SON XƏBƏRLƏR

Siyasi ekspert Rasim Musabəyov: Ordunu Gücləndirməliyik

2021.10.20, 07:36
Siyasi ekspert Rasim Musabəyov: Ordunu Gücləndirməliyik

Gunaz.tv
GünAzTv: ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə bölgəyə səfəri Bakıya gəlmədən başa vurdular. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov "Media forum" saytına açıqlamasında deyib ki, vasitəçilərin bölgəyə son səfəri Madrid prinsiplərinin yenilənmiş variantına Yerevanın münasibətini öyrənmək məqsədi daşıyıb. "Azərbaycan bu sənədlə bağlı mövqeyini xeyli əvvəl açıqlayıb və Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bildirib. Ermənistan isə sənədlə bağlı mövqe açıqlamaqdan yayınır. Həmsədrlər Ermənistan rəhbərliyindən aydın cavab almalıdırlar ki, növbəti addımlarını atsınlar. Ona görə də Bakıya gəlmələrinə ehtiyac yox idi". XİN rəsmisinin sözlərinə görə, həmsədrlər hələ də Azərbaycana ermənilərin Madrid prinsiplərinin yenilənmiş variantına münasibəti haqda məlumat verməyiblər. Ortada sənəd olduğunu və bunun üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa prezidentlərinin təklif etdikləri prinsiplər əsasında hazırlandığını xatırladan XİN nümayəndəsi deyib ki, Azərbaycan sənədə prinsipial razılığını bildirib: "Sənəd münaqişəni sülh yolu ilə həll etməyə bir şansdır. İndi həmsədrlər Ermənistanı sənədin doğrudan da hər iki tərəfin maraqlarına cavab verdiyinə inandırmağa çalışırlar. Diplomatların Azərbaycana gəlməmələri və yalnız ermənilərlə işləmələri onu göstərir ki, bu gün münaqişənin həllində əsas problem yaradan Ermənistandır. Ermənistan məqsədli formada sənədə münasibət bildirməyi uzadır və bundan yayınmağa çalışır. Bu, dünyanın nüfuzlu üç həmsədr ölkəsinin rəhbərlərinin təklif etdikləri prinsiplərə hörmətsizlikdir". Beləliklə, beynəlxalq güclərin qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistanın şıltaqlıqlarına nə qədər dözümlü yanaşdığı bir daha aydın oldu. Azərbaycan torpaqlarını 18 ildir işğalda saxlayan bir ölkəni təcavüzkar kimi tanımayan həmsədr ölkələr BMT qətnamələrinə tüpürən İrəvanın işğala son qoymasında maraqlı olmadıqlarını növbəti dəfə sərgilədi. Maraqlısı budur ki, Türkiyə ilə imzalanan protokollar məsələsində olduğu kimi, Madrid prinsiplərinə yanaşmada da mənfi mövqe məhz Ermənistandan gəldi. Ermənilər hətta onlar üçün həyati əhəmiyyətə malik olan, Azərbaycanın təklənməsinə gətirib çıxaracaq protokolların ratifikasiyasına getməməklə qəribə tövr nümayiş etdirdilər. Bəzi ekspertlər burada Rusiya amilinin rol oynadığını deyir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, ermənilər köhnə xislətindən əl çəkə bilmədikləri üçün həm Qarabağ danışıqları, həm də protokollar məsələsində pozuculuq yolunu tutub: "Yeniləşmiş Madrid prinsiplərində ermənilərin istədiyi şeylər birmənalı göstərilmirdi. Bunlar bir qisim torpaqların qaytarılmasının müqabilində ərazilərimizin digər hissəsini mənimsəmək istəyirlər. Protokollar isə onlara Azərbaycan və Türkiyənin arasını vurmaq və ölkəmizi rusun ayağına vermək üçün lazım idi. Onlar istəyirdilər ki, Bakı ilə Ankaranın arasını vurduqdan sonra soyqırımla bağlı öz iddialarını davam etdirsinlər". Ekspert protokollar məsələsinin yaxın perspektivdə arxivə göndərildiyi qənaətindədir: "Düşünmürəm ki, Türkiyə bu məsələdə güzəştə getsin. Hər halda, Türkiyə geri çəkilərsə, ölkə seçicisi bunu cavabsız qoymaz". Ermənilərin Qarabağ məsələsində tutduğu mövqeyə gəldikdə, R.Musabəyov bunları bildirdi: "Həmsədrlərin Bakıya gəlmədən İrəvan səfərindən sonra geri qayıtmaları o deməkdir ki, onların bizə deyəsi sözləri yoxdur. Diplomatlar erməniləri dilə tutmaq istəsələr də, buna nail ola bilmədilər. İndi qarşıda Ermənistan prezidentinin ABŞ səfəri var. Bəlkə orda onu ağla gətirdilər. Ermənilər öz təkliflərini əlavə etməklə Madrid prinsiplərinə razılıq versə, o zaman vəziyyət 2007-ci il səviyyəsinə qayıdacaq. Belə olan halda biz öz işimizi görməliyik. Yəni Azərbaycan ordunu gücləndirmə layihələri ilə çıxış edərsə, məsələn, 20 müasir təyyarə alarsa, erməniləri və Ermənistanı himayə edənləri geri çəkilməyə vadar edə bilər. Günü sabahdan ölkə rəhbərliyi hərbi ritorikanı gündəmdən çıxartmalıdır, öz işini görməlidir. Biz nə qədər güclü olsaq, o zaman Ermənistan və onun himayəçiləri stresə düşəcək". musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar