SON XƏBƏRLƏR

Rus Kəşfiyyatı Ermənistanla Türkiyə arasında gedən danışıqları izləyir

2021.10.20, 07:36
Rus Kəşfiyyatı Ermənistanla Türkiyə arasında gedən danışıqları izləyir

Gunaz.tv
GünAzTv: "Rusiya Ankara-İrəvan yaxınlaşmasında ikili oyun oynayır". Bu fikirlə Türkiyənin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, hakim düşərgəyə bağlı olan analitik Sedat Laçıner çıxış edib. S.Laçınerin başçılıq etdiyi təşkilatın saytında onun adından yerləşdirilmiş məqalədə deyilir ki, Türkiyə Qafqaz məsələlərində Rusiyanın maraqları ilə hesablaşmağa məcburdur. Çünki Rusiya amilini nəzərə almadan regionda sülh və stabillikdən danışmaq mümkün deyil. "Ona görə də Qarabağda sülhə nail olmaq üçün Ankara Moskva ilə birgə səyləri gücləndirməlidir" - deyə təhlilçi bildirib. Bununla belə S.Laçıner qeyd edir ki, Moskvanın regionda maraqları Bakı və Ankaranın maraqları ilə üst-üstə düşmür. Ona görə də Qarabağ münaqişəsinin nizamlanması hər dəfə dalana dirənir: "Məhz Rusiyanın dəstəyi ilə onun regiondakı müttəfiqi Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Ankara isə regionda baş verənlərə biganə qalmayaraq 1993-cü ildə Ermənistanla sərhədlərini bağlamağa məcbur oldu". S.Laçıner hesab edir ki, Rusiya regionda ikili oyun qurub: "Bir tərəfdən bəyan edir ki, Ermənistan-Türkiyə yaxınlaşmasını dəstəkləyir, o biri tərəfdən isə onun kəşfiyyatı Bakını Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda baş verənlər haqda məlumatlandırır. Bununla da Azərbaycanı öz tərəfinə çəkərək Qafqazda tək hakim olmaq istəyir". Türkiyəli ekspert təəssüflə bildirir ki, Bakıda həm hakimiyyət düşərgəsində, həm siyasi partiyalar arasında, həm də mətbuatda və ekspertlər arasında Rusiyaya meylli şəxslər var. "Bu çevrələr müntəzəm olaraq Türkiyə-Ermənistan yaxınlaşması mövzusunu körükləyir və bununla da Moskvanın əlinə oynayırlar" - deyə S.Laçıner qeyd edib. Onun fikrincə, Ankaranın səhvi ondadır ki, Ermənistanla yaxınlaşma prosesinə girməzdən əvvəl bütün bu amilləri nəzərə ala bilməyib və Azərbaycan istiqamətində mövqelərini kifayət qədər möhkəmləndirməyib. Lakin indi ABŞ Konqresində və İsveç parlamentində "soyqırımı" səsvermələrindən sonra bu səhvləri düzəltmək imkanı yaranıb. Çünki Ankara ilə Bakının maraqları erməni məsələsində yenidən üst-üstə düşür. Ekspertin rəyinə görə, bütün bu amilləri nəzərə almaqla Qafqazda yeni geosiyasi oyunun başlayacağını təxmin etmək olar. Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Cenevrədə aparılan gizli Ankara-İrəvan danışıqlarının bütün detallarını, o cümlədən iki ölkə arasında münasibətlərin nizamlanmasına dair hazırlanmış protokol mətnlərini Bakıya ötürdüyü haqda ötən ilin payızında qəzetimizdə məlumat vermişdik. Sonradan bu məlumat dolayısı ilə ölkə rəhbərliyi tərəfindən də təsdiq edilib. Prezident İlham Əliyev deyib ki, Ermənistanla aparılan danışıqlar haqda Ankaradan uzun müddət məlumat almaq mümkün olmayıb, nəhayət, 2009-cu ilin fevralında bu danışıqlarda Qarabağ şərtinin yer almadığı haqda Azərbaycan hakimiyyətinə məlumat daxil olub. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar