SON XƏBƏRLƏR

Ermənistan müharibəyə hazırlaşır?

2021.10.20, 07:36
Ermənistan müharibəyə hazırlaşır?

Gunaz.tv
GünAzTv: Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu fikirləri yeniləşmiş Madrid prinsiplərinə rəsmi Bakının və İrəvanın münasibətlərini şərh edərkən söylədi. Qeyd edək ki, Azərbaycan tərəfi yeniləşmiş prinsipləri qəbul etdiyini, Ermənistanın isə bundan imtina etdiyini bildirən gün İrəvandan təkzib gəldi. Ermənistanın Madrid prinsipləri çoxdan qəbul etdiyi bəyanlandı. Bu ziddiyyətli bəyanatlara münasibət bildirən V.Quluzadə hesab edir ki, həmsədrlər tərəfindən Qarabağ məsələsini həll etməyə heç vaxt ciddi cəhd olmayıb: "Onların verdiyi heç bir təklif reallığa əsaslanmayıb. Ortaya qoyulan təkliflər bu günədək Rusiya tərəfindən hazırlanıb. Məqsəd əvvəlkidir. Moskva öz geosiyasi maraqlarından çıxış edərək, Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətini daim saxlamağa çalışır. O vaxta qədər ki, özü güclənəcək və yenidən Azərbaycan və Gürcüstanı işğal edəcək. Rusiya bilir ki, Ermənistan və Azərbaycan hər hansı sülh bağlayarsa, bu ölkələrə öz təsirini itirəcək. Nəticədə Azərbaycan və Ermənistan Qərbə, Avropa İttifaqına, NATO-ya doğru sürətlə inkişaf edəcək". Politoloq Madrid prinsiplərinin həyata keçəcəyinə inanmır: "Ermənilər birinci növbədə Dağlıq Qarabağın statusu məsələsini qoyurlar. Madrid prinsiplərinə görə, gərək Azərbaycan icması Dağlıq Qarabağa qayıtsın, ondan sonra ermənilərlə bərabər orda referendum keçirsinlər. Azərbaycan icması sülh imzalanmamış ora necə qayıdacaq? Göründüyü kimi, oyun gedir. Məsələnin həlli üçün gərək Azərbaycanın 7 rayonu azad edilsin, Dağlıq Qarabağdakı bütün erməni qoşunları çıxarılsın, bütün ərazilər Azərbaycanın suverenliyinə keçsin və Azərbaycan əhalisi tədricən azad olunmuş ərazilərə qayıtsın. Bunlar baş verməmiş ortaya atılan təkliflərin hamısı Rusiya foksudur". V.Quluzadə Ermənistan ordusunun Azərbaycan ərazisində hərbi təlimləri intensivləşdirməsi və düşmən ölkədə səfərbərlik elan olunmasını müharibənin anonsu sayır: "Biz bilmirik ki, Rusiya nə vaxt qərar verəcək. Gürcüstanı işğal edən Rusiya bir gün Azərbaycanı da işğal edəcək. Burda heç bir şübhə ola bilməz. Rusiya Ermənistanı müharibəyə hazırlayır. Azərbaycan bu təhlükəni dünyaya bəyan etməlidir. Amma bunun əvəzinə Azərbaycan tərsinə edir, bəhanə verir ki, ermənilər rusların köməyi ilə hücuma keçsinlər və bütün dünyada onların təbliğat maşını bəyan etsin ki, Azərbaycanın zərbəsini qabaqlamaq istəyirmişlər".  XİN-in mətbuat katibi Elxan Poluxov isə dedi ki, hələlik ortada Ermənistanın rəsmi mövqeyi yoxdur: "Ermənistanın son mövqeyi dəqiqliyi ilə həmsədrlərin bölgəyə səfərləri zamanı çatdırılacaq. Lakin Ermənistan prezidenti öz çıxışlarında birmənalı olaraq məsələyə cavab verməyib". Nazirlik rəsmisi qeyd etdi ki, söhbət ayrı-ayrı fikirlərdən yox, konkret yeniləşmiş sənəddən gedir: "Sənəddə konkret maddələr yazılıb və masa üzərinə qoyulub. Biz deyirik ki, həmin sənədi bəzi istisnalarla qəbul edirik, Ermənistanın elan olunan sənədlə bağlı konkret mövqeyi isə Azərbaycan tərəfinə heç nə məlum deyil. Yəqin ki, həmsədrlərin yaxın günlərdə Ermənistana edəcəyi səfərdən sonra bu ölkənin mövqeyi aydın olacaq". Madrid prinsiplərinin danışıqlar predmeti olduğu bu günlərdə düşmən ölkənin Azərbaycanın işğal altındakı ərazilərdə intensiv hərbi təlimlər keçirməsi və 50 yaşadək səfərbərlik elan olunmasına gəldikdə, XİN rəsmisi bunları bildirdi: "Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq eyni zamanda rəsmi Bakı beynəlxalq qanunvericilikdə nəzərdə tutulan qaydada öz ərazilərini azad etmək hüququnu da özündə saxlayır". Azərbaycan tərəfini müharibə etməməklə bağlı sazişə imza atmağa çağıran erməni prezidentin dediklərini şərh edərkən E.Poluxov dedi ki, Ermənistan tərəfi belə bəyanatlarla spekulyasiya edir: "Çünki yeniləşdirilmiş Madrid prinsiplərinin tərkib hissəsi olaraq münaqişənin gücdən istifadə etmədən həlli nəzərdə tutulur. Lakin burda ərazi bütövlüyü, ərazi bütövlüyü çərçivəsində xalqların müqqəddaratının müəyyən edilməsi ilə bağlı digər bəndlər də var. Ermənistan bir prinsipi əsas götürüb digərlərini qırağa qoyur. Biz bu sənəddə əksini tapan bütün məsələlərə öz fikrimizi bildirmişik".musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar