SON XƏBƏRLƏR

İngilis mətbuatı: İran havadan və dənizdən vurulacaq

2021.10.20, 07:36
İngilis mətbuatı: İran havadan və dənizdən vurulacaq

Gunaz.tv
GünAzTv: Xəbər verildiyi kimi, Pentaqon İranın yeraltı nüvə obyektlərini vurmaq üçün nəzərdə tutulan bunker dağıdan bombaları Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Hərbi Hava Qüvvələri bazasına daşıyıb. Şotlandiyanın "The Sunday Herald" qəzetinin əldə etdiyi məlumatda deyilirdi ki, bazaya 400-ə yaxın belə bomba yerləşdirilib. Dieqo-Qarsiya adasındakı Amerika hərbi bazası İraqa qarşı 2003-cü ildəki hərbi əməliyyatlarda və Körfəz müharibəsi zamanı strateji hədəflərin vurulması üçün istifadə edilib. Bu bazadan qalxan təyyarələr ən uzağı yarım saat sonra İrana çata bilər. GünAzTv mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Bazada B-2 strateji bombardmançıları da daxil olmaqla yüzlərlə təyyarə yerləşdirilib. Britaniyalı təhqiqatçı Dan Pleşin "The News Statesman" qəzetində dərc edilmiş məqaləsində deyilir ki, ABŞ-ın İranı vurmaq planı hazırdır və hələ Buş administrasiyası dövründə hazırlanan plan kompüter variantında Obama administrasiyasına təqdim edilib. Planın üzərində bəzi dəyişikliklər edilsə də əsas hissəsi dəyişməz qalır. Bildirilir ki, ABŞ ordusunun Qərargah Rəisləri Komitəsinin rəhbəri admiral Maykl Müllenin masası üzərində yer alan planda İranın nüvə, hərbi və digər infrastrukturlarının bir neçə saat ərzində aramsız bombardman edilməsi, 10 minə yaxın hədəfin vurulması, zərurət yaransa xüsusi təyinatlı birliklərin müdaxiləsi nəzərdə tutulur. Plana görə İrana qarşı əməliyyatlarda adi silahların istifadəsi planlaşdırılır, lakin Buş administrasiyası dövründə İrana qarşı kiçik nüvə başlıqlarının tətbiqi ideyası da müzakirə edilmişdi. "İrana azadlıq əməliyyatı" adlı plan dörd il ərzində Amerika ordusu, donanması, hava qüvvələri və xüsusi təyinatlı dəniz piyadaları tərəfindən işlənib hazırlanıb. Plana görə əməliyyatda əsas rol hərbi hava və dəniz qüvvələrinin üzərinə düşəcək. Amerikanın Fars körfəzində yerləşdirilən təyyarədaşıyan gəmilərindən qalxan yüzlərlə təyyarə İrandakı hədəfləri vuracaq. Paralel olaraq körfəzdəki gəmilərdən İran ərazisi raket zərbələrinə məruz qalacaq. Plana görə İran əməliyyatında Amerika donanmasındakı 6 təyyarədaşıyan zərbə qrupundan 5-ni istifadə etmək nəzərdə tutulur. Hazırda Birləşmiş Ştatlar donanmasının bölgədə iki təyyarədaşıyan gəmisi növbə çəkir. Lakin əməliyyatlara start verilsə qalan 3 gəmi də qısa müddət ərzində onlara qoşula bilər. Həmin gəmilərdə xüsusi təyinatlı dəniz piyadaları birlikləri də var. ABŞ ordusunun əsas hissəsi hazırda İraq və Əfqanıstanda hərbi əməliyyatlara cəlb olunduğu üçün bir çox ekspertlər belə hesab edir ki, İrana qarşı hərbi əməliyyatlara zəruri qüvvə çatışmaz. Lakin Pleş bildirir ki, Amerikanın strateji aviasiyası və dəniz qüvvələri "boş-bekar" dayanıb və İranı vurmaq üçün daimi döyüş hazırlığı vəziyyətindədir. Ekspertə görə, Pentaqon ehtiyat plana da malikdir. Bu plan o zaman işə düşə bilər ki, İranın cavab zərbələri gözləniləndən güclü olsun. O halda ABŞ İrana qarşı hava və dənizdən zərbələrlə kifayətlənməyib bütün hərbi potensialını bu ölkəyə qarşı işə sala bilər. Pentaqonun İrana dair xəritəsində qoşunların daşınması və təchizatı üçün regionda istifadə oluna biləcək bazalar da göstərilir. Bu xəritədə Azərbaycan ərazisindəki 3 hərbi aerodrom da yer alır. Xatırladaq ki, Azərbaycanın Pentaqonun İrana dair hərbi əməliyyatlar xəritəsində yer alması hələ neçə il əvvəldən məlum idi və bu haqda Qərb mənbələri xəbər vermişdi. Söhbət bütün ehtimalların nəzərə alınmaqla hazırlanan plandan getdiyinə görə bu təəccüblü deyil. Çünki Azərbaycan İranla qonşu ölkələrdən biridir. Lakin qeyd olunmalıdır ki, rəsmi Bakı İrana qarşı hər hansı planda yer almayacağını çoxdan Vaşinqtonun diqqətinə çatdırıb. Bununla belə, əgər ehtimal edilən müharibə başlasa Azərbaycanın ondan bu və ya digər formada ziyan çəkən ölkələrin arasında yer alacağı şübhə doğurmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar