SON XƏBƏRLƏR

Tehran və digər şəhərdə İlaxir Çərşənbə hadisələri...

2021.10.20, 07:36
Tehran və digər şəhərdə İlaxir Çərşənbə hadisələri...

Gunaz.tv
GünAzTv: Hökumətin qoyduğu bütün qadağalara və polisin Tehranın əsas küçə və meydanlarını nəzarətə götürməsinə baxmayaraq martın 16-da İranın, demək olar, bütün şəhərlərində, o cümlədən paytaxtda axır çərşənbə mərasimi geniş, təntənəli şəkildə keçirilib. GünAzTv mətbuat mərkəzinin “Mediaforum”-a istinadən yaydığı məlumata görə, Tehranın bir neçə məntəqəsində axır çərşənbə mərasimini qeyd etmək üçün küçələrdə toplaşanlarla hökumət qüvvələri arasında qarşıdurmalar yaranıb. Paytaxtın Səadətabad məntəqəsində isə mərasimə toplaşanlar qoyulan qadağalara etiraz olaraq “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) təşkilatının bir ofisini yandırıblar. Tehranın Ekbatan şəhərciyi, Seyid Xəndan körpüsü, Gişa, Yusifabad, Nizamabad, Ariyaşəhr, Tehranpars, Rey və Cavadiyyə məntəqələrində polis və mülki geyimli hökumət qüvvələrinin hücumuna məruz qalan gənclər dini rəhbərə və ölkə prezidentinə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Allahu əkbər” və digər şüarlar səsləndirən gənclər paytaxtın bəzi yerlərində polis avtomobillərinin hərəkətinə mane olublar, avtomobillərin qarşısında rəqs etməyə başlayıblar. Təbrizin isə Zəfəraniyyə qəsəbəsində sakinlərin İran prezidenti Mahmud Əhmədinejadın şəkillərinin üstündən atıldığı bildirilir. İranın digər şəhərlərində, o cümlədən Şiraz, İsfahan, Məşhəd, Urmiya, Behbəhan, Babülsər, Rəşt, Kərəc, Bəndərabbasda da builki axır çərşənbə mərasimini geniş şəkildə qeyd ediblər. Hətta əvvəlki illərlə müqayisədə builki axır çərşənbə tədbirlərinə çıxanların sayının daha çox olduğu, eyni zamanda bayram mərasiminin siyasi xarakter aldığı vurğulanır. İran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan martın 17-də jurnalistlərə açıqlamasında deyib ki, martın 16-da keçirilən axır çərşənbə mərasimində təkcə Tehranda 50 nəfər tutulub, 220 yanğın baş verib, 300 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Martın 15-də İranın dini rəhbəri ayətullah Əli Xamneyi Novruz ərəfəsi qeyd olunan axır çərşənbə ilə bağlı fitva vermişdi. Fitvada axır çərşənbə mərasiminin cəmiyyətdə fitnə-fəsada gətirib çıxardığı bildirilmişdi: “Novruz bayramının son çərşənbə mərasimi dini əsaslara söykənmir. Bu, bir növ atəşpərəstlikdir. Yaxşı olar ki, bu mərasimdən imtina edilsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar