SON XƏBƏRLƏR

Elxan Şahiboğlu:“Soyqırımı” tanıyan ölkələrin sayı artsa da, bunun Türkiyə üçün elə böyük təhlükəsi yoxdur (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Elxan Şahiboğlu:“Soyqırımı” tanıyan ölkələrin sayı artsa da, bunun Türkiyə üçün elə böyük təhlükəsi yoxdur (MÜSAHİBƏ)

Gunaz.tv
GünAzTv: “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun GünAzTv mətbuat mərkəzinə müsahibəsi: - Elxan bəy, ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin ardınca İsveç parlamentində “soyqırımı” tanıdı. Sizcə, Türkiyə bundan sonra hansı addımı atacaqdır? - Türkiyə ABŞ və İsveçdən səfirlərini geri çağırıb. Ancaq bu iki olayın bir-birindən fərqi var. ABŞ-da erməni qətnaməsi hələ ki, komitədən keçib və böyük ehtimalla sənəd elə burada da ilişib qalacaq, Nümayəndələr Palatasının səsverməsinə çıxarılmayacaq. Çünki, başda prezident Barak Obama olmaqla, dövlət katibi Hillari Klinton və müdafiə naziri Qeyts sənədin Nümayəndələr Palatasının səsverməsinə çıxarılması halında Türkiyəni bir strateji ortaq olaraq itirəcəklərini anlayırlar. Ona görə də erməni qətnaməsinin Nümayəndələr Palatasının səsverməsinə çıxarılmasına imkan verməyəcəklər. Bundan sonra da ABŞ-Türkiyə münasibətləri əvvəlki axarına qayıdacaq. İsveçlə isə durum fərqlidir. İsveç parlamenti “erməni soyqırımı”nı tanıdı və bu qərarın geriyə qüvvəsi yoxdur. Doğrudur, bu o demək deyil ki, İsveç parlamentinin qərarı nəyəsə təsir edir. Təsadüfi deyil ki, İsveç hökuməti parlament qərarının heç bir əhəmiyyət daşımadığını vurğulayıb. Buna baxmayaraq, Türkiyə ABŞ-dan fərqli olaraq səfirini hələ bir müddət İsveçə göndərməyəcək. Yəni iki ölkə arasındakı münasibətlərdə gərginliyi aradan qaldırmaq vaxt aparacaq. - Neçə düşünürsünüz Amerika və Avropanın Türkiyə qarşı belə ədalətsiz qərarları, nəticə etibarı ilə Türkiyə üzünü tamam türk-islam aləminə doğru çevirə bilərmi? - Əlbəttə ki, bu kimi qətnamələr Türkiyənin əlini soyudur, Ankaranın Avropaya yönəlik siyasətini təftişə sürükləyir. Buna görədir ki, Türkiyə xarici siyasətində son zamanlar şərq istiqamətini fəallaşdırıb. Türkiyə ona lazım olan investisiyaları da artıq Avropadan deyil, varlı şərq ölkələrindən əldə edir. Buna rəğmən, Türkiyənin üzünü tamamilə türk-islam aləminə çevirəcəyini vurğulamaq da çətindir. Əgər Türkiyə bölgədə aktiv rol oynamaq istəyirsə, Qərblə əməkdaşlıqdan da vaz keçən deyil. - Artıq iyirmidən yuxarı dövlət “soyqırımı” tanıyıb. Bu tanınmalar belə artımla davam etsə gələcəkdə Türkiyə üçün nələr vəd edir? - “Soyqırımı” tanıyan ölkələrin sayı artsa da, bunun Türkiyə üçün elə böyük təhlükəsi yoxdur. Çünki “soyqırımı” parlamentlərində tanıyan ölkələrin özlərinin Türkiyə ilə əməkdaşlıqda maraqları var. Türkiyə Qərb dünyası üçün şərqə açılan pəncərədir. Türkiyə müsəlman aləmində tək-tük demokratik dövlətlərdəndir ki, Qərbin onunla əməkdaşlığa ehtiyacı var. Bu sıraya Rusiyanı da aid edə bilərik. Rusiya Dövlət Duması “erməni soyqırımı”nı 1995-ci ildə tanıyıb. Buna baxmayaraq, bu gün Rusiya Türkiyənin əsas iqtisadi-ticarət tərəfdaşlarındandır. Yəni erməni qətnamələri Türkiyəni zəiflətmir, çünki onların heç bir hüquqi qüvvəsi yoxdur. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar