SON XƏBƏRLƏR

İran daha bir “qara siyahı”da

2021.10.20, 07:36
İran daha bir “qara siyahı”da

Gunaz.tv
GünAzTv: Məhbusların hüquqları məhdudlaşdırıldığından onların qaldıqları yerə “həbsxana” deyirlər. İranda isə vətəndaşların haqları pozulduğundan hüquq müdafiəçiləri çeşidli hesabatlarında bu ölkəni “jurnalistlər həbsxanası”, “qadınlar həbsxanası”, “bölünmüş millətlər həbsxanası” və s. adlandırırlar. Lent.az-ın “bab-xeber” saytına istinadən məlumatına görə, dünyada həbsdə olan jurnalistlərin üçdə biri bu ölkənin payına düşdüyündən İran “jurnalistlər həbsxanası” “titulu”na da layiq görülüb. Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi məsələyə dair bəyanatla çıxış edərək bildirib ki, İran dünyada həbsdə olan jurnalistlərin üçdə birini, 52 jurnalisti həbsdə saxladığına görə bu sahədə birinci yerdədir. Ondan ardınca 24 məhbus jurnalistlə Çin və Kuba (22) gəlir. Jurnalistləri Müdafiə Komitəsi faktlara əsaslanaraq bildirib ki, İslam Respublikası 1996-cı ildən bu günə kimi bu sayda jurnalisti həbsdə saxlayan yeganə ölkədir. Ötən 14 il müddətində dünyanın heç bir yerində bu qədər məhbus KİV nümayəndəsi olmayıb. Komitənin icraçı katibi Col Saymon deyib: “İran ardıcıl olaraq jurnalistlərə təzyiq göstərir, onları müxtəlif ittihamlarla həbs edir. Bu sahədə İranda durum o qədər qorxulu və acınacaqlıdır ki, qəbul olunmuş beynəlxalq qaydalarla bu ölkədə çalışan media işçilərini müdafiə etmək belə mümkün deyil. Biz əminik ki, sonunda cəhalət tərəfdarı olan İran rejimi məğlub olacaq. Bununla həmkarlarımızın ağır durumu bizi narahat etməkdədir”. Bir müddət öncə mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Birliyi də İranı “jurnalistlər həbsxanası” adlandırmışdı. Qurumun yaydığı bəyanatda ötən il iyunun 12-də, prezident seçkisindən sonra 100 jurnalistin həbs olunduğu, 50 KİV təmsilçisinin isə ölkəni tərk etmək məcburiyyətində qaldığı bildirilmişdi. Jurnalistləri Müdafiə Komitəsinin yaydığı bəyanatda daha sonra xatırladılıb ki, rejimin Mətbuata Nəzarət Şurası 17 qəzet və jurnala xəbərdarlıq məktubu göndərərək bildirib ki, “qaydalara” riayət etmədikləri təqdirdə fəaliyyətləri dayandırılacaq. Xatırladaq ki, fevralda BMT-nin İnsan haqları komitəsi İrana gedərək, ölkədə uyğun sahədəki durumu təftiş etmək üçün İslam Respublikası rəhbərliyinə müraciət etmişdi. Qurumun bu istəyini Tehran təmin etməmişdi. Mənbənin məlumatına əsasən, BMT İnsan Haqları üzrə ali komissarı Noy Play martın əvvəlində Cenevrədə növbəti çıxışında bir daha İranda insan haqları sahəsində durumun acınacaqlı olduğunu bildirərək, bu ölkəyə BMT nümayəndələrinin göndərilməsini yenidən tələb edib. Almaniya dövlət radiosunun yaydığı məlumata görə, BMT İnsan Haqları üzrə ali komissarı İranda insan haqları yönündə hakim olan şəraitin həddindən artıq ağır və dözülməz olduğunu vurğulayaraq, əlavə edib: “İranda müxaliflər qəddarlıqla susdurulur, siyasi fəallar, hüquq müdafiəçiləri və jurnalistlər əsasız ittihamlarla həbs edilir. Minlərlə insan prezident seçkilərinin rəsmi nəticələrinə etiraz etdikləri üçün ən ağır cəzalara, o cümlədən edama məhkum ediliblər.” İranda keçirilən sonuncu prezident seçkisinin nəticələrinə etiraz edən milyonlarla insan rejim qüvvələri və basqı qruplarının qəddar reaksiyası ilə üzləşib. Əhalinin keçirdiyi dinc mitinqlər zamanı minlərlə insan tutulub, yüzlərlə aksiya iştirakçısı öldürülüb. Tutulanların bir çoxu uzun müddətli həbs cəzasına və edama məhkum ediliblər. Haqqında edam hökmü çıxarılan ən son məhkumlardan biri 20 yaşlı tələbə Məhəmmədəmin Vəliandır. O, seçkinin rəsmi nəticələrinə etiraz aksiyalarına qatıldığı üçün ölüm cəzasına məhkum edilib. Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının fevralın ortalarında keçirdiyi növbəti iclasında İranda insan haqlarının durumu müzakirə olundu. Bu iclasda, İran İslam Respublikasının təmsilçilərinin etirazına baxmayaraq, quruma üzv ölkələr və beynəlxalq hüquq müdafiə təşkilatları Tehran hakimiyyətini insan haqlarını kobud şəkildə pozduğuna görə şiddətlə qınadılar. Nobel Sülh mükafatı laureatı, İnsan Haqlarını Müdafiə Mərkəzinin rəhbəri Şirin İbadı də BMT-nin İnsan Haqları üzrə ali komissarı xanım Noy Playa ünvanladığı məktubda qeyd edib: “Həmvətənlərimin dinc etiraz aksiyalarına güllə ilə cavab verilir.” Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar