SON XƏBƏRLƏR

Rəsmi Tehran çökməkdə olan Ermənistan iqtisadiyyatına dəstəyini gücləndirir

2021.10.20, 07:36
Rəsmi Tehran çökməkdə olan Ermənistan iqtisadiyyatına dəstəyini gücləndirir

Gunaz.tv
GünAzTv: Sirr deyil ki, Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi pressinqin lazımi effekt verməməsinin əsas səbəblərindən biri də İranın sözügedən işğalçı dövlətlə qurduğu ticarət əlaqələridir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, Gürcüstanla sərhəd-keçid məntəqələrində tez-tez problemlər yaşaması fonunda İranın bu dövlətə verdiyi iqtisadi dəstək, sözün əsl mənasında, İrəvan üçün "hava nəfəsliyi" rolunu oynayır. Hələ bir vaxtlar Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan etiraf edirdi ki, İranla sərhədi bağlansa, Ermənistan "boğular". İran isə Azərbaycanla dinbir dövlət olsa da, indi regionda daha çox işğalçı Ermənistanın əsas hamisi rolunu oynayan dövlətlərdən biri kimi çıxış edir. Aparılan araşdırmalar göstərir ki, son illər İran İslam Respublikası ilə Ermənistan arasında siyasi və iqtisadi əlaqələr, bir sıra sahələr üzrə strateji tərəfdaşlıq genişlənir. İran şirkətlərinin Ermənistan iqtisadiyyatına investisiyalarının həcmi artır, Ermənistanın çökməkdə olan iqtisadiyyatının dirçəldilməsi istiqamətində məqsədyönlü tədbirlər keçirilir. "armex2010.com" saytının və digər məlumatlı mənbəmizin xəbərinə görə, 2010-cu il fevralın 9-10-da Tehranda Ermənistan və İran dövlət qurumlarının rəhbərləri, habelə sahibkarların iştirakı ilə ikigünlük konfrans keçirilib. Konfransda İranda istehsal olunan malların Ermənistan vasitəsilə dünya bazarına çıxarılması və iranlı iş adamları tərəfindən Ermənistanda müxtəlif sahələrə sərmayə qoyulması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə və təkbətək görüşlərdə Ermənistana sərmayə qoyulması planlaşdırılan layihə və konkret sahələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, İrandan ixrac edilməsi nəzərdə tutulan malların sərgisi təşkil olunub. Tədbir İran ticarətinin inkişafı təşkilatının təşkilatçılığı ilə keçirilib. Konfransda İran İslam Şurası məclisinin iqtisadi komitəsi, XİN, ticarət, sənaye və mədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, rabitə nazirlikləri və digər dövlət orqanlarının rəhbərləri və rəhbər vəzifəli şəxslər iştirak edib. Ermənistan tərəfindən tədbirdə bu ölkənin iqtisadi blokuna rəhbərlik edən yüksək vəzifəli şəxslərin iştirak etdiyi bildirilir. Onların arasında Ermənistan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, nəqliyyat və rabitə, energetika nazirləri, inkişaf agentliyinin rəisi, kənd təsərrüfatı və iqtisad nazirlərinin müavinləri və digər rəsmi şəxslərin iştirak etdiyi barədə məlumat verilir. Ekspertlər hesab edir ki, İranın Ermənistanla bu səpkidə yüksək səviyyədə danışıqlar aparması bu ölkənin həqiqətən də acınacaqlı durumundan xəbər verir. Xatırladaq ki, artıq İrana qarşı BMT səviyyəsində yaxın günlərdə növbəti sanksiyaların tətbiqi gözlənir. Digər tərəfdən o da maraqlıdır, görəsən özü pis vəziyyətdə və dünyaya çıxışı məhdud olan Ermənistan İran mallarını dünya bazarına necə çıxaracaq? Burada daha bir maraqlı məqamı xatırlamaq yerinə düşür. Bilindiyi kimi, bir neçə gün əvvəl İranın rəsmi orqanları tərəfindən sanksiyalaşdırılmış və Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilmiş aksiyada Azərbaycana qarşı ittihamlar sürülmüş, dövlətimiz və xalqımız təhqir olunmuşdu. Aksiya zamanı Azərbaycan "İslamın düşmənlərilə əməkdaşlıq etməkdə" ittiham edilmişdi. İndi maraqlıdır ki, hər sözündə həmrəylikdən danışan İran rəsmiləri Azərbaycanın maraqlarına zidd İran-Ermənistan strateji tərəfdaşlıq əlaqələrinin inkişafını necə izah edə bilər? Onlar Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində İslam mədəniyyətinə aid abidələri dağıdan, məscidlərin viran qoyan, minlərlə müsəlmanı qətlə yetirən, Xocalı soyqırımını törətmiş ermənilərlə əməkdaşlığı niyə genişləndirirlər? ABŞ tərəfindən ciddi təzyiqlə üzləşmiş və iqtisadi sanksiyalara məruz qalmış İranın məhz Ermənistan vasitəsilə öz mallarını dünya bazarına çıxarmaq cəhdləri ABŞ administrasiyası üçün də maraq kəsb etməyə bilməz. Bu mənada, ABŞ-ın milli maraqlarına qarşı fəaliyyət göstərən və İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirən Ermənistana ABŞ-ın münasibəti anlaşılmazdır. Nəyə görə belə hallarda bütöv ölkələrə, nüfuzu şirkətlərə qarşı sanksiyalar tətbiq edən ABŞ Ermənistan hakimiyyətinin əməllərinə göz yumur? Üstəlik, Rusiyanın forpostu və İranın strateji tərəfdaşı olan Ermənistanın ABŞ Konqresində müdafiə edilməsi, bu ölkənin maraqlarına hesablanmış layihələrə dəstək göstərilməsi ABŞ-ın maraqları baxımından məqsədəuyğun hesab edilə bilərmi? Əlbəttə, bu sualların cavabını bilmək elə də geniş dünyagörüşü tələb etmir və onların geniş şərhinə də ehtiyac yoxdur. Necə deyərlər, faktlar hər şeyi göz önünə sərgiləyir. İran Rusiya ilə birlikdə bu gün Ermənistanın iqtisadi mövcudluğunun təminatçısı kimi çıxış edir. Bununla da, faktiki olaraq, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına birbaşa yardımçı olur. Onu da qeyd edək ki, Rusiya ilə yanaşı, məhz İran Ermənistana təbii qaz ixrac edir. Hazırda Iranın Ermənistana qaz ixracının həcmi gündə 2 milyon kubmetr təşkil edir. Xatırladaq ki, 2004-cü ildə iki ölkə arasında imzalanan 20 illik müqaviləyə əsasən, qaz ixracının həcmi 2011-ci ildə gündə 4 milyon kubmetrə, sonrakı illərdə isə 6,3 milyon kubmetrə çatdırılacaq. Bundan başqa, İran-Ermənistan dəmir yolu layihəsinin tikintisi üçün də işlər görülür. Artıq Tehran İran ərazisində tikiləcək 60 km uzunluğunda xəttinin texniki-iqtisadi işlərini yekunlaşdırıb. Ermənistanın nəqliyyat naziri Qurgen Sarqsyan bildirib ki, artıq 2010-cu ilin aprel ayında xəttin texniki-iqtisadi əsasının həyata keçirilməsinə başlanacaq. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar. Layihəyə görə, 470 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Bundan əvvəl isə İran hətta Ermənistanda neftayırma zavodu tikməyə hazır olduğunu da bildirib. Bunun ardınca indi də İran mallarını Ermənistan vasitəsilə ixrac etmək istiqamətində konkret addımlar atır. Baki-xeber. Eldar XƏYAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar