SON XƏBƏRLƏR

Ankaranın reaksiyası nəticə verir

2021.10.20, 07:36
Ankaranın reaksiyası nəticə verir

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Türkiyənin sərt reaksiyasından sonra ABŞ administrasiyası Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiqlənən “erməni soyqırımı” layihəsinin önünü kəsib. “Röyter” agentliyinə açıqlama verən administrasiya rəsmisi deyib ki, layihənin Nümayəndələr Palatasının ümumi yığıncağının gündəliyinə çıxarılmaması ilə bağlı bu palatanın rəhbərliyi ilə ümumi anlaşma əldə edilib. “Obama administrasiyası layihənin daha artıq irəliləməsinin əngəllənməsinə dair Konqresin səlahiyyətli şəxsləri ilə ümumi anlaşmaya malikdir. Biz layihənin hazırda olduğu yerdə qalacağına inanırıq” - deyə mənbə bildirib. Qeyd edək ki, qətnamə layihənin təsdiqlənməsi üçün onun Nümayəndələr Palatasında ümumi səsvermədən keçməsi tələb olunur. Daha sonra eyni məzmunlu layihə Senat tərəfindən də qəbul edilməlidir. Hazırda Nümayəndələr Palatasında layihəni dəstəkləyənlərin sayı 200-ə yaxındır. 2007-ci ildə də erməni layihəsi Xarici Əlaqələr Komitəsindən keçmiş, lakin Buş administrasiyası tərəfindən onun Nümayəndələr Palatasının ümumi iclasına çıxarılması dayandırılmışdı. Xəbər verildiyi kimi, Türkiyə layihənin komitədə təsdiqlənməsinə kəskin reaksiya verərək öz səfirini Vaşinqtondan geri çağırıb. Həmçinin ABŞ-la strateji müttəfiqlik münasibətlərinin təhlükədə qalacağı haqda xəbərdarlıq edib. Eyni zamanda Ankara bəyan edib ki, bu cür təzyiqlər qarşısında geri çəkilib Ermənistanla imzalanmış protokolları ratifikasiya etmək fikrində deyil. Xarici işlər naziri Əhməd Davudoğlu İspaniyaya səfəri zamanı təyyarədə jurnalistlərlə söhbətində yenidən ABŞ-ın ünvanına sərt açıqlamalar verərək deyib ki, bütün Türkiyə Konqresdə keçirilən səsvermənin nə dərəcədə rəzalət və qeyri-ciddi olduğunu gördü. Davudoğlu səsvermənin televiziyalar tərəfindən canlı yayımlanmasına toxunaraq deyib ki, konqresmenlərin hansı şəraitdə seçim etməsini göstərən kadrlar əsl rəzalət idi: “Konqresmenlərin köməkçiləri gəlib qulağına ”hə" pıçıldayır, o da səs verir. Tarixi və kritik bir məsələdə necə səs verdiklərini hər kəs canlı izlədi". Nazir deyib ki, Türkiyə ABŞ-la münasibətlərdə bu cür böhran yaranacağını gözləyirdi və o səbəbdən Vaşinqtondakı yeni səfirini mümkün qədər tez göndərdi. Əks halda Türkiyənin əlindən belə hallarda diplomatik cavab tədbirlərindən olan səfirin məsləhətləşmələr üçün geri çağırılması variantı çıxmış olardı. Davudoğlu səfir Namik Tanın Ankarada nə qədər qalacağını dəqiqləşdirməyib, ancaq deyib ki, bu müddət kifayət qədər uzun ola bilər. Çünki iki ölkə arasında münasibətlərin miqyası çox genişdir. Nazir bu günlərdə Qətərdə baş nazir Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət katibi Hillari Klinton arasında keçirilən və nəzərdə tutulan vaxtdan uzun çəkdiyinə görə iki ölkə diplomatları arasında davaya səbəb olan görüşdə də məhz erməni layihəsinin müzakirə edildiyini deyib: “Biz bu varianta hazır idik, baş nazirlə danışıb iki plan hazırladıq, layihənin təsdiqlənməsi variantına uyğun rəsmi açıqlama da hazırladıq. Ona görə də səsvermə bitəndən cəmi 1 dəqiqə sonra bizim rəsmi mövqeyimiz yayıldı”. Prezident Abdulla Gül isə deyib ki, Türkiyə hədə və təzyiq ilə heç bir zaman inanmadığı bir şeyi qəbul etməyəcək. “ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma soyqırımı ilə bağlı qərarı Türkiyənin bölgədəki sülh və barışıq səylərinə zərər vurur” - deyə A.Gül jurnalistlərə müsahibəsində deyib. Onun fikrincə, ABŞ-da uydurma erməni soyqırımı ilə bağlı qərar layihəsinin qəbulu regionda sabitliyi pozmağa yönəlib. “ABŞ kimi bir ölkənin Konqresində siyasətçilər necə səs verir? Olduqları bölgənin diasporunun üç-beş səsini almaq üçün müttəfiqləri olan ölkənin əleyhinə səs verən siyasətçilərlə qarşı-qarşıyayıq. Türkiyə əleyhinə səs verənlərdən soruşsanız, məsələ ilə bağlı üç dəqiqə danışa bilməzlər” - deyə Türkiyə prezidenti bəyan edib. A.Gül əlavə edib ki, yaranmış vəziyyət çox narahatedicidir: “Dünyaya yönvermə iddiasında olan bir ölkənin siyasətçiləri belə davranırsa, bütün dünyanı maraqlandıran hadisələri necə həll edəcəklər?” Dünən səfir Namik Tanın Vaşinqtonu tərk etdiyi və Ankaraya yola düşdüyü xəbər verilib. Ana müxalifət lideri Dəniz Baykal isə erməni layihəsinə dair səsverməni şərh edərək deyib ki, bu hadisə AKP hökumətinin “erməni açılımı”nın nə dərəcədə yanlış olduğunu bir daha ortaya çıxarıb. D.Baykal deyib ki, layihənin səsvermədən keçməsini hiddətlə qarşılayır və hesab edir ki, belə vəziyyətdə bütün siyasi qüvvələr bir mövqedən çıxış etməlidir. Bununla belə CHP lideri AKP hökumətinin “soyqırım iddialarını ortadan qaldıracağıq” tezisi ilə çıxıb “erməni açılımı”na girdiyini, nəticədə çox ciddi səhvə yol verdiyini xatırladıb: “İqtidar Ermənistanla protokolları imzalayıb onun vasitəsilə Amerikanı soyqırımı iddialarında yumşaltmağı nəzərdə tuturdu. Lakin bu plan baş tutmadı. O protokolların imzalanması nə Türkiyə ilə Amerika arasında soyqırımı mübahisələrini aradan qaldırdı, nə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına səbəb oldu, nə də Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasına kömək etdi”. D.Baykal deyib ki, ABŞ administrasiyası Xarici Əlaqələr Komitəsinin qərarını Türkiyəyə qarşı şantaj elementi kimi istifadə edəcək. Bununla da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini Qarabağ şərtinə bağlı olmadan daha irəli nöqtəyə çəkməyə cəhd olunacaq: “Biz bu şantaj siyasətinə yaşıl işıq yandırdıq, protokolları imzaladıq. Bu, yanlış addım idi. İndi ABŞ-ın yol verdiyi bu haqsızlıq qarşısında Türkiyənin atacağı ən birinci addım protokolları parlamentdən geri çəkmək olmalıdır”. Amerika mətbuatı isə yazır ki, hazırda Ağ Ev qətnamə layihəsinə dair səsvermənin nəticələrinin Türkiyə ilə münasibətlərdə yol açdığı zərərin böyüməsinin qarşısını almağa çalışır. Ağ Evdəki yüksək səlahiyyətli mənbə deyib ki, Türkiyə ABŞ-ın mühüm strateji tərəfdaşı olaraq qalır. “Biz eyni zamanda Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması üçün səylərimizi davam etdirəcəyik” - deyə mənbə “Assoşeyted press”ə bildirib. Agentlik xatırladır ki, Konqresdəki olay regionda zəncirvari reaksiyaya səbəb olub və Türkiyənin ardınca Azərbaycan prezidenti də bəyanat yayaraq ermənipərəst konqresmenlərin təzyiqi altında qəbul edilən qərarı pisləyib. Ağ Ev rəsmisi xatırladıb ki, Azərbaycan Türkiyənin Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanla sərhədlərini açmasına etirazlarını davam etdirir. BBC mənbələri isə qeyd edir ki, Türkiyə iki il əvvəl olduğu kimi bu qətnamənin Konqres səsverməsinə çıxarılmayacağına ümid edir. Eyni zamanda Ağ Ev diplomatik gərginliyin genişlənməməsi üçün əlindən gələni edəcək: “Amerikanın müsəlman dünyasında ən mühüm müttəfiqlərindən biri kimi Türkiyə İran və Əfqanıstan üzərində vacib təsir malikdir. Gələn il Amerika əsgərlərinin İraqdan çıxarılmasının ən ucuz və təhlükəsiz yolu onların Türkiyəyə keçirilməsidir. Buna isə diplomatik münasibətlər imkan verməlidirlər”. Rusiya ekspertləri isə məsələni daha ilginc tərəfdən şərh edir. “Qazeta.ru” portalında bu mövzu ilə bağlı hazırlanmış geniş məqalədə deyilir ki, Konqresdə “soyqırımı” layihəsinə dair səsvermə Qarabağ problemi üçün həlledici hadisə ola bilər. Belə ki, bu layihənin təsdiqlənməsi Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hesablanır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Vladimir Zxarov deyib ki, ABŞ-a sakit Qafqaz lazımdır və onu Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması qətiyyən maraqlandırmır: “Ona görə də Vaşinqton Türkiyəyə güclü təzyiq edir ki, Ermənistanla münasibətlərini normallaşdırmaq üçün Qarabağ şərtini irəli sürməsin”. Ekspertin fikrincə, ABŞ-ın rəhbərliyi altında aparılan Türkiyə-Ermənistan danışıqlarında məqsəd o idi ki, Ankara Qarabağ şərtindən geri çəkilsin və bu regionun Azərbaycanın tərkibinə qaytarılmasında israr etməsin. Bunun əvəzində isə ABŞ və Ermənistan “soyqırımı” məsələsini arxa plana keçirməyə razılaşmışdı. Ancaq Ankara sonradan Azərbaycanın təzyiqləri qarşısında yenidən Qarabağ şərtini irəli sürməyə başladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar