Rəsmi Ankara İncirlikdən Amerika hərbçilərinin, Əfqanıstandan isə türk əsgərlərinin çıxarıla biləcəyini dedi
2021.10.20, 07:36
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Xarici Əlaqələr Komitəsində Türkiyədə 1915-ci ildə baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsinin təsdiqlənməsi Ankaranın sərt reaksiyalarına səbəb olub. Xəbər verildiyi kimi, elə səsvermə bitən kimi Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan “məsləhətləşmələr üçün” Ankaraya geri çağırılıb. Daha sonra Türkiyə prezidenti, baş naziri və parlament spikeri, xarici işlər naziri, müxalifət liderləri bəyanatla çıxış edərək Konqresin bu addımını pisləyiblər. Xatırladaq ki, Konqresdə səsvermə kifayət qədər dramatik keçib, erməni lobbisi əvvəlcə səsverməni uduzub, son ana qədər layihənin əleyhinə olanlar üstünlük təşkil edib. Nəticədə komitənin rəhbəri Hovard Berman səsverməni dayandıraarq iclasa gəlməyən, ancaq layihənin altında imzası olan 4 konqresmenin gəlişini gözləyib. Onlardan biri səsverməyə evindən gətirilib, digərlərini isə Ağ Evdən çağırıblar. Nəhayət, “hesabı bərabərləşdirmək” mümkün olub və lehinə və əleyhinə səs verən konqresmenlərin sayı 22-yə çatıb. Erməni lobbisini xilas edən 23-cü səs Bütün nəzərlər nəticənin necə olacağına dikildiyi bir vaxtda erməni lobbisti olan demokrat konqresmen Geyn Grin zala daxil olub və qətnamənin lehinə səs verib. Onun ardınca konqresmen Şila Cekson zala daxil olub, hamı maraqla Ceksonun necə səs verəcəyini gözləməyə başlayıb, ancaq o, həmkarları ilə məsləhətləşmələrdən sonra zalı tərk edib və H.Berman dərhal səsvermənin bitdiyini elan edərək layihənin komitədən keçdiyini bildirib. Səsvermə zamanı komitədə yer alan respublikaçı konqresmenlərdən 13-ü layihənin əleyhinə, 6-sı lehinə, demokrat konqresmenlərdən 9-u əleyhinə, 17-si lehinə səs verib.Səsverməyə dəqiqələr qalmış Obama administrasiyası komitəni layihənin qəbulundan çəkinməyə çağırmışdı. Buna baxmayaraq administrasiyanın əvvəlki illərdə olduğu kimi erməni layihəsini əngəlləməkdə qətiyyətli davranmadığı aydındır və bunun da bir səbəbi var: Türkiyəni Ermənistanla imzalanmış protokolların ratifikasiyasına məcbur etmək.Nəticə bəlli olan kimi Türkiyə hökuməti rəsmi bəyanat yayıb ki, türk ulusunun işləmədiyi cinayətə görə suçlandığı bu layihəni qınayır. Açıqlamada Türkiyənin ABŞ-dakı səfirinin geri çağırıldığı bildirilib. Bəyan edilir ki, layihə müəllifləri tarixi hadisələri kobud şəkildə təhrif edərək tamamilə qərəzli mətn hazırlayıb: “Biz bu layihənin keçməsinin iki ölkə münasibətlərinə vuracağı zərbə haqda xəbərdar etmişdik. Bütün xəbərdarlıqlara baxmayaraq komitədə təsdiqlənən bu layihənin Türkiyə-ABŞ münasibətlərinə və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yönündəki səylərə zərbə vuracağından ciddi narahatlıq duyuruq”.Prezident Abdulla Gül deyib ki, komitənin qərarını hiddətlə qarşılayır: “Qərarın türk xalqının nəzərində heç bir etibarı yoxdur. Bu səsvermənin hər addımda səbəb olacağı mənfi nəticələrə görə məsuliyyət daşıyan Türkiyə olmayacaq. Bu səsvermə Cənubi Qafqazda sülhün təmin edilməsinə yönələn səylərə zərbə vuracaq”.Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin də qərarı pisləyib: “Parlamentlər qanunvericiliklə məşğul olur, tarix yazmaqla yox. Amerika parlamenti tarix yazmağa cəhd edir. Bu, qəbuledilməz səhvdir”.Ermənistan və erməni diasporu isə təbii ki, səsvermənin nəticəsindən razı qalıb. Amerikadakı erməni təşkilatları bu qərardan “məmnun olduqlarını” ifadə edib və bildiriblər ki, layihənin qısa zamanda Nümayəndələr Palatasının ümumi yığıncağından keçməsi üçün səylər davam edəcək. Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Xaçikyan deyib ki, Türkiyənin Konqresin qərarlarını veto etmək gücünün olmadığı ortaya çıxıb. Konqresin qarşısında səsvermənin nəticələrini gözləyən ermənilər də nəticəni bayram edib.Ermənistan xarici işlər naziri Edvard Nabəndyan isə “Röyter”ə deyib ki, qərarı məmnunluqla qarşılayıblar: “Bu hadisə Amerika xalqının fundamental insan haqları dəyərlərinə bağlılığının yeni göstəricisi və insanlığa qarşı cinayətlərin önlənməsi yönündə önəmli addımdır”. Əhməd Davudoğlu: “Təzyiq altında qərar verməyəcəyik” Xarici işlər naziri Əhməd Davudoğlu isə Konqresdəki səsvermənin nəticələri ilə bağlı dünən keçirdiyi mətbuat konfransında diplomatik üslubda, ancaq kifayət qədər aydın mesajlar verib. Nazir əvvəlcə səsvermənin özünü “qeyri-ciddi” adlandıraraq deyib ki, sanki bir səs o tərəfə olsaydı, tarixin axını dəyişərdi: “Əgər konqresmenlərdən birinin köməkçisi onun qulağına "yes" yox, “no” pıçıldasaydı, o zaman nəticə fərqli olacaqdı. Tarixə bu cür bəsit və qeyri-ciddi münasibət olarmı?"Davudoğlu deyib ki, bu səsvermə Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırma prosesinə ciddi əngəl olacaq: “Mən Nümayəndələr Palatasına səslənirəm: etdiyiniz hər müdaxilə normallaşmanın önünə əngəl çıxarır. Siz bununla Türkiyə və Ermənistan xalqları arasında tarixi barışı əngəlləyirsiniz”.Nazir erməni diasporuna və Ermənistana müraciətlə deyib ki, bu məsələnin başqa ölkələrin parlamentlərində qaldırılması hesabına nəticə əldə etməyə inanmaq sadəlövhlükdür: “Əgər bu yolla nəticə əldə etməyi düşünürsünüzsə, onda bu, 10 əsrlik tarixdə türk millətini tanımadınız deməkdir. Türk milləti təzyiq altında qərar verməyəcək, bunu hər kəs bilməlidir”.Davudoğlu deyib ki, səfir Namik Tanla Ankarada səsvermə ilə bağlı Türkiyənin cavab addımları müzakirə olunacaq. Lazım olsa, müxalifətlə də təmas qurulacaq, çünki söhbət milli qürur məsələsindən gedir: “Mövqe fərqliliklərini bir kənara qoyaraq ortaq mövqedən çıxış etmək vacibdir, ancaq Türkiyənin hansı cavab addımları atacağı barədə danışmaq hələ tezdir. Biz addımlarımızı mərhələlərlə atacağıq. Türkiyə əvvəldən Ermənistanla barış məsələsi ortaya atılanda paralel olaraq Azərbaycan-Ermənistan barışını da gündəmə gətirib. Biz onlara dedik ki, əgər türk-erməni barışından söhbət gedirsə, o zaman nədən erməni-azərbaycanlı barışından söz açılmayacaq. Türkiyənin bu iki məsələni bir arada görməsi onun sülh istəməsindən irəli gəlir. İndi biz onlardan soruşuruq: Ermənistan-Azərbaycan barışını istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, bunu açıq deyin, yox, istəyirsinizsə, onda ortaya çıxın və lazım olan addımı atın. Mümkün olmayan iş yoxdur, istək olsa, bu məsələni də həll etmək olar”.Davudoğlu mətbuat konfransında sensasion sayılacaq bir məslə barədə də danışıb. Nazir jurnalistlərin “soyqırım iddiası Konqresdə qəbul edilərsə, İncirlik hərbi bazasının Amerika hərbçilərinin üzünə bağlanması və Əfqanıstandan türk əsgərlərinin geri çağırılması mümkündürmü” sualına belə cavab verib: “Səfirimizin Ankaraya qayıtmasından sonra bu məsələni Nazirlər Şurasında müzakirə edəcəyik. Bu, bizim üçün milli qürur məsələsidir”. Ərdoğan iqtidarının “erməni açılımı”na zərbə Durumu təhlil edib bu qənaətə gəlmək olar ki, Konqresdəki səsvermə Türkiyə hökumətinin “erməni açılımı” siyasətinə daha bir ciddi zərbədir. Ərdoğan və onun hökuməti Azərbaycandan xəlvət ermənilərlə barışığa başlayanda inanırdılar ki, bunun sayəsində “soyqırım” iddialarını tarixçilərdən ibarət komissiyanın ixtiyarına vermək və Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından çəkindirmək mümkün olacaq. Lakin bunların heç biri baş vermədi. Əvvəlcə Ermənistan Konstitusiya Məhkəməsi Sürix protokollarını baş-ayaq çevirərək “soyqırım”ın tanınmasının dövlət siyasəti olaraq qalacağını, habelə Türkiyənin şərq ərazilərinin erməni torpaqları olduğu haqda iddiaların qüvvəsində qaldığını vurğuladı. Bunun ardınca isə Ermənistan-Türkiyə yaxınlaşmasının baş memarı olan Ağ Ev birmənalı şəkildə ermənilərin yanında yer alaraq bütün təzyiqləri protokolları bu cür təslimçi durumda ratifikasiya etdirmək üçün Türkiyəyə yönəltdi. Konqresdəki səsvermə də şübhəsiz ki, bu təzyiqlərin davamıdır. Ancaq belə görünür ki, Ərdoğan və onun hökuməti də əvvəlcədən “erməni açılımı”na qoşulmaqla ciddi strateji səhvə yol vermişdi. Yəni AKP hökuməti Ermənistanla anlaşma prosesinə gedərək üzərinə öhdəliklər götürdü və sonra onu yerinə yetirə bilmədi. Nəticədə Türkiyə bu cür təzyiqlər qarşısında qaldı. Eyni zamanda erməni lobbisi və ABŞ administrasiyası ötən il “soyqırım” şantajının işə yaradığını görüb. Məhz bu şantajlardan sonra Türkiyə-Ermənistan protokolları gizlicə paraflanmışdı. Əgər o zaman Ərdoğan hökuməti “erməni açılımı”nın Türkiyə üçün birtərəfli güzəştlər hesabına başa gəlmədiyini göstərə bilmək üçün “soyqırım” məsələsinin tarix komissiyasında araşdırılacağını ortaya qoyurdusa, artıq bu arqument aradan qalxıb. Ermənilər nəinki bu iddialardan geri çəkilməyib, eyni zamanda daha da irəli gedib Türkiyəni yeni birtərəfli güzəştlərə məcbur etmək istəyirlər. Erməni layihəsi komitədən keçdi. Bəs sonra? Ermənilər “soyqırım” layihəsinin Xarici Əlaqələr Komitəsindən keçməsini bayram edir. Bəs bu səsvermə ABŞ-ın “erməni soyqırımı”nı tanıması mənasını verirmi? Əlbəttə, yox. Bu, 3 mərhələdən ibarət prosesin ilk və ən asan başa gələ bilən mərhələsidir. İndi layihə 435 üzvdən ibarət Nümayəndələr Palatasının ümumi yığıncağının gündəliyinə təqdim edilməlidir. Bunun nə zaman baş verəcəyi, ümumiyyətlə, baş verib-verməyəcəyi məlum deyil. Amma Nümayəndələr Palatasının spikeri və ABŞ-da dövlətin dördüncü şəxsi Nensi Pelosi əvvəldən erməni lobbisinə yaxın fiqur sayılır. Layihəni müzakirəyə çıxarıb-çıxarmamaq səlahiyyəti ona məxsusdur. Deməli, bu mərhələdə ABŞ administrasiyasının prosesi dayandırmaq imkanları daha genişdir. Çünki 46 üzvdən ibarət komitədə səsverməyə təsir etmək üçün bir yox, bir neçə adamla iş aparmaq lazım gəlirdi. İndi isə prezident Obama istəsə Pelosiyə zəng edib onu layihənin müzakirəyə çıxarılmasını təxirə salmağı istəyə bilər. Necə ki, bundan əvvəl prezident Corc Buş bunu edib.Bəs Obama bu zəngi etməsə, yaxud Pelosi israr edib erməni layihəsini səsverməyə çıxarsa necə? Bu halda layihə palata üzvlərinin sadə səs çoxluğu ilə keçməlidir. Hazırda Nümayəndələr Palatasının 200-ə yaxın üzvü erməni layihəsini onun altına imza atmaqla dəstəkləyir, deməli, erməni diasporu bir az da səy göstərsə, palata üzvlərinin yarıdan çoxunu ələ ala bilər.Lakin Türkiyə və türk lobbisi də boş dayanmayacaq. Əgər türk lobbi qrupları daha fəal işləsə, ermənilərin yeni dəstəkçilər qazanmasının qarşısı alına, layihəyə imza atanların bir hissəsi isə kənara çəkilə bilər. Deməli, bu mərhələdə layihəni keçirmək daha mürəkkəbdir. Əgər layihə Nümayəndələr Palatasında səsvermədən keçsə də bu, ABŞ-ın “erməni soyqırımı”nı tanıması mənasını verməyəcək. Bunun üçün eyni məzmunlu layihəni Konqresin yuxarı palatası - Senat da təsdiqləməlidir. Senatda qüvvələr nisbəti ermənilərin xeyrinədir, ancaq administrasiya işə qarışsa və Türkiyə önləyici tədbirlər görsə, vəziyyət dəyişə bilər. Lakin layihə Senatdan keçsə də bu, “soyqırım”ın tanınması olmayacaq. Çünki Konqresin qəbul etdiyi bu və ya digər qətnamələrin məcburi hüquqi qüvvəsi olmur, ancaq administrasiyaya tövsiyə xarakteri daşıyır. Yəni ermənilər üçün ən ideal variantda layihə hər iki palatada qəbul olunsa da administrasiyanın ona nə dərəcədə əməl etməsi əsas olacaq. Qətnamə layihəsində ABŞ prezidentinə müraciət edilir ki, hər il aprelin 24-də 1,5 milyon erməninin öldürülməsi haqda danışarkən “soyqırım” ifadəsini işlətsin. Deməli, bütün məsələlər sonda administrasiyanın və onun rəhbərinin mövqeyinə bağlı olacaq. Rəsmi Bakı da etiraz edir Azərbaycanın Prezident Administrasiyası da “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə layihəsini qəti şəkildə pisləyib. Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsizdir.“95 il əvvəlki hadisələri dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar araşdırmalıdır. Azərbaycan hökuməti Amerika konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və anti-türk mahiyyəti daşıdığını diqqətə çatdırır. Bu qərar həm də Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu, ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq” - deyə Əli Həsənov söyləyib.Ə.Həsənov inandığını bildirib ki, komitənin qəbul etdiyi bu qərar ABŞ Konqresinin Nümayəndələr Palatasında lazımi qiymətini alaraq geri qaytarılacaq və bu ədalətsiz məsuliyyət ABŞ hökumətinin üzərindən götürüləcək.musavat